Aİ 500 milyard avroluq müdafiə fondunun yaradılmasını müzakirə edir

   Aİ 500 milyard avroluq müdafiə fondunun yaradılmasını müzakirə edir
  05 Dekabr 2024    Oxunub:680
Avropa İttifaqı (Aİ) ölkələri birlik üzvlərinin müdafiə layihələrinin maliyyələşdiriləcəyi birgə fondun yaradılmasını müzakirə edir.
AzVision.az "Report"-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” material dərc edib. Fondun həcmi 500 milyard avro ola bilər, lakin rəqəm hələlik dəqiqləşdirilməyib.

Məlumata görə, fondun bütün Aİ tərəfindən deyil, yalnız Avropa İnvestisiya Bankının dəstəyi ilə layihədə iştirak edən ölkələrin zəmanəti altında olacaq istiqrazların buraxılması yolu ilə “doldurulması” təklif olunur. Mexanizmdə iştirak könüllü olacaq, Böyük Britaniya, Norveç və Aİ-yə daxil olmayan digər Avropa dövlətləri üçün açıq olacaq.

Qeyd edilir ki, bu, həm də ümumi fondlardan müdafiə ehtiyaclarının maliyyələşdirilməsinə dair Aİ-nin mövcud məhdudiyyətlərindən yan qaçmağa imkan verəcək. Fondun pulları ümumi müdafiə layihələrinin həyata keçirilməsinə, o cümlədən Avropanın hava hücumundan müdafiə sisteminin yaradılmasına xərclənə bilər ki, bu da artıq təxminən 500 milyard avroya başa gələcək.

“Biz təfərrüatlı müzakirələr mərhələsindəyik, lakin Berlinin bütün bunları necə gördüyü hələ bəlli deyil”, - yüksək vəzifəli avropalı diplomat nəşrə açıqlamasında bildirib.

FT Aİ ölkələrinin müdafiəsi üçün vəsait toplamanın bu və digər radikal yollarının fəal müzakirə edilməsinin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yaxınlaşan andiçmə mərasimi ilə bağlı olduğunu vurğulayır. Çünki Tramp daha əvvəl müdafiəyə çox az pul xərcləyən NATO üzvlərinin ABŞ-nin təhlükəsizlik zəmanətlərini itirə biləcəyini deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti