Dünya Bankı Ermənistana 1,7 milyard dollar ayıracaq

   Dünya Bankı Ermənistana    1,7 milyard dollar    ayıracaq
  24 Yanvar 2025    Oxunub:400
Dünya Bankı Qrupunun İcraçı Direktorlar Şurası Ermənistan üçün yeni beşillik tərəfdaşlıq çərçivəsi proqramını təsdiqləyib. Bu proqram çərçivəsində Ermənistana 1,7 milyard ABŞ dolları ayrılması nəzərdə tutulub.
AzVision.az Dünya Bankının (DB) mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, proqramın məqsədi yoxsulluğun azaldılması, iş yerlərinin yaradılmasının təşviqi və davamlılığını artırmaqdır.

“DB Ermənistanda yerli və xarici investisiyaların aşağı səviyyəsini və yüksək işsizliyi qeyd edir ki, onlar da inkişaf üçün problemlər yaradır. Ermənistanda təhsil və səhiyyə sahəsində qeyri-bərabər nəticələr əhalinin məşğulluğunu və məhsuldarlığını məhdudlaşdırır. Sosial təhlükəsizlik şəbəkəsi böhran zamanı əhalinin həssas təbəqəsini daha yaxşı müəyyənləşdirmək və dəstəkləmək üçün islahatlar tələb edir. Ermənistan həmçinin ciddi zəlzələ riskləri ilə üz-üzədir və iqlim dəyişikliyinin təsirlərinə qarşı daha həssasdır”, - məlumatda bildirilir.

Bu strategiyanın yeni, yüksək keyfiyyətli iş yerlərinin yaradılması, keyfiyyətli səhiyyə xidmətinə çıxış imkanlarının genişləndirilməsi və sosial müdafiənin yaxşılaşdırılması yolu ilə insan kapitalının gücləndirilməsi məqsədi daşıdığı iddia olunur.

Proqramın həmçinin iqlim dəyişikliyinə uyğunlaşdırılmış iqtisadi fəaliyyətləri inkişaf etdirmək və hökumət sistemlərini gücləndirməklə davamlı iqtisadiyyat yaratmaq niyyəti güddüyü bildirilir.

- İş yerlərinin yaradılması, insan kapitalı və dayanıqlılığa diqqət yetirməklə biz ermənilərin həyatını yaxşılaşdırmağa və ölkəyə gələcək təhdidlərin öhdəsindən gəlməyə kömək etməyə çalışırıq”, – Dünya Bankının Ermənistan üzrə bölgə direktoru Karolin Qeqinat vurğulayıb.

Yeni strategiyanın həyata keçirilməsi Dünya Bankı Qrupunun təsisatları arasında, o cümlədən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) arasında sıx əməkdaşlığı nəzərdə tutur. BYİB növbəti beş il ərzində bu məqsədlərə təxminən 1 milyard dollar, BMK isə 700 milyon dollara qədər vəsait ayırmağı planlaşdırır.

Maraqlıdır ki, öz destruktiv mövqeyi ilə Cənub Qafqazda davamlı sabitliyin və təhlükəsizliyin bərqərar olmasını əngəlləyən İrəvana böyük məbləğdə vəsait ayıran beynəlxalq maliyyə qurumları Ermənistanın sürətlə silahlanmasını gözardı edirlər. Digər tərəfdən, Ermənistanın uzun illərdən bəri dinc proqramlar çərçivəsində aldığı külli miqdarda vəsaiti məhz silah-sursat alınmasına sərf etməsi “təcrübəsi” də nədənsə unudulur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: DB   Ermənistan   vəsait  





Xəbər lenti