Əl-Qaidəni CİA-ya satan ikiqat agent
İki fərqli dünyanın bir insanı. Bir cismdə iki şəxs və hər an ölüm təhlükəsi ilə üz-üzə... Söhbət radikal islamçıdan CİA (Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi) casusuna çevrilmiş və dünyanın ən gizli sirlərinin qapılarını açan ikiqat agent Morten Stormdan gedir. Onun həyatı xəfiyyə romanlarından ibarətdir. Storm, bu barədə özünün “Agent Storm: Əl-Qaidə və CİA-dakı həyatım” adlı kitabında yazır.
“Mənim müxtəlif adlarım vardı, hərə məni bir cür tanıyırdı, bəziləri üçün mən Morten Storm, digərləri üçün Murad Storm, kimisi üçün isə Abu Osama və ya Abu Mujahid idim”-deyə Əl-Qaidəni CIA-ya satan agent Storm ərəb və qərb dünyasının sirlərini açır.
“Əl-Qaidə liderlərinin etibarını qazanmışdım. Eyni zamanda həyat yoldaşımla Qərb kəşfiyyatına da işləyirdik. 5 il Əl-Qaidəyə işlədim sonra geri qayıtdım və ikili dünyada, iki ayrı adam kimi ateizmlə, islam arasında dolaşa-doloşa yaşamağa başladım. Ölüm hər yerdə məni izləyirdi, ağzımdan çıxan bircə yanlış söz həyatıma son qoya bilərdi. Mənim həyatım şizofreniyalı xəstələrin həyatına bənzəyirdi...” - Storm yazır.
Beləliklə, Storm, sirlərlə dolu səyahətinə Danimarkanın Korsor şəhərindən başlayır. Onun bu şəhərdəki xatirələri atası ilə bağlıdır. Özünün dediyinə görə, atasını kiçik yaşda itirən Stormun uşaqlığı çox çətin keçib. 12-13 yaşında silah oğurlayıb, dəfələrlə dava edib və hər dəfə də bu kimi hallar onun üçün adrenalin qaynağı olub. İçindəki aqressiyanı boşaltmaq üçün Storm boksla da məşğul olub, lakin bir köməyi olmayıb. 18 yaşını həbsxanada qeyd edən Storm, azadlığa çıxandan sonra biker dəstəsinə qoşulur və sonu heç də yaxşı olmayan həyatına davam edir. Ta ki, bir gün Korsor kitabxanasında Məhəmməd Peyğəmbərin həyatından bəhs edən bir kitab tapır. “Həmin kitab məni büsbütün dəyişdi. Onunla həqiqəti tapdım” –deyən Morten Storm, Murad Storm olmağa qərar verir. Yəmənə gedir, ərəb dilini öyrənir, islam qaydaları ilə yaşamağa başlayır.
Storm Osama bin Ladenin adını oğluna qoyur
Cihad dünyasına Stormun ilk səfəri Yəmənli bir mücahid haqqında film çəkmək istəyən Nəcib Kaya adlı danimarkalı jurnalistlə birgə baş tutur. Orada olararkən Storm Amerika əsilli Yəmən dini lideri Ənvər əl- Əvləki ilə tanış olur. Əl-Qaidənin Ərəb Yarımadasındakı sağ əli hesab edilən həmin dini lider ABŞ-ın əsas hədəflərindən biri olur.
“Onlar biri-biri ilə yaxın dost idilər, tez-tez Qərb ölkələrindəki keçmiş tərəfdaşlarını xatırlayıb zarafatlaşırdılar. Ən çox da cihad haqqında danışırdılar” - Kaya, Storm və Əl- Əvlakinin dostluğu barədə deyir.
Storm Somali mücahidlərinə qoşulmağa qərar verir, lakin son anda ona gələn zənglə rədd edildiyini anlayır. Vəziyyət getdikcə daha da gərginləşir. Bu, Stormu narahat etməyə başlayır, bir gün məyusluğunu internetdə paylaşmağa qərar verir.
“...Mən çox məyus və pərişanan. Özümü xəyanətkar kimi hiss edirəm yazdım və “enter” düyməsinə basdım. Gözüm islamla bağlı ziddiyyətli fikirlərə sataşdı. Bir müddət onları araşdırdım, nəticədə artıq müsəlman olmaq istəmədiyimi başa düşdüm”- Storm yazır. Lakin Əl-Qaidənin Somali qanadı tərəfindən nə üçün rədd edildiyinin səbəbini açıqlamır. Sonra o, Danimarka kəşfiyyatına müraciət edir və kim olduğunu, onlarla birlikdə çalışmaq istədiyini bildirir. Beləliklə terrorçu terrorla mübarizə aparmağa qərar verir. Bir müddət sonra Danimarka agenti Strom CIA-nın diqqətini çəkir.
