`Heydər Əliyev Fondu olmasaydı...`- Yuli Qusman

`Heydər Əliyev Fondu olmasaydı...`- Yuli Qusman
  30 Yanvar 2015    Oxunub:1592
Rusiyada çıxan “Novıye izvestiya” qəzetində Azərbaycanın və Rusiyanın tanınmış rejissoru Yuli Qusmanın jurnalist Vesta Borovikovaya müsahibəsi dərc edilib.
Y.Qusman bu müsahibədə “Qorxma, mən səninləyəm! 1919” filminin çəkilişlərindən söhbət açaraq deyib: “Mən çox istəyirdim ki, bizim çəkiliş apardığımız bu dörd ay ərzində Bakıya gələnlərin hamısı (oraya Rusiyadan yüzə yaxın ən yaxşı kinematoqrafçı gəlmişdi) Polad Bülbüloğlunun vətənində özlərini xoşbəxt hiss etsinlər. İstəyirdim ki, indi həyatımızda bu qədər qıt olan bayram ab-havası yaransın. Bizim depressiyaya məruz qalmağımız üçün səbəb çoxdur. Ardı-arası kəsilmədən müharibələr gedir, dolların məzənnəsi tez-tez dəyişir. Mən bütün bunların fonunda sanki unudulmuş xeyirxahlıq, düzlük, sevgi, xalqlar dostluğu və ədalət anlayışları haqqında kino çəkmək istəyirdim. Bu sözlər mənim həyatımda çox böyük əhəmiyyət kəsb edir. Axı biz bu ruhda tərbiyə olunmuşuq ki, bu gözəl ölkədə hamımız birlikdə dost kimi yaşayırıq. Bu gün isə bu gözəl ölkədə hamımız bir-birimizlə dalaşırıq. Mənim filmimin əsas qayəsi belə idi – bütün bunları nizamlamağa çalışmaq. Mən özümü “puritan və sağlam həyat tərzinin təbliğatçısı” kimi göstərmək istəmirəm, lakin istəyirəm ki, mənə inansınlar: filmimin əsas hərəkətverici qüvvəsi bunu xatırlatmaq arzusu olub ki, biz nə qədər müxtəlif olsaq da, dostluq edə bilirik”.

Rejissor xüsusi vurğulayıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu olmasaydı, sadəcə, bu film olmazdı.

Y.Qusman deyib: “Ümumiyyətlə, bu layihə Rusiya ilə müştərək nəhəng layihə kimi başlandı. Lakin sonra Rusiya bu layihədən çıxdı. Məni bir fakt çox heyrətləndirir ki, keçmiş müttəfiq respublikaların yaxınlaşması, inkişafı və onların qarşılıqlı əlaqələrinin bərpası ilə məşğul olan təşkilatların çoxsaylı olmasına baxmayaraq, bu prosesdə səfehlik, demaqoqluq və israfçılıq var... Biz bu filmi spekulyativ niyyətlə çəkməmişik. Amma hər halda düşünürdüm ki, bizi medallar, ordenlər və “Lenin mükafatları” gözləyir. Əslində isə nəinki bunlar, ümumiyyətlə gözlədiklərimizin heç biri olmadı. Pul bizim fövqəladə əhəmiyyətli saydığımız məsələlərdən daha vacib oldu. Sovet hakimiyyəti dövründə də oğurlayırdılar, lakin bundan başqa bir iş də görməyə çalışırdılar. İndi isə yox. Mənə elə gəlir ki, biz özümüz içərisində yaşadığımız evi dağıdırıq. Halbuki onu məhv etmək əvəzinə yenidən qurmaq olar”.

Rejissor daha sonra vurğulayıb ki, bu filmdə çəkilmiş məşhur rusiyalı aktyorların təşəbbüskarlığı, xeyirxahlığı və insaniyyəti onu heyrətləndirib. Y.Qusman deyib:

“Dmitri Bıkov, Mixail Yefremov, daha kimlər gəldilər... Bu adamlar filmdə pul qazanmaq üçün yox, ideya xatirinə çəkildilər. Bu, vaxtı ilə mənim komsomol gəncliyim dövründəki artellərə oxşar, həmfikirlər komandası idi. O dövr təşəbbüskarların dövrü idi. Belə adamlar indi də var və yerlərdə bəzən bunu dəstəkləyirlər. Bilirsinizmi, ümumiyyətlə mənə elə gəlir ki, Sovet hakimiyyətinin dağılması ilə biz “çirkli su ilə bərabər, uşağı da tullamışıq”. Bu barədə düşünməyə dəyər. Biz uşaqlar üçün istirahət düşərgələrini, pulsuz tibbi xidməti ləğv etmişik... Düzdür, həmin tibbi xidmət miskin idi, aşağı səviyyədə idi, amma var idi. Bu barədə düşünməyə dəyər”. (AzərTAc)


Teqlər:





Xəbər lenti