Putindən Qərbə raket şoku: Yeni və unikal hipersəs sistemlər yaradılır

  Putindən Qərbə raket şoku:   Yeni və unikal hipersəs sistemlər yaradılır
  28 Noyabr 2024    Oxunub:1649
"Kiyevə verilən bütün Qərb raketlərinin Rusiya Silahlı Qüvvələrində daha uzun mənzilli və güclü analoqları var".
Bunu Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada keçirilən sammitində deyib.
"Amerika raketləri ATACMS-nin hər üç modifikasiyasının Rusiyada analoqu “İsgəndər” raket sistemi sayılır”, - Kreml rəhbəri vurğulayıb. O, əlavə edib ki, “İsgəndər” trotil ekvivalentində də oxşar döyüş başlığı kütləsinə malikdir.

Putin xatırladıb ki, “İsgəndər” daha uzun məsafədə fəaliyyət göstərmə qabiliyyətinə malikdir və Amerikanın yeni "PrSM" raketi parametrlərinə görə məlum rus silahından üstün deyil.

NATO Ukraynaya orta mənzilli raketlərin təhvil verilməsini tələb edir
Bundan başqa, Rusiyada ingilislərin "Storm Shadow", fransızların "SCALP" və almanların "Taurus"larının da analoqları var. Buna misal olaraq X-101 havadan buraxılan raket göstərilib. O, öz gücünə görə Qərbin məlum raketləri ilə müqayisə edilir və güclü döyüş başlığına malikdir. Lakin X-101 məsafə amilində Avropa istehsalı olan bütün sistemləri əhəmiyyətli dərəcədə üstələyir.

Kreml rəhbəri onu da söyləyib ki, yaxın illərdə Rusiyanın “menyusunda” yeni və unikal hipersəs sistemləri olacaq.

Qeyd edək ki, Rusiya son günlər “Oreşnik” raket sistemi ilə dünya mediasının gündəmindən düşmür. Bu raket Rusiyanın hərbi texnologiyalar sahəsindəki ən son nailiyyətlərindən biri kimi təqdim olunur və strateji zərbələr üçün nəzərdə tutulub.

Noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Amerikanın ATACMS və Britaniyanın “Storm Shadow” raketlərinin Rusiyadakı hədəflərə hücumlarından sonra xalqa müraciətlə çıxış etmişdi. Rusiya dövlət başçısı bildirib ki, Qərb ölkələrinin hərəkətlərinə cavab olaraq Rusiya Dneprdəki "Yujmaş" hərbi zavodunu ən son "Oreşnik" orta mənzilli raket kompleksindən istifadə edərək vurub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Raket  





Xəbər lenti