Xəyal Bəşirov: “Milli Məclisə keçiriləcək seçkilər önəmli siyasi hadisə sayılır”

   Xəyal Bəşirov:    “Milli Məclisə keçiriləcək seçkilər önəmli siyasi hadisə sayılır”
  13 Avqust 2024    Oxunub:689
“Artıq Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin edib. Ölkəmiz Milli Məclisə keçiriləcək seçkilərə Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və sabitliyin qarantı kimi gedir”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib.

Politoloq bu ilin fevral ayında ölkədə növbədənkənar Prezident seçkilərinin keçirildiyini xatırladıb: “Bu uğurlu seçkilərdən sonra xalqımız artıq Milli Məclisin yenidən formalaşdırılmasına hazırlaşır. Nəzərə almaq lazımdır ki, parlament seçkiləri də önəmli siyasi hadisdir. Çünki Prezident seçkilərində olduğu kimi bu seçkilər də işğaldan azad olunmuş ərazilərdə də keçiriləcək. Prezident seçkilərindən sonra da xeyli sayda əhali işğaldan azad olunmuş ərazilərə köçüb. Bərpa olunan torpaqlara həyatın qayıtması ilə yanaşı bu insanların aktiv seçki hüququnun təmin olunması da önəmli məsələdir”.

Ekspert işğaldan azad olunmuş ərazilərdə seçki dairələri və məntəqələrinin formalaşdırılmasını təqdir edib. O inanır ki, vətəndaşlar işğaldan azad olunan ərazilərdə Prezident seçkilərində fəal iştirak etdikləri kimi, öz deputatlarını da aktiv şəkildə seçəcəklər: “Belə bir seçki nəinki bizim, ümumilikdə regionumuz üçün önəmli hadisədir. Xankəndidə, Şuşada, Laçında seçkilərin keçirilməsi və yeni parlamentin formalaşması Azərbaycanın qələbəsinin, ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsinin beynəlxalq aləmdə qəbul edilməsi baxımından növbəti ciddi addım olacaq”.
AzVision.az





Teqlər:





Xəbər lenti