Düyü üzərində çəkən rəssam – MÜSAHİBƏ, FOTOLAR

Düyü üzərində çəkən rəssam – MÜSAHİBƏ, FOTOLAR
  22 Avqust 2014    Oxunub:7955
Türkiyənin tanınmış miniatur sənətçisi Hasan Kale ilə ilk tanışlığım sosial şəbəkədə paylaşılmış əsərlərilə başladı. Heyranlığım əvvəlcə haqqında olan bilgiləri toplamaqda davam etdi. Və elə o zaman özümə söz verdim ki, Türkiyəyə növbəti səfərim zamanı bu sənətkarı tapıb, müsahibə alacağam. Belə də oldu.

Düz 1 il sonra İstanbula səfərim zamanı Hasan Kaleni tapıb söhbətləşdik. Razılığını isə hələ getməmişdən əvvəl, Bakıda almışdım. Həm evi, həm də emalatxanası sayılan məkanda məmnuniyyət və səmimiyyət üzərində qurulmuş söhbətimizi oxucularla bölüşürəm.

- Söhbətimizə gəlin əvvəlcə, Hasan Kale kimdir sualı ilə başlayaq…

- Əslində ən çətin sualdan başladınız. Çünki, insanın özünü anlatması çox bərbad bir şeydir. Hasan Kale 5 yaşında rəng, fırça, rəsm eşqi ilə alışmış, sonra xəyallarını, hədəflərini yanına alıb yola çıxmışdı. Və indi sizin qarşınızda olan bir isim. İllərcə fərqli rəsm növlərilə maraqlanıb, sonradan - 80-ci illərdə miniatür sənətinə keçib. Fəqət miniatür sənətini öyrəndikdən sonra da sabahlara fərqli bir şeylər qoymaq üçün mikro-art sənətini seçib. Bu günə qədər də 250 sayda fərqli obyekt yaratmış dünyadakı tək insan. Hasan Kale budur.

- Mikro-art sənətinin tərifini necə verərdiniz?

- Miniatür sənətindən gəlmiş olmağıma rəğmən, mikro-artı seçməyimin səbəbi miniatür sənəti deyil. Çox kiçik obyektlər üzərində çalışdığımdan dolayı “mikro-art” deyə ortaq bir ad düşündüm. Mikro-art sənətinin fəlsəfəsində unutduğumuz, diqqət etmədiyimiz, heç önəmsəmədiyimiz hər şey, ayağınıza batan bir ayaqqabı mismarı belə bir anda sənət əsərinə çevrilə bilir. İçdiyimiz qəhvənin dənəsində, əncir toxumunda, iynə deşiyində, kəpənək qanadlarında və yüzlərlə bu kimi mikro-obyektin üzərində rəsmlər yarana bilir. Bir-iki obyekt istisna olmaqla, bütün dünyada hələ qədim zamanlardan düyü dənələri üstünlük təşkil edib. Amma 250 fərqli obyektə, Türkiyədə yaşamış Konya, Ankara, İstanbul, Bizans, Səlçuklu və digər mədəniyyətləri rəsmə çevirmək bir kimsənin asanlıqla edə biləcəyi bir şey deyil. Bu, çox böyük əmək, çox böyük səbr işidir. Uzun illər davam etdirmək isə tamamilə başqa bir əzm tələb edir. Və mən də bunları bacardığıma inanıram.

- Klassik miniatürdən mikro miniatür sənətə keçməyiniz dünyada tək olmaq iddiasından irəli gəldi, yoxsa...?

- Əslində çox gözəl bir sual verdiniz. Qədim dönəmlərdən qalma klassik miniatürü bu gün də təkrarlamağa davam edirdik. Onlar zatən ən gözəl nümunə olduğu üçün muzeylərdə, şəxsi kolleksiyalarda yer alır. Yanaşmada təkrarçılıq mənə tərs gəldi. Çünki, Tanrı mənə bir istedad vermişdi. İstedaddan da ziyadə çox yaxşı bir göz və bunların ikisini də dəyərləndirməyim üçün çox böyük bir ürək verdi. Və mən bunu ən yaxşı şəkildə etməli olduğuma inandım. Yoxsa hədəfim tək olmaq, “vauu, nələr edirmiş” eşitmək, ən kiçiyə və ya ən böyüyə çatmaq deyildi.

Dediyim kimi, unutduğumuz, diqqətsiz yanaşdığımız bapbalaca əncir toxumunun nə dərəcədə önəmli olduğunu anladıram. Kəpənəklərin qanadlarına rəsm çəkərkən onları gözəlləşdirməyə və ya çirkinləşdirməyə yox, onların bizə görə bir günlük həyatlarının, kəpənəklərə görə isə əslində böyük bir ömür olduğunu anlatmağa çalışıram. Tanrının nə qədər gözəl, ağıla gəlməyəcək şeyləri yarada bildiyini insanlara bir daha göstərməyə çalışıram. Yoxsa mənim həddim deyil yeni bir şeylər yaratmaq və ya “baxın, mən nələr yaradıram” demək. Mən sadəcə vasitəçiyəm.

- İlk mikro-art rəsminizi xatırlayırsınızmı?

- Mikro-artda ilk işim gecəyarısı saat 3-də ağlıma gəldi. Mən çox incə cizgilər çizə bildiyimi gördüm. Sonradan da “nə qədər kiçik ölçüdə çəkə bilərəm” sualına takıldım. Cavablamalı olduğum iki dənə sual vardı. Ya bu suala heç cavab verməyəcəkdim, ömrümün sonuna qədər “kaş ki, etsəydim” deyəcəkdim, ya da... Amma məsələni bir az şişirtdim və bu günlərə qədər gəldim. Çox kiçik obyektlər üzərində rəsm çəkməyə açığı gecənin o saatında çox cəsarət etmədim. Bir quru paxla üzərində İstanbulun rəsmini çəkdim. Çünki İstanbul bir eşqdir.

- Hər hansı bir uğursuz işiniz olubmu?

- Yox. Belə deyim. Üzməyi heç bacarmıram. Amma nəfəsimi, suyun altındakı insandan daha çox tuta bilirəm. Bunun səbəbi bu mikro-art rəsmlərini - obyektin üzərindəki qaşı, gözü, ya da məscidin minarəsini, qağayıları... çəkərkən “ah” çəkib nəfəs ala bilmərəm. Nəfəs alarkən çizgilər sürüşməyə başlayır. Qeyri-ixtiyari olaraq cizgiləri düzgün qoymalıyam. O üzdən bu uzunmüddətli bir prosesdir və obyektin kişik olması işin də tez bitəcəyi anlamına gəlmir.

Mikro-art əsərlərində detallar çoxdur. Bəlkə də bu işdəki avantajım, məni uğura aparan yol, əsərləri çəkərkən böyüdücü şüşə və mikroskop istifadə etmədən bu qədər detala nail olmağımdır. Və tək məqsədim, tək dərdim insanlara, yaxın beş, on il olmasa da gələcək yüz illər üçün Türkiyə, İstanbul adına yaxşı əsərlər qoymaqdır. Yoxsa, alqışlar-filan, “ən yaxşı”, dünyada tək olmaq məni maraqlandırmır.

- Sənətinizi, adınızı necə duyura bildiniz?

- Çox yaxşı bir cavahirat dizayneriyəm. Eyni zamanda mikro-art və böyük rəsmlərimlə də tanınıram. Krallar, kraliçalar, Hollivud məşhurları, Madonnasından tutmuş Adriana Limasına qədər, ölkə başçımız Abdullah Gül və xanımı, baş nazirimiz və xanımı, Səudiyyə krallığına gedən bir çox ləl-cəvahiratla yanaşı bu mikro əsərləri də hazırlayıram.

Bolqarıstanda çəkilən “Cənənnəm mələkləri - 3” filminin Hollivud məşhurlarına – Arnold Şvartsneqqer, Ceyson Statham, Silvestor Stallone, Uesli Snayps kimi filmdə baş rol alan bir çox məşhurları mikro-artla tanış etdik. İnanılmaz zövq aldılar. Burada həm ölkəni tanıtmaq, həm də İstanbulu tanıtmaq adına bu bizim üçün qururvericidir təbii ki.

