Şolz müharibəni bitirmək üçün müzakirələrə başlamağa çağırıb
“Düşünürəm ki, mövcud müharibə vəziyyətindən sülhə indi mümkün göründüyündən daha sürətli keçid barədə müzakirələr aparmaq vaxtıdır. Mən Ukrayna lideri Volodimir Zelenskinin növbəti sülh konfransında Rusiyanın da iştirak etməli olduğu barədə fikri ilə razıyam”, - Şolz bildirib.
Amma Rusiya Dövlət Dumasının deputatı Dmitri Belik Almaniya kanslerinin bəyanatını hiyləgərlik kimi qiymətləndirib. Onun iddiasına görə, bu gün Şolz, Qərbin mümkün danışıqlar üçün zəmini sınaqdan keçirmək və sonra güzəştlər tələb etmək üçün Rusiyaya doğru atdığı sınaq şarıdır. Qərb Ukraynada bundan başqa yol görmür, amma bu Moskva üçün qəbuledilməzdir. Beləliklə, Şolzun sözləri növbəti bir hiylə kimi qəbul olunmalıdır. Həmçinin, bu gün Qərbdə heç kim Ukrayna ilə bağlı danışıqlara ciddi maraq göstərmir.
“Qərbə danışıqlar yox, Ukrayna məsələsində Rusiyadan güzəştlər lazımdır. Amerika korporasiyaları silah tədarükündən milyardlar qazanır, Avropa bu gün Amerika feodalının vassalıdır, ağzını açmağa belə cürət etmir. Qərbdə danışıqlarda kim maraqlıdır? Ukraynadan başqa heç kim, amma onun sözü Qərb üçün heç bir əhəmiyyət kəsb etmir”, - rusiyalı deputat iddia edib.
Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin “Şərq İqtisadi Forumu”nun plenar iclasında Ukrayna ilə danışıqların mümkünlüyünü şərh edərkən bildirib ki, heç olmasa hansısa şəkildə işə yarayan formalar və təminatlar axtarmaq lazımdır.
Yeri gəlmişkən, sentyabrın 6-da Volodimir Zelenski “Ramştayn” formatında keçirilən görüşdə payızda hərbi əməliyyatları bitirməyə çağırıb. Eyni zamanda o, yenidən Qərbdən Rusiya ərazisindəki hədəfləri vurmaq üçün icazə istəyib. Bu kontekstdə Zelenski Ukrayna ordusunun hava hücumundan müdafiəyə, uzaqmənzilli raketlərə və F-16 qırıcılarından ibarət “daha güclü donanmaya” ehtiyacı olduğunu bildirib. Ukrayna prezidentinin fikrincə, məhz bu reallıq Moskvanı sülh axtarmağa sövq etməlidir.
Moskva isə, öz növbəsində, hesab edir ki, Ukraynaya silah verilməsi problemin nizamlanmasına mane olur, NATO ölkələrini birbaşa münaqişəyə qatır və “odla oynamaq” effektini verir. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ukrayna üçün silahla dolu istənilən yükün Rusiya üçün qanuni hədəfə çevriləcəyi barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, ABŞ və NATO münaqişədə bilavasitə iştirak edir, o cümlədən, təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə məşğuldur. Kreml bildirib ki, Ukraynanı Qərbdən silahlarla doldurmaq danışıqlara kömək etmir və bu öz mənfi təsirini göstərəcək.
Sahil İsgəndərov
AzVision.az