Mehriban Əliyeva Parisdə - Fotolar

Mehriban Əliyeva Parisdə - Fotolar
  18 Sentyabr 2014    Oxunub:2476
Sentyabrın 17-də UNESCO-nun mənzil qərargahına gələn Azərbaycanın birinci xanımı, qurumun xoşməramlı səfiri Mehriban Əliyeva əvvəlcə təşkilatın baş direktoru İrina Bokova ilə görüşüb.

Görüşdə Azərbaycan ilə UNESCO arasında həyata keçirilən layihələrin əhəmiyyətindən danışılıb. Qobustanla bağlı UNESCO-da baş tutan təqdimatın önəmi vurğulanıb. İkitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

“Qobustan kölgələri” baletinin nümayişindən öncə çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı bir daha salamlayıb. O, xalqımızın və dünya mədəni irsinin şah əsərlərindən olan Qobustanın UNESKO-dakı təqdimatından şad olduğunu, keçmişlə bu gün arasında mənəvi bağ olan bu baletin yaratdığı harmoniyanın ikitərəfli əməkdaşlıqda mühüm elementə çevrildiyini vurğulayıb.
Baş direktor Qobustan petroqliflərinin o dövr insanının danışan dili olduğunu və bu ünsiyyətin artıq ümumbəşəri sərvət kimi qəbul edildiyini bildirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqımızın milli sərvəti olan Qobustanın qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı ölkəmizdə bir çox işlərin görüldüyünü, layihələrin həyata keçirildiyini söyləyib. O deyib ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda inşa edilmiş muzeyin 2011-ci ilin dekabrında Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılması da bu məsələnin hər zaman aktual olmasından xəbər verir.

Nazir vurğulayıb ki, bu əsərin xaricdə ilk nümayişi 45 il öncə Parisdə olub və yenidən bu mövzuya Fransa paytaxtında qayıdılması buradakı sənətsevərlərə dəyərli töhfədir.
Sonra “Qobustan kölgələri” baleti nümayiş etdirilib.

Böyük Azərbaycan bəstəkarı Fərəc Qarayevin ölməz əsərlərindən olan “Qobustan kölgələri” baletinin musiqisində keçmiş ilə bu günün sintezi yeni baxımdan mənalandırılır. İlk dəfə 1969-cu ildə premyerası olan “Qobustan kölgələri” sonradan Paris, Nis, Luksemburq, Monte Karlo, Sankt-Peterburq, Kiyev və digər şəhərlərdə uğurla nümayiş olunub. Baleti maraqlı edən orda müasir insanın birdən-birə keçmişə dönüşü və burada canlanan kölgələrə onun gözləri ilə baxılmasıdır. Birpərdəli “Qobustan kölgələri” baleti orijinal quruluşa malikdir və dörd kiçik novelladan ibarətdir. Elm aləmi Qobustanla lap çoxdan tanış olsa da UNESCO ilə bu dünya əhəmiyyətli tarixi abidəni bir-birinə bağlayan tarix elə də uzaq keçmiş deyil. Qobustan 2007-ci ildə UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib və bu gün dünya mədəni irsinin şah əsərləri sırasındadır.
Xalqımızın milli sərvəti olan bu tarixi abidə hələ də dünya alimlərinin diqqətini cəlb edir. Hazırda Qobustanın dünya miqyasında təbliği ilə bağlı bir çox layihələr həyata keçirilir və bu məsələdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünyanın bir nömrəli mədəni təşkilatı olan UNESCO ilə əməkdaşlığa xüsusi önəm verir.

Ulu əcdadlarımızın məskəni olan Qobustan abidəsini dünya elmi üçün maraqlı edən əsas məqamlardan biri də burada insan həyatının təxminən eramızdan əvvəl onuncu minilliklərdən başlaması və XVIII əsrə qədər davam etməsidir. Qədim qobustanlıların hansı dildə danışmaları da elmdə mübahisə doğuran məsələlərdəndir. Lakin onlar miras qoyduqları təsvirlər vasitəsilə bu gün də özləri, yaşamları haqqında unikal məlumat verirlər. Bu baletdə cərəyan edən hadisələrdə qavaldaş da var. Qavaldaş qədim qobustanlıların böyük ixtirasıdır.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun və mədəniyyət və turizm nazirliyinin dəstəyi ilə Qobustanın UNESKO-dakı tanıtımı çərçivəsində qayaüstü rəsmlərin fotoşəkillərindən ibarət sərginin açılışı da olub. Mərasimdə çıxış edən UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Alfredo Perez də Qobustanın dünya mədəni irsindəki toxunulmaz yerindən və əhəmiyyətindən danışıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə diqqəti Qobustanın UNESCO - Azərbaycan əməkdaşlığındakı roluna çəkib. O, bu tarixi abidənin təşkilatın dünya irsi siyahısına salınmasının son dərəcə mühüm əhəmiyyət daşıdığını bildirib.

Sərgidə nümayiş olunan fotolardan da göründüyü kimi, qayaüstü rəsmlərin xeyli hissəsi yaşayış yerlərinin divarlarını təşkil edən iri qayalarda, bəzən də köhnə şəkillərin üstündən çəkilib. Qayalardakı təsvirlər ilk vaxtlarda təbii böyüklükdə çəkilən heyvan və insan rəsmləri ilə başlayaraq sonralar ara-sıra, gah sxematikləşdirilmiş, gah kiçildilmiş, gah da təsvir edilən heyvan və insanların öz ölçülərinə yaxınlaşdırılıb. Xətlərlə ifadə olunan rəsmlərdə heyvanların və insanların bədən quruluşundakı nisbətlər böyük məharətlə gözlənilib.
Beləliklə, qədim qayaüstü təsvirlər Azərbaycan insanının keçmişini dövrümüzə daşıyıb, müasir azərbaycanlıların ulu əcdadlarının min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini xalqımızın yaddaşından silinməyə qoymayıb və bəşəriyyətə dünya miqyaslı tarixi abidəni - Qobustanı bəxş edib.

Qalereya




Teqlər:  





Xəbər lenti