- Sənət və sənətçi mühitini nəzərə almasaq, Türkiyənin sıravi vətəndaşları arasında yaradıcılığınızdan çox insan xəbərdar deyil. Sizcə, buna səbəb nədir?

- Şoumen Bəyazit Öztürk bir televiziya verilişində mənim haqqımda belə demişdi: “Türkiyədə tanınmayan, amma dünyadakı ən böyük sənətçilərdən biri”. Türkiyədə mikro-art sahəsinə girilməyincə, insanların tanımaması çox normaldır. Öz həyat qayələrindən, yaşam qaçhaqaçından vaxt tapıb maraqlanmaya bilərlər. Bunu çox düşünmürəm. Amma son zamanlarda dünya haqqında edilən xəbərlər, sizin kimi xaricdən gələn bir çox dostların televiziya proqramları sayəsində mikro-art sənətini, Türkiyəni, İstanbulu, Hasan Kaleni bütün dünyada azı 500 milyon insan tanıyır. Bu, çox önəmli bir şeydir. Yəni, Türkiyənin tanımasından ziyadə Sizin türk sənətçisi olaraq xarici ölkələrdə tanımağınız mənə görə daha çox keyflidir.

- İstanbul aşiqi olmağınız və əsrlərinizdə də bunu büruzə verməyiniz sırf məmləkət sevgisindən irəli gəlir, yoxsa...?

- İllər öncə İstanbula ilk gəldiyimdə, gördüyümdə, havasını udduğumda zatən aşiq olmuşdum. Aşiq olunmayacaq bir şəhər deyil. Yüz illər boyu İstanbulu bir çox sənətçi anlatmağa çalışdı, əlindən gəldiyi qədər və ya peşəsilə əlaqədar olaraq. Biz də anlatmağa çalışırıq, amma hələ tam anlaşılmadı, anlada bilməyəcəyik də. Bax, elə İstanbulun sirri burdan başlanır. Yəni, “daşı, torpağı qızıl” deyimində olduğu kimi hara baxsanız, tarixdir. Bizansı, Səlçuklusu, Osmanlısı, Ayasofyası, binaları və s.-nın fərqli mədəniyyətlərin içində birləşdiyini görməmək, aşiq olmamaq içdən deyil. O üzdən bu şəhəri yüz illər boyu çəksəm, çizsəm, vəsf etsəm belə, İstanbul eşqi bitməz, bitirə bilmərik. Nə qədər anlada bilərik, onu da bilmirəm. İstanbulu sıxlığı ilə, tıxacları ilə, keşməkeşliyi ilə sevdiyiniz zaman bu şəhər sizi içinə almağa başlayır. Sevmədiyiniz təqdirdə, uzaqlaşdırır. O üzdən İstanbulu mən də çox sevirəm.

- Sərgilərinizin sayını dəqiq bilirsinizmi?

- Sərgilərimin sayını unutmuşam. Çünki ölkədaxili və ölkəxarici olmaqla ildə ən az 4-5 dəfə sərgi keçiririk, istər mikro-art, istərsə də digər təsviri sənət əsərlərim. Təqribi hesablamalarıma görə, sərgilərimin sayı 50-ni keçib. Sərgilərimdə bəzən böyüdücülərlə gəzirlər. Yalnız mirko-art nümunələrindən ibarət sərgilər keçirdiyimiz zaman insanlar əvvəlcə “əsərlər hardadır?” deyə soruşmağa başlayırlar. Adı üstündə - “mikro” olduğu üçün görünmür. İzlədikləri zaman heç tanımadığım qonaqların simalarındakı təbəssümü görməyim yetər mənə.

- Azərbaycanda sərgi açmaq düşüncəniz, istəyiniz varmı?

- Var, mən bütün dünyanı gəzib sənətimi anlatmaq istəyirəm. Ekrandan izləməklə olmur. Ekranınız nə qədər böyükdürsə, bir düyü dənəsini və ya incir çəyirdəyini o qədər böyük görürsünüz. Amma yaxından gördüyünüzdə çaşqınlıq artmağa, “dəlidirmi bu?”, “psixopatmıdır bu?” deməyə başlayır. Mənim üçün bu kəlmələr əslində iltifatdır. Seyrçilərin öz çaşqınlığını ifadə edə biləcək cümlələr qurmaqda çətinliyini görmək isə işin ən keyfli və gözəl tərəfidir.

