Qreta Tunberq Danimarkada saxlanılıb

   Qreta Tunberq Danimarkada saxlanılıb
  05 Sentyabr 2024    Oxunub:1195
21 yaşlı isveçli ekologiya fəalı Qreta Tunberqi polis Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən nümayişdə saxlayıb.
AzVision.az xəbər verir ki, “The Guardian” qəzetinin yazdığına görə, “Tələbələr İşğala Qarşı” qrupdan 20 nəfərin Danimarka paytaxtında universitet binasını bağladıqdan sonra Tunberq polisin saxladığı 6 nəfərdən biri olub. Təşkilatın üzvləri Kopenhagen universitetinin İsraillə əməkdaşlığına etiraz edirlər.

Hazırda Qreta Tunberqin polis məntəqəsindən biuraxıldığı bildirilir. Daha əvvəl, bu ilin may ayında İsveçin Malmö şəhərində keçirilən “Fələstinə dəstək” nümayişi zamanı polisin Tunberqi meydandan zorla çıxardığı barədə məlumat yayılmışdı.

Xatırladaq ki, isveçli ekologiya fəalı Qreta Tunberq iqlim dəyişikliyi nəticəsində bəşəriyyətin üzləşdiyi “ekzistensial böhran” barədə xəbərdarlığı təbliğ etməklə beynəlxalq miqyasda ad çıxarıb. Sadə ünsiyyət tərzi və siyasi xadimləri ekoloji problemlərin həlli üçün yetərincə addımlar atmadıqlarına görə kəskin tənqid etməsi ilə tanınır.

2018-ci ilin avqustunda 15 yaşlı Qreta ekoloji problemlərlə mübarizə üçün təcili tədbirlər görməyə çağıran “İqlim üçün məktəb tətili” çağırışını ehtiva edən plakatla İsveç parlamenti qarşısında etiraz aksiyası keçirdi. Onun bütün dünyada rezonans doğuran bu hərəkəti “Gələcək üçün cümə günləri” kimi tanınan kütləvi tədbirlərə təkan verdi. Elə həmin il BMT-nin iqlim dəyişikliyi konfransında çıxış edən Qreta Tunberqin “Siz necə cəsarət edirsiniz?!” (“How dare you?!”) harayı 2019-cu ildə müxtəlif şəhərlərdə bir milyondan çox insanın iştirakı ilə keçirilən etiraz aksiyalarının şüarına çevrildi.

“The Guardian” nəşri onun sürətlə şöhrət qazanmasını və qlobal miqyasda nüfuzunun artmasını “Qreta effekti” adlandırıb. Fəaliyyətinə görə bir çox mükafat və fəxri fərmanlar alan Tunberqi “Time” jurnalı 2019-cu ildə dünyanın 100 ən nüfuzlu adamı siyahısına salmaqla yanaşı, onu “ilin adamı” kimi tanıyıb. “Forbes” jurnalının dünyanın 100 ən güclü qadını siyahısına daxil etdiyi Qreta Tunberq iki dəfə - 2019 və 2020-ci illərdə Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülüb.

Maraqlıdır ki, bəzi konspiroloqlar müəyyən psixoloji problemləri olan o vaxtkı məktəbli Qreta Tunberqdən əslində “Yaşıl enerji” gündəliyinin pərdəarxası ssenari müəlliflərinin çox təsirli silah kimi istifadə etdiyini vurğulayırlar. Onların fikrincə, bu oyunun təşkilatçılarının əsas məqsədi beynəlxalq ictimaiyyəti qlobal “Yaşıl enerji” layihəsinə trilyonlarla dollar vəsait ayırmağa sövq etmək olub və nəticə etibarı ilə istəklərinə də çatıblar.

Yeri gəlmişkən, həmin illərdə Qreta Tunberq amilindən Rusiyanın ənənəvi enerjidaşıyıcıları ilə bağlı layihələrinə qarşı da istifadə olunurdu. İndi isə isveçli ekologiya fəalı Rusiyanın Ukraynaya hərbi müdaxiləsini və işğal siyasətinin ən sərt tənqidçiləri sırasında yer alıb.

Ukraynanın Kaxovsk su-elektrik stansiyasının (SES) bəndinin partlaması ilə bağlı ötən il iyunun sonlarında Müharibənin Ekoloji nəticələri üzrə Beynəlxalq işçi qrupun tərkibində Kiyevə gələn Qreta Tunberq bu ölkənin prezidenti Vladimir Zelenski ilə də görüşüb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Tunberq   Danimarka   saxlanma  





Xəbər lenti