Bir atası öldü, ikincini öldürdü, üçüncünü yaratdı– Nitsşeni Üstinsana aparan sirrlər

Bir atası öldü, ikincini öldürdü, üçüncünü yaratdı– Nitsşeni Üstinsana aparan sirrlər
  24 İyul 2015    Oxunub:6982
Şvartsman Quliyev
AzVision.az üçün

Bu yazı Nitsşenin nə tərifi, nə də tənqididir. Bu yazı qısaca “Nitsşenin üstinsan (übermenş) fəlsəfi terminin onun dahiyanə kəşfi, yoxsa öz travmalarına fəlsəfi maska geydirərək, gizlətmək cəhdi idi?” sualının cavabıdır.

Dindar atanın allahsız oğlu

Nitsşenin atası protestant keşişi idi. 5 yaşı olanda atası ölür. Sonra qardaşı da ölür. Və Nitsşe "qadınlar bazarı"na düşür. Nənəsi, dul anası, bacısı və subay xalaları ilə yaşamalı olur. Sonrakı illərdə bu, qadınlarla keçirdiyi həyat düşüncələrinə təsir edəcəkdi.

Atasız böyüyən Nitsşe "ata axtarışında" olur. Bir çox filosof və yazıçılardan təsirlənir. Xüsusilə stoiklərdən və Heraklitdən, Şopenhauer və Darvindən. Adətən atasız böyüyən uşaqlarda atalıq sevgisini kompensasiya edəcək biri lazım olur. Kiməsə sığınmaq və ideallaşdırmaq istəyirsən. Çünki psixoloji cəhətdən yanaşsaq, atamız Tanrının yer üzərindəki prototipidir. Yaxud kölgəsi. Tanrı da deyir, `mənəm haqlı, mənim sözüm qanundur`, atamız da. Atası ölüb və Nitsşe yeni "ATA" yaratmalıdır. Prototip ölübsə, birbaşa Tanrıya yönəlməliydi filosof. Amma bunu etmir.

Tanrının qatili

Gənc Nitsşe 18-20 yaşlarında tanrıya qarşı inancını itirir. Buna dindar atasının vaxtsız ölümü, oxuduğu kitablar səbəb olur. 1865-ci ildə 20 yaşı olarkən bacısı Elizabetə yazdığı məktubunda "rahat yaşamaq üçün inanmalı, həqiqəti tapmaq üçün sorğulamalısan" deyirdi. İlk dəfə isə "Şən Elm" adlı kitabında Tanrının ölümünü bir dəlinin dilindən elan edir: `Gott ist tot` (Tanrı öldü - alm.).

Bu, artıq o demək idi ki, Nitsşenin inanmağa və təsəlli tapmağa sığınacağı yoxdur. O, inanmağı yox, düşünməyi seçdi. Amma insan nəyəsə inanmalı və sevməlidir. Nitsşe itirilmiş inam və sevgi hissinin yerinə nəyisə qoymalı idi. Həyatında kişi obrazlarını itirmişdi. Atası balaca ikən ölmüş, Tanrını isə özü öldürmüşdü. Nitsşe bu çətin vəziyyətdən çıxmalı idi.

Qadınlarla bəxti gətirmir

Nitsşenin bacısı və anası dindar qadınlar idilər. Anası ilə münasibətləri yaxşı deyildi. Bir tərəfdən, Nitsşenin qadınlarla münasibəti Şopenhaueri xatırladır - Nitsşe gəncliyində onun fəlsəfəsindən çox təsirlənmişdi. Ailədəki qadınlarla münasibətindəki uğursuzluqlar onu fahişəxanaya aparıb çıxartdı. Sonradan həyatında ağıllı və gözəl qadının əksikliyini hiss edən Nitsşe Salome-yə aşiq olur. Gözəl dost münasibətləri olsa da, sonradan onun evlilik təklifi şairə qadın tərəfindən rədd edilir. Qadın Nitsşenin dostunu sevirmiş…

Əlbəttə ki, Nitsşenin qadın siyahısında Riçard Vaqnerin xanımı Kosima-ya qarşı məhəbbəti də uğursuz olur və qurulan dostluqları sonradan elə bir həddə çatır ki, Kosima Nitsşe haqqında "masturbasiya eləməkdən beyni çürümüş xəstə adam" sözlərini deyir.



Həyatı boyu qadınların yaşatdığı bu travmalar onun fəlsəfəsinə təsir edib. Atası uşaqkən ölmüş, Tanrının qatili olmuş, qadınlarla həyatı boyu bəxti gətirməyən, kitabları demək olar ki heç oxunmayan tərk edilmiş tənha filosofun bir çıxış yolu vardı: ÜBERMENŞ!

Übermenş-in yaranması

Bura qədər oxuduğunuz üçün təşəkkür edirəm. Elə əsas hissə burasıdır. "Übermensch" sözünün almancadan tərcümədə "insanüzəri, üst(ün)insan, fövqəlinsan, insanüstü" kimi mənaları var. İlk dəfə bu sözü qədim roma yazıçısı Lucian "hyperanthropos" (hyper-üst, üstün, anthropos -insan) kimi işlətmişdi.