Digər tərəfdən, xarici ölkələrdə sərgilər açmaq niyyəti varsa, araşdırmalarımızı yaxşı etməliyik. Sərgi üçün doğru zaman və məkan seçilməli, insanlarla əlaqə yaratmaq çətinliyi nəzərə alınmalıdır. Amma dəvət gələndə bu işlər daha asan olur. Çünki, təşkilatçı tərəf bütün bunları bizdən daha yaxşı bilir. İnsanlarla əlaqəni təmin edə bilir. Biz sadəcə əsərlərimizi götürüb təyyarə ilə o məkana yollanırıq.

- Fondakı “İstanbul” əsəriniz neçə müddətə ərsəyə gəlib?

- Bu, əslində konsepsiyanın bir parçasıdır. Yəni, bunların kompozisiyası, ərsəyə gəlməsi zamanı uzana bilər. Amma mən nə kiçik, nə də böyük əsərlərimdə heç vaxt müddətə diqqət yönəltmədim. Etməli olduğumu etdim, bu, istər bir gün çəksin, istərsə də üç ay. Önəmli olan nəticədir. Çünki, əsərə yansıtdığım duyğumu, fikrimi qarşı tərəfə ötürə bilirəmsə, məncə, müddəti tamamdır.

- Ən çətin hazırlanan mikro-art işiniz hansıdır?

- Hamısı. Bir qəhvə dənəsini əlinizə aldığınızda havanın ortamından - istilikdən, soyuqluqdan, rütubətdən, nəmdən asılı olaraq çox qısa zaman ərzində artıq əriməyə, dağılmağa başlar. Bunların üzərinə heç dağıtmadan rəsm çəkə bilmək çox çətindir. Yediyiniz incir çəyirdəyində, incirdə “çıtır-çıtır” səslər gəldiyində, hər çıtırın üzərinə, iynənin deşiyinə İstanbulu əks elətdirmək çətindir. Balıq yediyinizdə dişinizin arasına ilişən qılçığın üzərində, Boğaziçində balıq tutan balıqçıları gördüyünüzdə təəccüblənməmək mümkün deyil. Bunu çəkmək də çətindir. Tez əriyən, sərt, boyayı əmməyən bir çox fərqli materiallar var ki, o da ayrı bir çətinlik yaradır.

Bir də mikroskop və böyüdücü istifadə etmədən ora görüb rəsm çəkmək də bir başqa çətinlikdir. Amma çətinlikdən dolayı sənətimdən əl çəkəcək deyiləm. Əksinə, bundan kef alıram. Mikro-artların fəlsəfəsində yeni bir pəncərə açmaq, yeni bir nəzər nöqtəsi gətirmək, heç tanımadığımız insanlarla da yeni ünsiyyət, danışıq dili yaratmaq məni çox xoşbəxt edir. Sizinlə mənim indi danışdığımız kimi. Bütün dünyadakı bütün dostlarımla mən belə danışıram. O üzdən mikro-art öz vəzifəsini, mən də bir vasitəçi olaraq bu dünyadakı vəzifəmi yerinə yetirirəm.

- Ən bahalı əsərinizi kim satın alıb, sirr deyilsə?

- Alıcılarımın çoxusu adlarının, kimliklərinin bilinməsini istəmirlər. Əsərlərimin hər biri kolleksiya parçası olduğundan həm ölkə daxilindən, həm də xaricdən əsasən kolleksiyaçılar, dövlət adamları, holdinq sahibləri alırlar. Çünki, mikro-art sənəti fərqindəlik və fərqlilik yaradır. Digər alternativlər – kətan üzərində yağlı boya ilə çəkilmiş böyük əsərlər ola bilər. Yəni, rəsm əsəri seçimində tərzdən tərzə keçə bilir. Lakin mikro-artda görülməyən, olmayan bir şeyin əldə etməyin həzzini yaşayırlar. Yəni, böyük rəsmlərdə olduğu kimi mikro əsərin qarşısına keçib qəhvəsini qurtumlaya bilmir. Daha yaxından, böyüdücülərlə baxması lazımdır. Dünyada bu işi məndən başqa görən olmayınca da, mikro-art əsərinə sahiblənmək onlara ayrı bir zövq verir.

