Ukrayna İranı hədələyir: Nəticələr ağır olacaq

  Ukrayna İranı hədələyir:  Nəticələr ağır olacaq
  08 Sentyabr 2024    Oxunub:1649
Kiyev İranı Rusiyaya ballistik raketlər göndərməkdə qınayır. Tehran bunu inkar edir.
İran Rusiyaya heç bir halda müharibədə Ukraynaya qarşı istifadə üçün ballistik raketlər göndərməməlidir. Ukrayna tərəfi Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatla İranın Rusiya Federasiyasına raket göndərilməsilə bağlı mətbuatda yayılan xəbərlərə belə cavab verib.

"Bu cür xəbərlər təsdiqlənərsə, Kiyev və Tehran arasında ikitərəfli münasibətlərə ciddi xələl gələcək" , deyə Ukrayna Xarici İşlər Nazirliyi bildirib.

Ukrayna Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə müraciət edərək sülh və təhlükəsizliyi qorumaq üçün Tehran və Moskvaya təzyiqləri artırmağa çağırıb.

İran isə Rusiyaya ballistik raketlərin tədarükü ilə bağlı xəbərləri təkzib edir. İranın BMT-dəki missiyası bəyan edib ki, ölkə Rusiya Federasiyasına hərbi yardım etmir:

"İran münaqişədə iştirak edən tərəflərə hərbi yardım göstərməyi qeyri-insani hesab edir, buna görə də nəinki bu cür hərəkətlərdən çəkinir, həm də digər ölkələri tərəflərə silah satışını dayandırmağa çağırır".

Qeyd edək ki, Ukraynalı diplomatların narahatlığına Amerikanın “The Wall Street Journal” qəzetinin sentyabrın 6-da dərc edilən məqalə, eləcə də bir sıra digər Qərb nəşrlərindəki analoji məqalələr səbəb olub. Sentyabrın əvvəlindən yayılan xəbərlərə görə, İran artıq BM-120 kimi tanınan Fath-360 qısa mənzilli ballistik raketlərinin birinci partiyasını Rusiya Federasiyasına təhvil verib.

Fath-360 İranın ən yeni hərbi silahlarından biridir və 2022-ci ilin aprelində ictimaiyyətə təqdim edilib. Açıq mənbələrə görə, raketlər 120 km-ə qədər məsafədəki hədəfləri vura bilir və peyk idarəetməsi ilə təchiz olunub. KİV-in məlumatına görə, Fath-360 Rusiyanın QLONASS peyk naviqasiya sistemindən istifadə edir.

Avqust ayında Reuters yazmışdı ki, raket tədarükü Moskva ilə Tehran arasında 2023-cü ilin sonunda bağlanmış müqavilələr çərçivəsində həyata keçirilə bilər və Rusiya hərbçiləri bu silahların istifadəsi üzrə təlim keçmək üçün İrandadır.

Rusiyanın Ukraynaya qarşı müharibə zamanı istifadə edə biləcəyi ballistik raketlərin tədarükü ilə bağlı İranla danışıqlar aparmağa cəhd etməsi faktı 2022-ci ilin payızından mətbuatda yayılıb. Məlumatına görə, 2024-cü ilin əvvəlində Rusiya Federasiyasına Fateh-110 raketlərinin və onların Zülfüqar variantının ən azı dörd partiyası çatdırılıb.

İran bu xəbərləri, eləcə də Rusiya ordusunun sistemli şəkildə istifadə etdiyi Şahed “kamikadze dronlarının tədarükü ilə bağlı keçmiş məlumatları da təkzib edib və bildirib ki, sözügedən dronlar Moskvaya müharibədən əvvəl göndərilmiş məhdud partiyadandır.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti