Bayden respublikaçıların büdcə layihəsinə veto qoyacaq
“Əgər bu layihə prezidentə təqdim olunarsa, o, həmin layihəyə veto qoyacaq”, - sənəddə deyilir.
Bəyanatda həmçinin vurğulanır ki, qanunvericilər sentyabrın sonuna qədər növbəti maliyyə ili üçün tam büdcə və ya müvəqqəti hökumət maliyyələşdirməsi barədə qərar qəbul etməsələr, Federal hökumət öz işini dayandırmalı olacaq. Növbəti maliyyə ili isə ABŞ-da hər il oktyabrın 1-dən başlayır.
Ağ Evin fikrincə, respublikaçıların təklif etdiyi sənəd dövlət qurumlarına altı ay ərzində ölkənin həm müdafiəsi, həm də digər ehtiyacları üçün “əsassız olaraq aşağı səviyyədə maliyyələşdirmə” təklif edir. Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar qanun layihəsini sentyabrın 11-də səsverməyə çıxarmağı planlaşdırırlar.
Qeyd edək ki, maliyyə ilinin başlaması ərəfəsində Ağ Evlə Konqress arasında çəkişmələr Amerikada artıq ənənəyə çevrilib. ABŞ-nin dövlət borcunun durmadan artması bu qarşıdurmanı daha da gücləndirir. Bəzən iş hətta o yerə çatıb ki, hökumətin defolt elan edəcəyi təhlükəsi yaranıb. Lakin son məqamda respublikaçılarla demokratlar arasında aparılan sövdələşmələr nəticəsində ortaq məxrəcə gəlinib.
Bu baxımdan, əksər ekspertlər hökumətin fəaliyyətinin maliyyələşdirilməsi ətrafında gedən “döyüş”lərin arxasında tərəflərdən hər birinin öz maraqlarını reallaşdırmaq niyyətinin gizləndiyini iddia edirlər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Bayden respublikaçılar büdcə