Bu səbəbdən mikro-art sənətinə tələbat var. Digər tərəfdən, təqlid edənlərə, bənzətməyə, hətta eynisini nüsxələməyə çalışanlara rəğmən başqa birisi mənim qədər uğurlu ola bilirmi? Məncə, çətin. Çünki, bu bir eşqdir. Son 20 ildir məhz bu işlə məşğulam. Ölkəmi, İstanbulu çox yaxşı tanıdıram və tanıtmağa davam edəcəyəm.

- Mikro-art əsərlərinizin mövzusu, ideyası necə yaranır?

- (içində qurudulmuş arı olan balaca qutunu göstərərək - S.B.) Bu arı 8 aydır növbəsini, zamanını gözləyir. Nə olacağını bilmirəm, heç bir şəkildə də düşünmürəm. Arı gözümün önündədir, hər gecə görürəm, hər gecə baxıram. Möhtəşəm bir arıdır. Mən həyatımda bu qədər gözəl, bu duruşda, bu qədər estetik bir arı görməmişəm. Amma elə bir şey olacaq ki, hər kəs bayılacaq. Qanadlarına, burnuna elə bir rəsm çəkiləcək ki, anlatamam sizə. Amma hələ zamanı var.

Bilmirəm, buna ilham deyirlər, ya doğru zaman deyirlər... Mən buna hər gecə baxıb zövq alıram, kef yaşayıram. Sonra anidən bir şey olur, bu arı gəlir masama (arı olan qutunu masanın bir tərəfindən götürüb qarşısına qoyur-S.B.) və başlanır. Qapanıram, bir gün, iki gün, üç gün, bir həftə, on gün, iki ay... Bitir. Və möhtəşəm bir əsər ortaya çıxır. “Yaradıram” demirəm. Çünki, Tanrının əzəldən gözəl yaratdığı varlığı yenidən yaratmaq gücündə, iqtidarında deyiləm, mən bu gözəlliyi başqa bir dil ilə anladıram sadəcə. Mənim çəkdiyim iki dənə çizgi, Tanrının gücü yanında heç bir şey deyil.

- Ən bahalı əsərinizin qiyməti neçəyədir?

- Düzü heç xatırlamıram, çünki mən pula takıntılı deyiləm. Baxın, əgər birisi, bu gənc və ya yaşlı ola bilər, qadın və ya kişi, fərq etmir, əsərə sevgi dolu gözlərlər baxar, digər tərəfdə də buna pul vermək istəyən birisi elə tərs baxar ki, para verib tərs baxmasına rəğmən, ala bilməz. Pulu olmayan, amma sevgi dolu gözlərlə baxan birisinə əsər bükülür və qoltuğunun altına qoyulub yola salınır. İndi mən puldan necə danışım?

- Böyüdücüsüz, mikroskopsuz işləmək Sizə çətin deyil ki?

- Mən heç yaxını görmürəm. Doktorumun verdiyi bir eynək var. Amma işimi eynəksiz, çılpaq gözlə edirəm. Bu da bir üstünlükdür. Doktorum mənə tək bir şey söylədi: “Bu illər boyunca bu qədər işləri edərkən göz əzələlərini o qədər yaxşı çalışdırmısan ki, uzağı görmək istəyəndə uzağı görürsən, yaxını görmək istəyəndə də yaxını. Bu, super bir şeydir”. Bizim işimiz sadəcə baxmaq və görmək deyil. İşimə fokuslandığım zaman obyektdəki hər şeyi görə bilirəm. Doktorun sözündən sonra mən fokus nöqtəsinin pis bir şey olduğunu zənn edirdim, amma doktorun sözündən sonra “aa, nə qədər gözəl, doğru etmişəm” dedim öz-özümə.

