Ağ Ev: “Amerika qoşunları Suriyanı tərk etməyəcək”

   Ağ Ev:    “Amerika qoşunları Suriyanı tərk etməyəcək”
  11 Dekabr 2024    Oxunub:790
ABŞ qoşunları prezident Bəşər Əsədin devrilməsindən sonra İŞİD yaraqlılarını məhv etmək məqsədi daşıyan terrorla mübarizə missiyası çərçivəsində Suriyada qalacaq.
AzVision.az xəbər verir ki, ABŞ prezidentinin Milli Təhlükəsizlik müşavirinin müavini Con Fayner “Reuters” agentliyinə müsahibəsində belə deyib.

“Bu qoşunlar hansısa sövdələşmə keyfiyyətində yox, çox konkret və mühüm səbəbə görə oradadırlar. ABŞ qoşunları İŞİD-ə qarşı mübarizə aparmaq üçün demək olar ki, on il və ya daha çox orada olublar. Biz bu missiyaya sadiq qalırıq”, - amerikalı məmur vurğulayıb.

Amerikalı hərbçilərin Suriyada qalıb-qalmayacağı barədə suala Fayner konkrte şəkildə “bəli” cavabını verib. O, Bayden administrasiyasının yeni seçilmiş prezident Donald Trampın komandası ilə əlaqə saxladığını və onu Suriyadakı vəziyyətlə bağlı məlumatlandırdığını bildirib.

Dünyanı mat qoyan 7 gün | DAYCEST
Qeyd edək ki, suriyalı üsyançılar, Bəşər Əsədin Rusiyaya qaçmasına səbəb olan ildırım sürətlı hücumdan sonra bazar günü müqavimətlə qarşılamadan Dəməşqi ələ keçiriblər.
Suriyanın yeni rəhbərlərinin ABŞ-nin ölkədəki mövcudluğunu necə qəbul edəcəyi bəlli olmasa da, indi Vaşinqton buradakı hərbi iştirakını sabitliyin təminatı kimi qiymətləndirir. Vaşinqton hələ də Əsəd rejimini devirən üsyançı qüvvələrə rəhbərlik edən “Həyat Təhrir əl-Şam” qruplaşmasını terrorçu təşkilat sayır.

Maraqlıdır ki, hadisələrin ilk günlərində ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bunu Amerikanın müharibəsi olmadığını bildirərək, Vaşinqtonu onlara müdaxilə etməməyə çağırmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Suriya   ABŞ   hərbçilər  





Xəbər lenti