Kolorado Senatından Azərbaycana dəstək
AzVision.az `AzərTac`-a istinadən xəb ər verir ki, təqdimatdan öncə senator Ləri Krauder çıxış edərək, təlatümlərlə dolu hazırkı dövrdə ABŞ-ın qlobal problemlərə qarşı təkbaşına mübarizə apara bilmədiyini, buna görə də öz müttəfiqlərini güclü şəkildə dəstəkləməli olduğunu vurğulayıb.
Sonra senator Krauder Azərbaycana dəstək ifadə olunan bəyanatı təqdim edib. Sənəddə son 20 il ərzində beynəlxalq terrorizmə, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə və insan alverinə, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə, enerji təhlükəsizliyinin təmini sahələrində Azərbaycanın ABŞ ilə sıx əməkdaşlıq etdiyi bildirilir.
Qeyd olunur ki, 11 sentyabr terror aktlarından sonra Azərbaycan ABŞ-a öz qeyd-şərtsiz dəstəyini göstərən ilk ölkələrdən biri olub, Əfqanıstandakı koalisiya qoşunları üçün hava məkanını və hava limanlarını açıb və öz əsgərlərini ABŞ hərbçiləri ilə çiyin-çiyinə döyüşmək üçün Əfqanıstana göndərib. Bildirilir ki, Kolorado ştatı ilə Azərbaycan arasında ticarət, mədəniyyət və təhsil mübadiləsi də daxil olmaqla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.
Qeyd edək ki, Koloradoya səfəri çərçivəsində baş konsul Nəsimi Ağayev Senatın və Nümayəndələr Palatasının aparıcı üzvləri ilə görüşlər keçirərək, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Görüşlərdə qanunvericilər ABŞ-a müxtəlif sahələrdə daim göstərdiyi köməyə görə Azərbaycana təşəkkürlərini bildiriblər.
ABŞ-dakı erməni lobbisi Kolorado ştatı Senatı tərəfindən Azərbaycana belə bir müsbət münasibətin və dəstəyin göstərilməsindən dərin narahatlıq keçirərək, bunun qarşısını almaq üçün ölkə səviyyəsində geniş kampaniyaya başlayaraq, senatorlara təzyiq edərək, Azərbaycana dair təqdimatın ləğv edilməsi istiqamətində aramsız səylər göstərmişdi. Ancaq bütün bunlara baxmayaraq, Senatın üzvləri Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdən geri çəkilməyib, ölkəmizə açıq dəstək nümayiş etdirərək, prinsipial mövqe sərgiləyiblər.
Teqlər: