Azərbaycan səfirindən tanınmış müğənniyə sərt sözlər
AzVision.az-ın məlumatına görə, bu barədə `TASS`-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
P.Bülbüloğlu Kazarnovskayanın Azərbaycanın `qara siyahı`sına salınmasından da danışıb: `Müğənninin Dağlıq Qarabağa səfər etməsi barədə qərarı bütün beynəlxalq qaydaları pozur. Azərbaycan rəhbərliyi peşəsindən asılı olmayaraq, hər kəsə qarşı bu addımı atır`.
Səfir qeyd edib ki, tanınmayan ərazilərin ziyarət edilməsi yalnız müvafiq ölkənin rəhbərliyinin icazəsi ilə həyata keçirilir. Bu halda isə Dağlıq Qarabağ Ermənistan da daxil olmaqla heç bir ölkə tərəfindən tanınmayıb və həmin əraziyə səfərlər Azərbaycan rəhbərliyinin razılığı əsasında həyata keçirilməlidir.
Qeyd edək ki, iyulun ikisi məşhur opera müğənnisi Lyubov Kazarnovskaya bu günlərdə Azərbaycanın işğal altında olan torpaqlarında səfərdədir.
Səfər çərçivəsində müğənni, pedaqoq, professor “Dağlıq Qarabağ Respublikası”, Ermənistan və Rusiyadan olan istedadlar üçün master-klasslar keçib.
Opera müğənnisinin özü isə erməni KİV-nə müsahibəsində bəyan edib ki, dinləmələr gələcəkdə Qarabağda Opera Mərkəzinin yaradılması məqsədilə keçirilir.
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın mədəniyyət və gənclər nazirinin sözlərinə görə, müğənni Azərbaycanın qara siyahılarına baxmayaraq uzunmüddətli əməkdaşlığa hazırdır və müxtəlif tədbirlərdə iştirak etmək məqsədilə sentyabrda Qarabağa yenidən səfər etməyi planlaşdırır.
Eldar Tanrıverdiyev
AzVision.az