- Mikro əsərlərinizin sayını dəqiq bilirsinizmi?

- Sayını unutdum, amma çox oldu. Kolleksiyaya gedənlər də var, burda olanlar da. Arxanızda, yuxarıda görünən çərçivələr, masanın üstündəki qutular... Asan deyil, 20 ilin məhsulundan bəhs edirik.

- Əksər rəssamlar eyni əsəri ikinci dəfə çəkmirlər. Dolayısı ilə çəkdiklərini də satmağa qıymırlar...

- İkincisini mən də çəkmirəm. Amma satıram. Çünki, satmazsam, əsər olması gərəkən yerə getməzsə, yenisini necə edəcəyəm? Mən hər gecə paxlalara, düyülərə baxaraq “ay, nə qədər gözəl mikrolarım” var deyib, onlara “sarılıb yatmaq” istəmərəm. Gedəcək ki, onun bir sənət olduğunu anlada bilim. Onlar da başqalarına anladacaqlar. Yoxsa hamısı məndə olduğu müddətcə... Özümə saxlayıramsa, bax, o zaman sizin dediyiniz kimi tək olmaq iddiası yaranar. Belə bir şey yoxdur.

- Tələbələriniz varmı?

- Mənim dünyada tək olmaq kimi bir iddiam yoxdur. Amma məsələ belədir. Tələbə gəncdirsə, qəbul edəcəyəm, əks halda yox. Yəni, 50 yaşında bir tələbə götürməyəcəyəm. Mən 50 yaşındayam. 50 yaşından sonra nə verəcəyəm, nə öyrədəcəyəm, bu zaman kəsimində nə yaradacaq bizə? Mikro-artda məqsəd, gələcək üçün bir şeylər qoymaqdırsa, gənc tələbə yetişdirmək lazımdır. Bunun da bir sıra kriteriyaları var. Gənc tələbəyə mikro-art sənətinin texniki tərəflərini öyrədərəm. Amma ondan Hasan Kale yaratmaq istəmirəm. Mənim onlardan Əhmədlər, Ayşələr, Fatmalar yaratmalıyam. Yəni, onların öz çizgilərini yaratdırmalıyam. O zaman mən yaxşı bir şey etmiş olaram. Yoxsa, Hasan Kaledən daha beş nəfər etməyin bir mənası yoxdur.

Təəssüf ki, indi hər kəs Hasan Kale olmaq istəyir. Ona görə də “dayan” deməliyəm. Hasan Kale olmaq istəyirsən? Amma sən Ayşəsən, sən Mustafasan, sən Əlisən... Əli kimi rəsm çəkməyin lazımdır. Onun bir fəlsəfəsi olmalıdır. Çünki, Hasan Kalenin necə yaşaması, nə etməsi, nə ilə bəslənməsi, həyata baxışı fərqlidir. Əlinin, Mehmetin, Ayşənin də həyata baxışları, aldığı təhsil, seçdikləri yol, cığır, hədəfləri fərqlidir. Necə Hasan Kale ola biləcəklər? O üzdən bunları “təmizləyirəm”. Bəli, mən Ayşə kimi rəsm çəkmək və ya mikro-artla maraqlanmaq istəyirəm, amma Ayşə “bu cizgim var, bu yöndə irəliləmək istəyirəm” dediyi zaman, tamamdır. O zaman tələbəm olaraq qəbul edəcəyəm. Amma Hasan Kale kimi düyü üzərində rəsm çəkəcəyəm deyərsə, qəbul etməyəcəyəm.

İstəyirlər mənə “eqoist” desinlər, hirslənsinlər, küfr etsinlər, fikir vermirəm. Bəlli bir yaşa, yetkinliyə çatmış, illərini bu işlərin içində tükətmiş biri olaraq mənim zaman itkilərinə dözümüm yoxdur. Yetəri qədər zaman itirmişəm. Çünki, həyatımda heç ustadım olmadı. Kimsə mənə bir şey öyrətmədi. Bunun nə demək olduğunu çox yaxşı bilirəm. Bir də tələbə məndən az işləyərsə, mən o tələbə ilə çalışa bilmərəm. Mən bu günə qədər bütün tələbələrdən daha çox çalışdım. İndi mənəm tələbə, ya onlar?! Mən öyrənəcəyəm, ya onlar öyrənəcək?!

