Dmitri Kobitski: Seçki prosesinin təşkilindən çox razıyıq

      Dmitri Kobitski:    Seçki prosesinin təşkilindən çox razıyıq
  01 Sentyabr 2024    Oxunub:1127
Məntəqələrin açılmasından bəri səsvermə prosesinin gedişatını müşahidə edirik. Hələlik heç bir qanun pozuntusu müəyyən etməmişik.
Bu sözləri Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının baş katibi Dmitri Kobitski Bakıda 37 saylı seçki məntəqəsində seçki prosesi ilə tanış olduqdan sonra jurnalistlərə açıqlamasında deyib.

“Biz, o cümlədən hər hansı pozuntunun olmadığını təsdiqləyən müşahidəçilərlə əlaqə saxlayırıq. Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən seçki kampaniyası çox layiqli səviyyədə təşkil olunub. Biz bunu Azərbaycanda seçkilər zamanı ilk dəfə deyil ki, təsdiqləyirik. Ümumiyyətlə, 40 nəfərdən ibarət missiyamız kifayət qədər çoxlu sayda seçki məntəqəsinə baş çəkəcək.

Axşam biz nəticələrə yekun vuracağıq, monitorinq qrupumuzu toplayaraq təəssüratları bölüşəcəyik və nəticəmizi hazırlayacağıq. İlkin nəticələri bazar ertəsi mətbuat konfransında açıqlaya biləcəyik. Amma biz onları yalnız Konstitusiya Məhkəməsi rəsmi şəkildə seçkiləri baş tutmuş saydıqdan və nəticələri təsdiq etdikdən sonra rəsmən elan edə biləcəyik. Biz Azərbaycanda seçki prosesinin təşkilindən çox razıyıq. Hər şey ən yüksək demokratik standartlara uyğundur, ona görə də bu gün bizim seçki prosesi ilə bağlı heç bir iradımız yoxdur”, - deyə baş katib bildirib.

D.Kobitskinin sözlərinə görə, Azərbaycanda keçirilən parlament seçkilərində gənclər yüksək fəallıq nümayiş etdirirlər.

AzVision.az



Teqlər:





Xəbər lenti