Übermenş və hiperantropos sözləri, gördüyünüz kimi, eyni mənalı sözlərdir. Dəqiq deyə bilmərəm, Nitsşe bu sözü Lucian-dan götürüb ya yox, amma qədim yunan-roma ədəbiyyat və fəəsəfəsi bilicisi olan Nitsşe, çox güman, bu sözə rast gəlmişdi. Nitsşenin Zərdüştü hiperantropos - üstün insan idi. Onda sual yaranır ki, bəs Lucian üst insanı haradan götürüb və necə yaratmışdı?

Burda artıq mifologiyaya (əslində mitologia) gedib çıxırıq. Roma mifologiyasına yox, çünki Roma mifologiyası yunan mifologiyasının şəkil dəyişmiş kopyasıdır.

Ümumən yanaşanda, mifologiyada 3 cür insan mərhələsinə rast gəlinir: insanlar, yarıinsan-yarıtanrılar və tanrılar. İnsanlar adi xalqın nümayəndələri idilər, sənin-mənim kimi. Yarıinsan-yarıtanrılar isə hamımızın mifologiyadan yaxşı tanıdığımız Herakl, Axilles, Persey kimi qəhrəmanlardırlar. Çünki insan və tanrıların cinsi əlaqəsindən yaranmışdılar. Ölümlü insan idilər, amma tanrısal qeyri-adi gücə sahib idilər. Nə tam insan idilər, nə də tam tanrı.

Tanrılar məsələsi də aydındır, yəqin. Hər şey onalrın əlində idi, hər şey onların istədiyi kimi olmalıydı. Nitsşe bunları çox gözəl bilirdi. Elə Nitsşe fəlsəfəsində də bu cür 3-lük var: sürü, insan və üstinsan. Diqqət: insan, yarı-tanrı, tanrı. Nitsşe bu mərhələlərdə ciddi dəyişiklik elədi. Tanrını öldürmüşdü onsuz da. Tanrının yerinə yarı-tanrını (übermenşi) gətirdi. Niyə? Çünki Nitsşe bilirdi ki, əgər tanrı varsa, insan üstün olmayacaq, yüksələ bilməyəcək, dustaq, kölə qalacaq. Tanrı insan önündə barrikadadır. Tanrılar həmişə qısqanc və qəddar olublar və bilirdi ki, Tanrını aradan götürmək lazımdır, yoxsa übermenşi-yarı-tanrının yaşamağa imkanı olmayacaq. Tanrını öldürməklə üstün insanı yaratdı. Artıq insan özü Tanrı idi.



Mifologiya ilə Nitsşe fəlsəfəsini müqayisə etsək, mifologiyadakı adi insanlar, yəni xalq Nitsşedə sürü oldu. Tanrı öldüyünə görə yarı-tanrının yerini insan tutdu və yarı-tanrı da Tanrının yerini ələ keçirdi. Beləliklə, Nitsşe Tanrını taxtdan saldı. Yəni Nitsşe üçün tanrı fəlsəfə və insanlıq tarixinin palçıqlı ayaqqabıları altında qalıb toza döndü. İndi ÜBERMENŞ vardı. İndi Nitsşe inana və söykənə biləcəyi "atasını" tapmışdı. İki atası da ölmüşdü, 3-cü atasını özü yaratmışdı. Adı da Übermenş idi.

Əslində bunu yazmaqda məqsədim odur ki, kimsə etalon deyil. Nitsşe fəlsəfə tanrısı ola bilər, amma tanrı deyil, insandır. Onun da fəlsəfəsini formalaşdıran təkcə oxuduğu kitablar deyil, yaşadığı hadisələr, "travma"larıdır. Necə ki, Platon müəllimi Sokratın ölümündən təsirlənib, "Dövlət"i yaratdı; necə ki, Şopenhauerin anası ilə nifrət dolu münasibəti sonradan onu qadınların "monstr"ına çevirdi; və necə ki, Nitsşenin atasının vaxtsız ölümü onu "Übermenş"in yaradıcısı etdi. Artıq Nitsşenin kişixasiyyətli Übermenşi onun tanrısı idi. Nitsşedən soruşsan ki, xoşbəxtlik nədir? Deyəcək ki, üstün insan olmaq.

Çox uzatmadan bunu da qeyd edim ki, filosofların adi insanlardan fərqi odur ki, onlar travmalarını yaxşı gizlədə bilirlər, hətta ona fəlsəfə yükləyərək haqq qazandırmağı da bacarırlar. Bu da onların çıxış yoludur. Həyat elə bir labirintdir ki, hər kəs burdan çıxış yolu axtarır. Kimisi başqalarının yolunu izləyərək, kimisi də Nitsşe kimi öz yolunu yaradaraq.


Teqlər:  





Xəbər lenti