Azərbaycanda donor ola bilmək üçün nə etmək lazımdır?

   Azərbaycanda donor ola bilmək üçün nə etmək lazımdır?
  10 Dekabr 2024    Oxunub:791
“Bütün dünyada olduğu kimi, Azərbaycanda da donorlara ehtiyac var. İnsanlar Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq formanı dolduraraq vəfat etdikdən sonra donor ola bilər. Tezliklə my.gov.az-da həmin sənədi doldurub, donor olmaq mümkün olacaq”.
Bu barədə “Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfransda jurnalistlərə müsahibəsində Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.

O qeyd edib ki, orqan transplantasiyasına həsr olunan tədbirlərin keçirilməsi bu sahədə insanların maariflənməsi baxımından olduqca əhəmiyyətlidir: “Transplantasiyanın inkişafında bu kimi tədbirlərin keçirilməsinin böyük rolu var.

Çünki insanların orqan donorluğu ilə bağlı fikirlər formalaşmalıdır. Qeyd edim ki, mən də orqan donorları reyestrinə düşmüşəm. Düşünürəm ki, ölümündən sonra da insanlar xeyirxahlıq edib, başqalarına həyat bəxş edə bilər. Burada əsas məsələ insanların sağlığında ölümdən sonra donor olmaq istəyidir”.

Y.Abbasova orqan donorluğu ilə bağlı aparılan maarifləndirmə işlərindən də danışıb: “Xəstəxanalarda beyin ölümü baş verən xəstələrin yaxınları ilə görüşürük. Ümid edirəm ki, insanlar orqan donorluğunun əhəmiyyətini anlayacaqlar və bu istiqamətdə addım atacaqlar. Əsas məsələ orqan transplantasiyalarının hüquqi bazasının olmasıdır. Artıq hüquqi baza tam hazırdır. Bütün əməliyyatlar sənədləşmə prosesi düzgün qaydada aparıldıqdan sonra həyata keçirilə bilər. Donorluğa nəzarət etmək üçün Səhiyyə Nazirliyinin tərkibində Etika Komissiyası yaradılıb”.

AzVision.az



Teqlər:





Xəbər lenti