Kadırov Obamanı Çeçenistana buraxmayacaq

Kadırov Obamanı Çeçenistana buraxmayacaq
  28 İyul 2014    Oxunub:1199
Çeçenistana səfər etmək ABŞ prezidentinin ən uzaq planlarında olmasa da, Kremlin burada qurduğu hökumətin başçısı Ramzan Kadırov Barack Obamanın öz ölkəsinə səfərlərinə embarqo qoyub.
Çeçenistan prezidenti bununla bağlı verdiyi bəyanatda ABŞ-ı və Avropa İttifaqını “dövlət terrorizmində” ittiham edir.

Obama ilə yanaşı Avropa İttifaqının daha üç liderinin Çeçenistan ərazisinə səfərlərinə qadağa qoyulub.

Kadırov “qara siyahısına” həmçinin Avropa Birliyinin rəhbərləri - Joze Manuel Barroso, Herbert van Rompuy və Caterine Aşton daxil edilib.

Beləliklə, Ukrayna böhranına görə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına Moskvadan əvvəl Qroznı cavab verib.

Çeçenistan başçısı özünün İnstagram hesabında yazır ki, qadağanlar ABŞ və Aİ-nin Ukrayna, Liviya, Suriya, İraq və Əfqanıstanda həyata keçirdiklləri “dövlət terroru”na cavabdır.

Şənbə günü Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın Ukrayna böhranındakı mövqeyini kəskin tənqid edən bəyanat verib.

Bəyanatda deyilir ki, ABŞ Kiyevi Ukraynanın rusdilli əhalisinə qarşı repressiyalara sövq edən siyasətini davam etdirir.

Moskva həmçinin bildirir ki, Ukrayna böhranına görə müəyyən mənada Obama administrasiyası da məsuliyyət daşıyır.

Bu ilin yazında Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edəndə ABŞ Rusiyanın böyük şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Sonrakı aylarda sanksiyalar daha da sərtləşdirilib.

Avropa Birliyi də bugünlərdə Ukraynada Rusiya yönümlü separatçıların nəzarətində olan ərazilərdən Malayziyanın sərnişin təyyarəsinin vurulmasından sonra Rusiya şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb (azadliq.org).


Teqlər:





Xəbər lenti