Qarabağ münaqişəsi Almaniyada
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir “AvroKaukAsiya” Cəmiyyəti və Humboldt Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının 2011-ci ildə təməlini qoyduğu “Qarabağ dialoqu” layihəsi çərçivəsində baş tutub. Hazırda dünyanın müxtəlif bölgələrində “dondurulmuş münaqişələr”in işıqlandırılmasında medianın rolu, obyektivlik və stereotiplərdən kənara çıxmaq məsələləri tədbirdə əsas müzakirə mövzusu olub.
Layihənin may ayında təşkil olunmuş birinci hissəsində “Şpiqel”, “Zayt”, ”FAZ”, “Noye Doyçland (ND)” qəzetlərində Dağlıq Qarabağ münaqişəsini işıqlandıran materialların təhlili və çıxarılan nəticə haqda məlumat verilib. Bu dəfə isə çıxarılmış nəticələr əsasında daha geniş və dərin fikir mübadiləsi aparılıb. Həmin qəzetlərdə Dağlıq Qarabağ münaqişəsini işıqlandıran məqalələrin təhlilini professor Eva Mariya Aux, doktor Rasim Mirzəyev və kafedranın digər elmi əməkdaşları Həsən Əli Yıldırım, Nərgiz Abdullayeva, Yuliane Kose təqdim ediblər. Çıxışlardan sonra elmi işçilər, siyasətçilər, media ekspertləri, müxbirlər, tələbələr mövzu ilə bağlı müzakirələr aparıblar.
Tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, diaspor təşkilatlarının nümayəndələri, Alman ictimaiyyətinin təmsilçiləri, Humboldt Universitetinin professor-tələbə heyəti iştirak ediblər.