Avropa Parlamentində Azərbaycanla bağlı hesabat dinlənilib

Avropa Parlamentində Azərbaycanla bağlı hesabat dinlənilib
  10 Sentyabr 2014    Oxunub:1583
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qadın hüquqlarının qorunması məsələsinin Azərbaycanın strateji imicinə təsiri" adlı layihə çərçivəsində Belçikanın Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa ekspertləri tərəfindən hazırlanan hesabat sentyabrın 9-da Brüsseldə təqdim olunub.

Təqdimatda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Məlahət İbrahimqızı, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rəna Mirzəzadə, Avropa Parlamentinin qadın üzvləri, Belçika Senatının fəxri spikeri Anne Mari Lizin, Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqanın prezidenti Anni Süjye, Azərbaycanın Belçika Krallığındakı səfirliyinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

AzVision.az-ın məlumatına görə, 50 səhifədən ibarət hesabat Azərbaycan qadınının bu gün ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakından bəhs edir.

Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü, qadın hüquq müdafiəçisi Culi Uord tədbiri açaraq Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində əldə edilən uğurlardan təsirləndiyini bildirib. "Azərbaycan Avropa Şərq Tərəfdaşlığı proqramının üzvüdür. Avropa İttifaqının insan hüquqlarının inkişafı üçün xüsusi alətləri var və bu alətlərdən biri də qadınların hüquqlarının müdafiəsidir", - Culi Uord deyib və əlavə edib ki, Azərbaycan bu alətlərdən istifadə edərək mövcud proqramları inkişaf etdirə və digər Şərq Tərəfdaşlığı ölkələri ilə təcrübəsini paylaşa bilər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev tədbirin təşkilatçılarına və hesabatın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edərək Şuranın fəaliyyəti haqqında ətraflı məlumat verib.

Azay Quliyev bildirib ki, QHT-lərə Dəstək Şurası hər il gender bərabərliyi, insan alveri, məcburi əmək və qadınlarla bağlı digər mövzularda 50-ə yaxın layihəni dəstəkləyir. Hesabat haqqında danışan Şura sədri qeyd edib ki, sənəddə göstərildiyi kimi, Azərbaycan qadınların bütün hüquq və azadlıqlarının qorunduğu dünyəvi və müasir bir dövlətdir.

Millət vəkili A. Quliyev qeyd edib ki, Azərbaycan qadınının cəmiyyətdə, eləcə də dövlət strukturlarında geniş şəkildə təmsil olunması böyük ictimai əhəmiyyətə malikdir. Şura sədri 1918-ci ildə Azərbaycanda qadınların səsvermə hüququna Belçika, Fransa və ABŞ kimi ölkələrdən əvvəl yiyələndiyini bildirib. A. Quliyev vurğulayıb ki, müasir zamanda da Azərbaycan hökuməti qadının cəmiyyətdə rolunu artırmaq üçün bütün lazımı tədbirləri görür.

A. Quliyev Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətini misal göstərərək bildirib ki, Azərbaycan qadını bu gün dövlət quruculuğunda xüsusi mövqe tutur.

Nitqinin sonunda Şura sədri Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə Azərbaycan qadınının zərər çəkdiyini, məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımız sırasında 300 minə yaxın qadının olduğunu dilə gətirib.

Azay Quliyev vurğulayıb ki, əsirlikdə olan və itkin düşmüş 4049 Azərbaycan vətəndaşı arasında 17 nəfər gənc qız, 247 qadın var. "Avropa İttifaqının Ukrayna böhranına reaksiyasını yaxından izləyirik. Avropa İttifaqı kimi biz də bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik. Eyni addımları və eyni dəstəyi Azərbaycana qarşı da görmək istəyirik", - deyə A. Quliyev çıxışını yekunlaşdırıb.

Sonra qadın hüquqlarının müdafiəsi və təbliğinə dəstək verən fransalı ekspert Patrisia Lalond və “Kişi Qadın Arasında Barabərlik Naminə Valloniya Sinerji” təşkilatının prezidenti, belçikalı ekspert Ren Marselis «Avropa Qonşuluğunda qadın hüquqlarının inkişafı: Azərbaycanın timsalında» adlı hesabatı təqdim edibllər. Bu il Azərbaycana səfər edən fakt araşdırıcı missiyanın üzvü xanım Lalond Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin, eləcə də ölkəmizin digər bölgələrindəki bu cür mərkəzlərinin fəaliyyətini müsbət qiymətləndirib. Patrisiya Lalond hökumətin bu sahədə gördüyü işləri sadalayaraq Azərbaycan qanunvericiliyində nikah yaş həddinin 17-dən 18-ə qaldırılmasını və məcburi nikahlara görə cəzaların sərtləşdirilməsini yaxşı addım kimi qiymətləndirib.

Təqdimatdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək Azərbaycanda qadın hüquqlarının təmin edilməsi istiqamətində dövlətin gördüyü işlərdən söhbət açıb. Komitə sədri bildirib ki, hökumət ölkədə gender bərabərliyinin gücləndirilməsi məqsədi ilə mühüm işlər görür və artıq bu sahədə ciddi irəliləyişlər var.

H. Hüseynova qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması hökumətin qadınlara olan diqqət və qayğısının bariz nümunəsidir. Rəhbərlik etdiyi qurumun yerli QHT-lərlə sıx əməkdaşlıq etdiyini deyən H. Hüseynova əlavə etdi ki, bölgələrdə tez-tez qadınlar üçün maarifləndirmə tədbirləri, təlimlər, dəyirmi masalar təşkil edilir.

Millət vəkili, Lider Qadınlar İctimai Birliyin təsisçisi Məlahət İbrahimqızı çıxış edərək Azərbaycanda gender siyasəti sahəsində həyata keçirilən işlərdən söz açdı. Millət vəkili Azərbaycanda qadınların qərar qəbuletmədə, parlament və bələdiyyələrdə artan rolundan danışıb.

Sonda hesabat və mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib.


Teqlər:  





Xəbər lenti