Britaniya kəşfiyyatından şok addım - yazışmalar ələ keçirildi
“Amnesty İnternational” Hökumət Rabitəsi Mərkəzi (ingiliscə “Government Communications Headquarters” və ya GCHQ adlanır) tərəfindən izlənib. Bu mərkəz Böyük Britaniyanın xüsusi xidmət orqanıdır. O, radioelektronika kəşfiyyatının həyata keçirilməsinə, hökumət orqanlarının və ordunun informasiya müdafiəsinin təmin olunmasına cavabdehdir.
“Biz 18 ay davam edən məhkəmə araşdırmalarından sonra nəhayət bunu təsdiq edə bilərik ki, artıq Britaniya xüsusi xidmət orqanlarının təqib predmetinə çevrilmişik. Bu da bizi hiddətləndirir. Çünki əvvəllər hesab olunurdu ki, belə şeylər yalnız despotik rejimlərə xasdır. Amma belə hallar indi Britaniya torpaqlarında da baş verir” - deyə “Amnesty İnternational”ın baş katibi Salil Şettinin bəyanatında bildirilir.
“Government Communications Headquarters”dən olan britaniyalı kəşfiyyatçılar “Amnesty İnternational”ın əməkdaşları arasındakı danışıq və yazışmaları ələ keçiriblər.
“Amnesty İnternational”ın Britaniyadakı siyasi şöbəsinin rəhbəri Alan Hoqart bəyan edib ki, izlənmə xəbəri təşkilatın London ofisinin əməkdaşlarını şoka salıb.
“Bizə cavab verilməlidir. Biz niyə izləndiyimizi bilməliyik. Bu, təkcə bizim təşkilata aid olan məsələ deyil. Hakimiyyətin belə addımları digər təşkilatlar və sadə insanlar üçün də təhlükə mənbəyidir. Hökumətin insanların şəxsi həyatına müdaxiləsi yolverilməzdir. İnsanların total izlənmə mühitinin ölkədə yaşaması risklidir” - deyə A.Hoqart bildirib.
O, Britaniya KİV-lərinə açıqlamasında deyib ki, insanlar kütləvi şəkildə izlənmənin nə dərəcədə təhlükəli olmasını hələ tam anlamırlar: “Siz hökumətin sizin barənizdə məhz hansı informasiyaları topladığını, həmin informasiyanı kiminlə bölüşdüyünü, ondan necə istifadə etdiyini bilmirsiniz. Edvard Snouden “Amnesty İnternational”ın son tədbirində çox yaxşı dedi ki, insanlar izlənmədən qorxmurlar. Çünki onlar elə hesab edir ki, gizlətməli heç nələri yoxdur. Lakin bu, düzgün deyil. Belə çıxır ki, əgər sən yaza bilmirsənsə, söz və mətbuat azadlığı da səndən ötrü əhəmiyyətsiz məsələdir?!”
“Amnesty İnternational”ın Avropa və Orta Asiya üzrə direktor müavini Qauli van Qulik öz növbəsində bildirib ki, təşkilat üçün əsas məsələ onun əməkdaşlarının şəxsi həyatının toxunulmazlığı və müdafiəsidir.
“Amnesty İnternational”ın ABŞ ofisinin direktoru Naurin Şah da bu izlənmədən narahat olduğunu bildirib: “Britaniya kəşfiyyatının topladığı məlumatları ABŞ hökumətinə verə biləcəyindən qorxuruq. Onlar Amerika hökumətinin insan haqlarını pozmasına dair sənəd və informasiyaları Vaşinqtona da verə bilərlər”.
Qeyd edək ki, Almaniyada da oxşar qalmaqal baş verib. Almaniyanın əks-kəşfiyyat xidməti (BND) “Sərhədsiz reportyorlar” hüquq müdafiə təşkilatının yazışmalarını ələ keçirib. Ələ keçirilən yazışmalarda Azərbaycana ünvanlanan xeyli məktub da vardı.
Teqlər: