Çinin böyük ideyası: “Bəşəriyyət üçün ortaq tale icması” nədir?

      Çinin böyük ideyası:    “Bəşəriyyət üçün ortaq tale icması” nədir?
  01 Dekabr 2024    Oxunub:4083
“Bəşəriyyət üçün ortaq tale icması” anlayışı Çin Sədri Si Tsinpinin 2013-cü il martın 23-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) çıxışı ilə bağlı olsa da, tarixi daha keçmişə gedib çıxır. Bu konsepsiya artan qlobal çağırışlara, onlara birgə reaksiya zərurətinə cavabdır.
Təklif həmin vaxtdan bəri beynəlxalq aləmdə rəğbətlə qarşılanaraq dəstək qazanıb, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) sənədlərində də əksini tapıb. Dünyada əhəmiyyətli dəyişikliklərin meydana gəldiyi bir dövrdə müasir beynəlxalq münasibətlərin inkişafına mühüm töhfə kimi qlobal idarəetmə sisteminin yenidən qurulmasına təkan verib.

Sözügedən anlayış bir sıra fundamental prinsip və məqsədə əsaslanır. Onun təməlində hər insanın, hər xalqın gələcəyinin bütov bəşəriyyətin taleyi ilə sıx bağlı olduğu ideyası dayanır. Belə bir ideya qlobal problemlərin həlli, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün birgə səylərin vacibliyini diqqətə çatdırır.

Anlayış beynəlxalq münasibətlərin inkişafına mühüm töhfə verib. O, ölkələrin ümumi rifah naminə birlikdə işlədiyi, problemləri birlikdə həll etdiyi, fərqlərin aradan qaldırıldığı dünyagörüşünü irəli sürür. Təklifə qoşulan ölkə və təşkilatların sayının artması göstərir ki, öz effektivlik və əhəmiyyətini artıq sübut yetirib. Həmrəyliyin, əməkdaşlığın vacibliyini vurğulayan bu tendensiya gələcəkdə daha ahəngdar, davamlı beynəlxalq münasibətlər mühitini formalaşdıra bilər.

“Bəşəriyyət üçün ortaq tale icması” anlayışının əsas elementləri Çinin “Dinc birgəyaşayışın beş prinsipi” və BMT Nizamnaməsinin müddəaları zəminində ölkələrarası dialoqun təşviqi, birgəyaşayışın gücləndirilməsi, qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq və qlobal sabitlik yaratmaq arzusudur.

Soyuq müharibə dövrünün yanaşmalarından imtina, yeni təhlükəsizlik anlayışının təşəkkülü çərçivəsində birgə quruculuq və istifadə prinsipə də bu anlayışın səciyyəvi cəhətlərindəndir.
Bura həmçinin təhlükəsizliyin, qarşılıqlı əməkdaşlığın təminatı üzrə səylər, ədalətli və stabil təhlükəsizlik modelinə tələbat da daxildir.
İctimai-mədəni əlaqələr də bu anlayışda vacib rol oynayır, beləliklə, mədəni müxtəlifliyə hörmətin, bərabərlik və inklüzivliyi təşviqin əhəmiyyəti də önə çıxır. Bu, ictimai maneələri aradan qaldırmağa və fərqli mədəniyyətlərin birlikdə yaşamasına şərait yaradır.

“Bəşəriyyət üçün ortaq tale icması” anlayışı son on ildə beynəlxalq münasibətlərin bu və ya digər aspektində göstərdiyi mühüm nəticələrlə özünü doğruldub. Nəticədə qlobal əməkdaşlıq və həmrəylik çərçivəsində ikitərəfli, çoxtərəfli münasibətlərin yeni modelləri formalaşıb. Çinin Laosla, Pakistanla, habelə Afrika və Latın Amerikası ilə münasibətləri “ortaq tale icması” ideallarının həyata keçirilməsinə ən bariz nümunələrdir.

Regionda və ondan kənarda sabitliyə, rifaha stimul verən Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx qarşılıqlı fəaliyyətlər də anlayışın təcrübədə effektivliyinə misaldır. Qarşılıqlı əlaqələr iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik sahələrində anlaşmanın, birgə səylərin vacibliyindən xəbər verir.

Strategiyanın əsas nümunəsi isə ölkələrarası əməkdaşlıq, qarşılıqlı fəaliyyət platforması yaradan “Bir kəmər, bir yol” təşəbbüsüdür. 150-dən çox ölkə və təşkilat beynəlxalq əlaqələrin inkişafına, ortaq rifaha xidmət edən bu təşəbbüsə qoşulub.

Bu kimi səyləri ilə qlobal inkişafa töhfə verən Çin özünün sülhməramlı mövqeyini, beynəlxalq asayişin müdafiəçisi rolunu, “Bəşəriyyət üçün ortaq tale icması” anlayışına uyğun inklüziv, firavan dünya birliyinin təşəkkülünə sadiqliyini nümayiş etdirir.

“Bəşəriyyət üçün ortaq tale icması”nın təbliğində Azərbaycanın rolu

Qlobal və regional təşəbbüslərdə fəal iştirakı ilə seçilən Azərbaycan bu konsepsiyanı dəstəkləyir. Azərbaycan həmçinin “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsi olan, Avropa-Asiya əlaqələrinə təkan verən “Orta Dəhliz” layihəsində də öz strateji əhəmiyyəti ilə irəli çıxır.

Koronavirus pandemiyası dövründə Azərbaycan və Çin bir-birinə qarşılıqlı dəstək verib. Çin hökuməti və şirkətləri qlobal çağırışlarla mübarizədə əməkdaşlığın vacibliyini vurğulayaraq, Azərbaycana humanitar yardım göstərib. Azərbaycan da, öz növbəsində, Çinə yardımlarda fəal iştirak edib.

Azərbaycan iqtisadi və mədəni təşəbbüslərdə iştirakı ilə yanaşı “Bəşəriyyət üçün ortaq tale icması”nın prinsip və məqsədləri çərçivəsində qlobal əməkdaşlığa, beynəlxalq problemlərin həllində birgə səylərə sadiqliyi ilə aparıcı mövqe tutur.

Seymur Məmmədov
AzVision.az


Teqlər: Çin  





Xəbər lenti