Danimarka Kəşfiyyat Agentliyinin keçmiş rəhbəri, “PET” ləqəbli Hans Jorqen Bonniçisen onun haqqında deyir: “Heç şübhəsiz ki,o çox dəyərli agentdir və xidmətləri çox böyükdür. Əcdadı vikinqlər kimi iti gözlü Storm, tam CİA-nın axtardığı bir adam idi- Amerikaya işləyən Əl-qaidə adamı...”
Lakin CİA hər dəfə Stromun hekayəsi ilə bağlı səsləndirilən bu fikirləri danır. Danimarka kəşfiyyatı isə xüsusi agentlərinin söylədiklərini nə təsdiq, nə də inkar edirlər.
Əl-Qaidə Lideri və sarışın əməliyyatı
Əl- Əvlakinin xahişi ilə avropalı sarışın bir xanımı axtarıb tapmaqla Storm, həm Əl-qaidənin, həm də Amerikanın “sadiqlik testindən” keçir. O, müsəlmanlara görə adı Əminə olan İrena Horakı çox asanlıqla tələyə salır. Əl-Əvlakinin gözündə ucalan Stormun planı əslində ABŞ-ın tapşırığına əsasən İrena Horakdan yem kimi istifadə edərək Ənvər əl- Əvlakinin ozünü aradan götürmək idi. Məlumata görə, Əminəni əl-Əvlaki ilə internetlə tanış edən də elə Storm olur. Onun vasitəsilə bir xeyli yazışıb tanış olan Əvlaki Əminə ilə evlənmək qərarına gəlir.
Əminəni Yəmənə gətirməyin qarşılığında əl-Əvlaki, Storma 250 000 dollar verir. Həyat yoldaşına qovuşmaq üçün Yəmənə yola düşən Əminə isə çantasının içəsrisinə yerləşdirilmiş xüsusi izləmə cihazından tam xəbərsiz olur...
Çox keçmir Storm, həm əl-Əvlakidən, həm də Əminədən mesaj alır. Birinci yeni arvadından xeyli məmnun olduğunu, ikinci isə ərinin onun çantasını məcburən boşaltdırarkən izlənmə cihazı aşkar etdiyini yazır.
Bunu kitabında qeyd edən Storm CIA-nın qəzəbinə tuş gəldiyini bildirir: “Buna görə Amerikalılar məni 6 ay danışdırmadılar. Zənglərimə cavab vermədilər”.
Amerikanın susqunluğu çox çəkmir
Stormun sözlərinə görə, CIA demək olar ki, ələ keçirdiyi bütün Əl-qaidə liderlərini onun köməyi ilə tutub. O deyir ki, əl- Əvlakinin yeri barədə məlumat və ya onu öldürməyin müqabilində Amerika ona azı 5 milyon dollar vəd edib.
Nəhayət, 2011-ci ildə Amerika kəşfiyyatı əl-Əvalkinin izinə düşür və qırıcı təyyarədən endirilən zərbələr nəticəsində məhv edilir. Onun arvadı Əminə e-mail vasitəsilə Stormla əlaqə yaradır və kamikadze olmaq istədiyini bildirir. Bundan sonra CIA Əminənin təhlükə mənbəyi elan edir.
Storm təkidlə əl-Əvlakinin tapılmasının onun xidməti olduğunu iddia etsə də, CIA bunun rədd edir. Stormun otellərdən birində lentə aldığı səs yazısında bir amerikalı, terrorçu liderin tamamilə başqa əməliyyat nəticəsində tapıldığını bildirir. Beləliklə, Amerika Storma vəd etdiyi 5 milyon dolları ödəmir, üstəlik onun özünü borclu çıxarır. Onun CIA ilə əlaqələri pisləşir və nəticədə Storm həm CIA, həm də Danimarka Kəşfiyyat Agentliyi ilə iş birliyinə son qoyur.
Sonralar susmağının müqabilində Storm pul tələb etməyə başlayır. Stormun iddialarına görə Danimarka kəşfiyyat sakitliyinin qarşılığında ona hər beş ildən bir 1.5 kron ( 260 min dollar) verməyi təklif edib. Lakin PET dəfələrlə ona verdiyi vədləri pozduğuna, o cümlədən həyat yoldaşını Danimarkada daimi yaşayış qeydiyyatına düşməsinə kömək etmədiyinə görə, Storm təklifi rədd edib.
Agentlik “karyerası” bitəndən sonra Stormun həyatı təhlükə altına düşür. Daha onu pul yox, sağ qalmaq düşündürür. Bir zamanlar dost olduğu Əl-Qaidəçilər, islamçı qruplaşmalar onu ölümlə hədələyirlər. Hətta iş o yerə gətirib ki, İŞİD- də hər yerdə Stormu axtarır. Sosial şəbəkədə yayılan videoda İŞİD-in Suriyadakı mücahidlərindən biri Stormun şəklinə atəş açaraq onu öldürəcəklərini deyir.
“İŞİD-in əlinə keçsəm ya boynumu vurarlar, ya da başımı bəddənimdən qopardarlar. Məni tapsalar edam edərlər...”- deyə keçmiş agent bu gün də ölüm qorxusuyla yaşayır.
Səbinə Həsənova
AzVision.az