“Azərcell”in keçmiş prezidentinə cinayət işi açıldı

“Azərcell”in keçmiş prezidentinə cinayət işi açıldı
  30 Aprel 2015    Oxunub:3607
Moldovanın hüquq-mühafizə orqanları baş nazir, “Azərcell”in keçmiş prezidenti Kiril Qaburiçin təhsil haqda sənədlərinin saxtalaşdırılması faktı üzrə cinayət işi qaldırıb.
Virtualaz.org saytı Moldova KİV-lərinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları Kiril Qaburiçin təhsil haqda sənədlərini yoxlayacaq.

Daxili işlər naziri Oleq Balan bildirib ki, baş nazir təhsil haqda sənədləri saxtalaşdırmaqda şübhəli bilinir və işlə bağlı toplanan materiallar prokurorluğa təqdim edilib.

Cinayət işi saxta sənədlərin hazırlanması, satışı və istifadəsi maddəsi üzrə qaldırılıb. Baş nazirin sənədlərinin saxta olması faktı üzrə araşdırma aparılması üçün Daxili İşlər Nazirliyinə Liberal Partiyasından olan deputatlar sorğu verib.



Kiril Qaburiç bu ilin əvvəllərində Moldovanın hakim koalisiyası tərəfindən baş nazir seçilib. Lakin onun hökumətə rəhbərlik etməyə başlamasından cəmi ay yarım sonra məlum olub ki, baş nazirin təhsil haqda bioqrafiyasında uyğunsuzluq var.

Qaburiçin bioqrafiyasını eşələyən jurnalistlər onun təhsil aldığı illərdə şübhəli “boşluq” aşkar ediblər.

Bu “boşluğun” izinə düşən jurnalistlər araşdırma aparıblar və məlum olub ki, Qaburiçin əslində tam orta təhsili yox imiş. Belə ki, 38 yaşlı baş nazir ancaq doğma kəndi Loqanşetıda 9-cu sinfi bitirib, yəni natamam orta təhsil alıb.

Bundan sonra jurnalistlərdə sual yaranıb: necə ola bilər ki, tam orta təhsili olmadığı halda Qaburiç ali məktəbə daxil olub?

Nəticədə baş nazirin ali təhsil haqda diplomunun da saxta olduğu haqda şübhələr yaranıb.

Bu məsələnin mətbuata çıxmasından sonra Moldova siyasi elitasında əsl çaxnaşma yaranıb. Baş nazirin işini polis araşdırmağa başlayıb.

Bioqrafiyasına görə, Qaburiç kənd məktəbindən sonra Kişinyovdakı mikroelektronika və hesablama texnikası kollecini bitirib, bu məktəbdən 1995-ci ildə məzun olub. Və 1997-ci ildə Moldova İqtisadi Biliklər Akademiyasını bitirib.

Qaburiçin “iqtisadçı” ixtisası üzrə ali təhsil diplomunu almasını təhsil naziri Mayya Sandu da izah edə bilməyib. Naziri bu qalmaqalla bağlı izahat vermək üçün parlamentə çağırsalar da o, müxalifətdən olan deputatların suallarına tutarlı cavablar verməyib.

İndi müxalifətdən olan deputat Valeriu Munyatnu baş nazirin sənədlərin saxta olması faktı üzrə cinayət işinin qaldırılmasını alqışlayır.

“Nəhayət ki, bizim səylərimiz nəticə verdi” -deyə deputat Baş Prokurorluğa yazdığı müraciətində bildirib.

Kiril Qaburiç 2012-2014-cü illərdə “Azercell”in prezidenti olub. Bundan əvvəl “Moldcell”ə rəhbərlik edib. O, Moldovanın keçmiş prezidenti, kommunistlərin lideri Vladimir Voroninə yaxın biznesmen hesab edilir. V.Voronin Azərbaycanın nəqliyyat nazirinin müavini, Dövlət Dəmir Yollarının keçmiş rəhbəri Musa Pənahovla qudadır.

Böyük ehtimalla bu qalmaqal Moldovanın qərbmeylli hakim koalisiyasını sarsıdacaq və Kiril Qaburiçin siyasi karyerasına son qoyacaq. Həm də bu, Moldovada son aylar yaranan yeganə ciddi siyasi qalmaqal deyil. Məlum olub ki, ötən ilin sonlarında - qərbmeylli partiyaların koalisiyasının hakimiyyətə gəlişi ərəfəsində Moldovanın dövlət büdcəsinin gəlirlərinə bərabər həcmdə -1 milyard dollara yaxın vəsait büdcədən yoxa çıxıb. Bu vəsait kredit adı altında bir neçə şirkətə verilib və daha sonra izi itib.

Moldova xəzinəsinin boşaldılmasının arxasında Rusiya kəşfiyyatının dayandığı haqda ehtimallar var. Rusiya Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalamış Moldovada qərbmeylli qüvvələri gözdən salmaq üçün və onların hökumətini devirmək üçün “hibrid müharibə” taktikasının elementlərini işə salıb.


Teqlər:





Xəbər lenti