Niyə İrəvan Azərbaycanla sərhəddə yeraltı tunellər tikir? - Ekspertin şərhi

 Niyə İrəvan Azərbaycanla sərhəddə yeraltı tunellər tikir?  - Ekspertin şərhi
  08 Dekabr 2024    Oxunub:1090
Ermənistan ordusu Azərbaycanla şərti sərhəddə, Basarkeçər rayonunun Yuxarı Şorca kəndində yeraltı tunel tipli hərbi istehkamlar tikməyə hazırlaşır. Bununla bağlı hazırlanmış layihə təsdiq edilib və icrasına başlanmasına razılıq verilib.

Bununla yanaşı Ermənistanın Naxçıvan, Kəlbəcər və Zəngəzur istiqamətində yeni hərbi hissələr yaratması, bu bölgələrə hərbi texnika və canlı qüvvə cəlb etməsi müşahidə olunur.
Bütün bunlar yeni bir müharibədənmi xəbər verir?

Mövzu ilə bağlı AzVision.az -a danışan hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, istənilən an tərəflər arasında müəyyən gərginlik yaşana bilər.

O bildirib ki, Ermənistan rəhbərliyində, ictimai siyasi cəmiyyətində olan şəxslər Azərbaycana qarşı həmişə hədyanlar səsləndiriblər:

"Nikol Paşinyan bəyan etdi ki, bizim Azərbaycanla müharibə etmək üçün gücümüz və həvəsimiz yoxdur. Bu gün doğrudan da Ermənistanın Azərbaycanla müharibə edəcək potensialı yoxdur. Bununla yanaşı, Ermənistan öz ordusunu dirçəltmək, müasirləşdirmək üçün addımlar atır. Biz də bunu izləyirik. Bununla bağlı açıq və ya gizli mənbələrdən xəbərlər alırıq. Bu yaxınlarda Ermənistan müdafiə naziri Suren Papikyan Amerikaya ikinci səfərini etdi. Bütün bunlar Ermənistanla Amerika arasında strateji əməkdaşlığın güclənməsi fonunda baş verir. ABŞ dövlət katibinin Avropa və Asiya üzrə xüsusi nümayəndəsi Ceyms O’Brayn İrəvanda olanda Ermənistana bəzi təkliflər etmişdi. Artıq Ermənistan tərəfi daha çox Qərbin çətiri altına keçib".

Ekspert onu da qeyd edib ki, ermənilərin sığınacaq tikməsi məsələsi o qədər də önəmli deyil.

Ermənistan bölgədə yeni müharibə riskini artırır
"Bunlara fikir verməməliyik. Çünki hələ ki, sülh müqaviləsi yoxdur. Ona görə də, sabah baş verə biləcək toqquşmalardan ehtiyat edərək, şəxsi heyətin həyatını qorumaq üçün belə addım atırlar. Yəni sığınacaqları sadəcə heyəti zərbələrdən qorumaq üşün qururlar. Amma İrəvan yaxşı olardı ki, Azərbaycanla sülh müqaviləsini imzalasın. Paşinyan özü də deyirdi ki, “Biz yaxın vaxtlarda sülh müqaviləsini imzalayacağıq”. Sülh müqaviləsində yenilik yalnız odur ki, müqavilənin bəndlərinin əvvəl 80 faizi razılaşdırılmışdı, indi isə 90 faizidir. Hələ 10 faiz razılaşdırılmayıb. 10 faiz nədir? Onların Azərbaycana ərazi iddiaları məsələsi gündəmdə qalır.

Ermənistandan Cənubi Qafqazda istifadə etmək üçün hələ çox yararlanacaqlar. İrəvan artıq öz müttəfiqlərini seçir. Əvvəl daha çox güvəndiyi Rusiya idi. İndi Rusiya ilə faktiki olaraq yollarını ayırıb. Ermənistan öz mövqeyini müəyyənləşdirib. Amerika, Fransa, Yunanıstan, Cənubi Koreya və digərləri ilə texniki əməkdaşlıq əlaqələri yaradırlar. Bu istiqamətdə də işlərini görürlər.

Bakı da lazım olan işləri görür. Azərbaycanda 2025-ci il üçün müdafiə və təhlükəsizlik sektoruna iki milyard manata yaxın əlavə vəsait nəzərdə tutulub. Bu da müdafiəmizi və təhlükəsizliyimizi gücləndirmək ilə bağlı olan məsələlərdir. Ermənistan öz işində, biz də öz işimizdə. Amma yaxşı olardı ki, Ermənistan Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olması üçün praktiki addımlar atsın. Ermənistanın Azərbaycana qarşı hər hansı bir müharibə və yaxud revanşist hərəkətləri yaxın bir neçə il üçün mümkünsüzdür.

Amma qarşıdakı illərdə əgər sülh müqaviləsi imzalanmasa, sözsüz ki, lokal xarakterli gərginlik yaşanacaq. Bu, Ermənistanın xislətinə uyğundur. İrəvan da çox məsələləri artıq dərk edib. Bilir ki, ona söz verib aldadanlar bu gün onun yanında deyillər".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Azərbaycan   Ermənsitan  





Xəbər lenti