Dünya təhlükədə: Su müharibəsi başlayır
Bəs, gələcəyin su müharibələrinin hansı bölgələrdə baş verməsi proqnozlaşdırılır? Bu müharibələr hansı ölkələr arasında baş verə bilər?
AzVision.az xarici KİV-lərə istinadən gözlənilən müharibələrin ssenarilərini təqdim edir:
ABŞ-dakı Massaçuset Universitetinin apardığı araşdırmalara əsasən, gəlinən nəticə gələcəkdə su müharibələrinin qaçılmaz olmasını göstərir. Dünya əhalisinin 60%-dən çoxunun yaşadığı Asiya qitəsi istifadə oluna bilən suyun cəmi 36%-nə sahibdir. Digər tərəfdən dünya əhalisinin 6%-nin yaşadığı Cənubi Amerika isə bunun 26%-nə sahibdir. Yalnız Amazon çayı bütün dünyada istifadə oluna bilən suyun 15% həcmini özündə birləşdirir.
Dünya ekologiya təşkilatlarının verdiyi məlumata görə, 2025-ci ildə dünya əhalisinin 66%-i su problemindən əziyyət çəkəcək. Yaxın tarixi hesablasaq Yaxın Şərq və Amerikanın bəzi bölgələrində su probleminin başlanması gözlənilir. Su qaynaqlarının fərqli ölkələr tərəfindən fərqli paylaşıldığından su üstündə toqquşmaların çıxacağı ehtimal edilir. Bunlara Nil çayını və ABŞ-Kanada arasındakı bölgəni örnək kimi göstərə bilərik.
Su müharibələrinin başlanması ilə bağlı bir sıra proqnozlar mövcuddur. Bunlardan ən diqqət çəkəni isə dünya əhalisinin 5%-nə sahib olmasına baxmayaraq, cəmi 1%-lik su qaynaqlarına sahib olan Yaxın Şərqdir.
Həmişə neft üstündə müharibələrin yaşandığı Yaxın Şərqdə su müharibələrinin başlanması gözlənilir.
“UNESCO” ya görə, Yaxın Şərqdə su qaynaqları uğrunda çıxa biləcək müharibələrin proqnozu belədir:
Fərat və Dəcla çayı üçün Türkiyə, Suriya və İraq arasında müharibə çıxa bilər. Şeria çayı üstündə isə İordaniya , İsrail, Livan və Fələstin arasında anlaşılmazlıqlar var və bu məsələyə görə gələcək müharibənin çıxması qaçılmaz görünür. Afrikada isə Nil çayının suyuna sahib olmaqçün Misir, Efiopiya və Sudan arasında su müharibəsinə səbəb olacağı heç də uzaq tarixin ehtimalı deyil.
Orta Asiyada isə Aral gölü ətrafındakı çaylar və su qaynaqları Qazaxıstan, Türkmənistan, Tacikistan və Qırğızıstan arasında münasibətləri korlayacaq. Cənubi Asiyada Vular su anabarı ilə bağlı Hindistan-Pakistan münaqişəsi artıq başlanıb. Farraka anbarı üçün Hindistanla Banqladeş münasibətlərində artıq pozulma yaranıb. Mahakali çayı isə Hindistan və Nepal arasında əl bombasını xatırladır. Hər an bu bomba partlaya bilər. Cənub-Şərqi Asiyada Mekonq çayında su anbarları qurmağa çalışan Kamboca, Çin, Laos, Myanma, Tayland və Vyetnamın qarşı-qarşıya gəlməsi ehtimalı getdikcə daha da gerçəkləşir.
Cənubi Afrikada Botsvana və Nambiya bir neçə dəfə su ütsündə müharibə ərəfəsinə gəlib. Liviyanın istifadə etdiyi sularsa Əlcəzairi narahat edir. ABŞ və Meksika arasındakı Kolorado çayının bölüşdürülməsi problemi dinamit effektini xatırladır. Uruqvay, Argentina, Braziliya və Paraqvayı əhatə edən La-Palata hövzəsi Cənubi Amerikanın gələcək müharibə problemi kimi özünə yer alır. Tarix boyu su üstündə müharibələr, problemlər və bölgəsəl anlaşılmazlıqlar ortaya çıxıb. 1990-cı ildə Atatürk anbarının tikilməsi üçün qısa müddət Fərat çayının axını əngəlləndi. Suriya və İraq Türkiyəni protest etdi. Onlar bu su anbarının Trükiyənin müharibə silahı olduğunu iddia edirdilər. Yenə 1990-cı ildə Turqut Özal PKK-ya dəstək verməsi səbəbiylə Suriyaya xəbərdarlıq etdi və onun suyunu kəsməklə hədələdi. Bu il yaşanan olaylar da Suriya və Türkiyə arasında su təhdidinin yaşanacağı ehtimalını gözlər önünə gətirir. Meksikada su qaynaqları üzərindəki nəzarətlə əlaqədar olaraq yerli əhali arasında toqquşma baş verib. Nəticədə 100-dən artıq polis yaralanıb. 2014-cü ildə Suriya höküməti müxaliflərin Hələbdəki su anbarını bombaladığına görə ölkədə su böhranının yarandığını iddia edib. Krımın Rusiyaya birləşdirilməsindən sonra Ukraynanın Krıma gedən su qaynaqlarının qarşısını kəsdiyi iddia edilmişdi.
Nigeriyada isə fermerlərlə tarla sahibləri arasında çıxan qarşıdurmalar hərbi əməliyyat nəticəsində sona çatdı. Gürcüstan Rusiyanın sərhəddəki su qaynaqlarıyla tez-tez sabotaj etdİyini iddia edir.
Hazırladı: Emin Piri