Mən zatən öyrənməyə açıq birisi olaraq işimə hər gün yeni bir şeylər qatıram. Amma o sadəcə dərsdə bir şeylər edib, sonra da “lay-lay-lom” deyə gəzib-tozub çalışmayacaqsa, mənim tələbəm ola bilməz.

- Bu sənətə yiyələnmək üçün istedad və çalışqanlıqdan başqa, daha hansı keyfiyyətlərə malik olmaq lazımdır?

- Əvvəla sevəcək. Bunun bir eşq, bir sənət olduğunu ürəyinə qoyacaq. Bunun pul qazandırmadığını biləcək. İndiki gənclər, bütün dünyada belədir, daha keyfiyyətli telefonlar, daha keyfiyyətli libaslar, daha bahalı, marka şeylər geymək istəyi üzrə sanki proqramlanıblar. Gənclər universitetdən məzun olduqları andan etibarən yüksək maaşlı bir işə girib, çox pul qazanıb lüks yaşamaq istəyirlər. Olsun, bu onların haqqıdır. Mən də istəyirəm. Amma belə bir dünya yoxdur. Bu sənətdə o istəklər keçməz. Bu sənətə gəliş uzunmüddətli yol istəyir. İməkləmədən yerimək olmaz.

- Sadaladığınız bütün keyfiyyətlərə sahib tələbə olarsa, ona ödənişsiz ustadlıq edırsinizmi?

- Elə birisi çıxsın, görərsiniz. O başqa şeydir. Məni Türkiyədə tanıyan dostlar, arxadaşlar yaxşı tanıyırlar. Mənim 30 ildir pul danışmadığımı da çox yaxşı bilirlər. Heç bir şəkildə danışmıram.

- Övladlarınızdan kimsə sənət yolunuzu davam etdirirmi?

- Həyatın boyunca, övladlarım daxil olmaqla bir həvəs hiss etmədiyim zaman tələbəm olamazlar. Zorla öyrətmək kimi də bir dərdim əsla yoxdur. Az öncə söylədiyim kimi zaman itkilərinə dözümlü deyiləm. İçindən gələcək, istəyəcək, o zaman sonuna qədər öyrədərəm. İçindən gəlmirsə, istəmirsə, mənim öyrətməyimlə olacaq işlər deyil.

- Azərbaycan incəsənəti barədə düşüncələrinizi bilmək maraqlı olardı...

- Bütün dünyada, ölkəmizdə də olduğu kimi hər keçən gün daha irəliyə gedən və bir sıra gəncin aldığı təhsil, gördüyü şeylərdən dolayı miniatürdə, rəsmdə, musiqidə, heykəldə hər zaman irəliləyici işlər var. Azərbaycanda da elədir. Bir dönəm miniatür çalışmalarım zamanı ordakı miniatürlərdən təsirlənmişdim. Və artıq “sənət” dediyimiz şey universal olmağa başladı. Bütün dünyaya xitab etmək məcburiyyətindədir. Sadəcə ölkə hüquqlarında tanınmaqla deyil. Azərbaycanın da bu inkişaf içində olduğunu bilirəm. Bir gün orda sərgi açdığımda Azərbaycan sənətinin çox daha yaxından görmək, izləmək, ordakı sənətçi dostlarla tanış olmaq mənə çox böyük zövq verəcək.

Epiloq əvəzi...

- Sizlərin aranıza gəldiyimdə mütləq tanışmaq istəyirəm. Burdan da Azvision.az kollektivinə sevgilərimi, sayqılarımı göndərirəm. Çox, çox təşəkkür edirəm hər kəsə. Məni inanılmaz keyfli bir çəkimlə bir araya gətirdiniz. Bakıdakı dostlara, bura qədər gəldiniz, ayaqlarınıza sağlıq, ürəklərinizə sağlıq, sevgilər, sayqılar, salamlar göndərirəm sizə. Görüşmək üzrə deyirəm.

Sevdacan Babayeva / İstanbul
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti