Mövsümi xəstəliklərdən necə qorunaq?

  Mövsümi xəstəliklərdən necə qorunaq?
  10 Noyabr 2024    Oxunub:2148
Havanın soyuması ilə qrip və digər respirator xəstəliklərə yoluxma halları artır. Soyuq havalarda insanlar qapalı məkanlarda daha çox vaxt keçirirlər. Bu da virusların yayılmasını asanlaşdırır.

Eyni zamanda soyuq havalar immun sistemini zəiflədir, bu da orqanizmin viruslara qarşı müqavimətini azaldır. Həmçinin günəş işığının azalması ilə bədəndə D vitamini ehtiyatı azalır.
Bəs, özümüzü mövsümi xəstəliklərdən qorumaq üçün nə etməliyik?

Mövzu ilə bağlı AzVision.az -a danışan həkim-terapevt Sübhan Hacıyev bildirib ki, payız-qış aylarında daha çox tənəffüs yollarının virus infeksiyalarına yoluxmuş xəstələrlə ratlaşırlar:

"Virus infeksiyalarına adenovirus, ranavirus, qrip virusu, COVİD19 virusları daxildir. Bunlar yüksək hərarət, baş, boyun, əzələ ağrıları, burun axması, boğazda qıcıqlanma, ağrı, ümumi halsızlıq, iştahasızlıq kimi simptomlarla özünü göstərir. Adətən bu simptomlar 1-3 gün boyunca keçib gedirlər. Əgər 3 gündən çox davam etməzsə, immun sistemi özü bu xəstəliklə mübarizə aparmış sayılır. Yox, əgər 3 gündən çox bu simptomlar davam edərsə və yüksək hərarət qalarsa, mütləq şəkildə həkimə müraciət etmək lazımdır.

Bəzən virus infeksiyasının yanına ikinci bir bakterial infeksiya da qoşula bilir. İnfluenza A və B qrip virusunun ən çox rast gəlinən iki növüdür və hər ikisi insanlarda mövsümi qrip epidemiyalarına səbəb ola bilər. Hər iki virus tipinin simptomları oxşardır, lakin klinik gedişatları fərqli ola bilər".

Meymunçiçəyinin yeni təhlükəli ştammları gözlənilir
Həkim insanlara vaksin olunmağı tövsiyə edir:

"İstənilən bir xəstəlikdən qorunmağın yolu peyvəndlərdir. Ölkəmizdə də qrip əleyhinə vaksin mövcuddur. Bu vaksinlərin altı aydan bir ilə qədər qoruyuculuq xüsusiyyətləri var. Xüsusilə də körpə uşaqlar, yaşı 65-dən yuxarı, immun sistemi çox zəif, xroniki xəstəlikləri olan insanların, orqan köçürülmüş xəstələrin vaksinlərdən istifadə etməsi tövsiyə olunur.

İmmun sisteminin gücləndirilməsi şəxsi gigiyenaya əməl etməkdən başlayır. Kütləvi yerlərdə maskalardan istifadə etmək olar. Xüsusilə də özünü nasaz hiss edən insanlar özlərini və ətrafdakıları qorumaq üçün tibbi maskalardan istifadə etməlidirlər.Yaxşı olar ki, mövsümi meyvələrdən daha çox istifadə etsinlər. Bol-bol su içsinlər və mövsümə uyğun geyinsinlər".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   immunsistemi   virus   infeksiya  





Xəbər lenti