Azərbaycan Küveytdə “Dünya Xalqları Forumu”nda təmsil olunub

Azərbaycan Küveytdə “Dünya Xalqları Forumu”nda təmsil olunub
  16 Fevral 2025    Oxunub:1017
Fevralın 15-də Küveytdə Küveyt Universiteti və UNESCO-nun birgə təşkilatçılığı ilə “Dünya Xalqları Forumu” adlı mədəni tədbir keçirilib.
AzVision.az Azərbaycanın Küveytdəki səfirliyinə istinadla xəbər verir ki, tədbirdə 20-dən çox ölkənin Küveyt Dövlətində akkreditə olunmuş səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində ölkələrin tarixini, adət-ənənələrini, milli geyimlərini, xalçalarını, musiqisini, mədəni irsini, turizm potensialını və milli mətbəxini əks etdirən geniş sərgi təşkil olunub.

Azərbaycanın Küveytdəki səfirliyinin və bu ölkədə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə sərgidə Azərbaycan guşəsi qurulub. Tədbir iştirakçılarına ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, milli geyimləri, xalçaçılıq sənəti, turizm potensialı barədə, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa və quruculuq işləri və orada keçirilən mədəni tədbirlər haqqında ətraflı məlumat verilib, çap materialları paylanılıb.

Bununla yanaşı, səfirliyin dəstəyi ilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” kitabı, Şuşa şəhərinin mədəniyyət abidələrini, tarixi binalarını, kulinariyasını, füsunkar təbiətini, işğaldan azad edildikdən sonra aparılan bərpa və quruculuq işlərini və orada keçirilən mədəni tədbirləri əks etdirən kitabça, habelə şəhərlə bağlı “İrs” jurnalının xüsusi buraxılışı, “Xarıbülbül” festivalına həsr olunmuş tədbirlərə aid digər təbliğat materialları iştirakçılara təqdim edilib.

Sərgidə, həmçinin ölkəmizin tarixi və müasir mədəniyyət abidələrini, gəzməli və görməli yerlərini, tarixi məkanlarını və milli-mənəvi dəyərlərini əks etdirən broşürlər nümayiş olunub.

Tədbirdə Küveyt Universitetində təhsil alan tələbələrimiz milli geyimlərimizdə rəqslərimizi təqdim ediblər. Onların rəqsləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda, sərgiyə gələnlər Azərbaycan mətbəxinə aid yeməklərin və şirniyyatların dadına baxıblar. Sərgini universitetin müəllim-tələbə heyəti ilə yanaşı, Küveyt ictimaiyyətinin nümayəndələri də ziyarət ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti