Metyu Miller: “Gürcü xalqının ölkəsinin gələcəyini təkbaşına həll etməsi vacibdir”

   Metyu Miller:    “Gürcü xalqının ölkəsinin gələcəyini təkbaşına həll etməsi vacibdir”
  23 İyul 2024    Oxunub:1332
Departament sözçüsü deyib ki, Rusiyanın bütün regionda və dünyada seçkilərə açıq müdaxiləsini görüblər
AzVision.az xəbər verir ki, yerli KİV-lərə müsahibəsində ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Cənubi Qafqazdakı vəziyyətdən danışıb .

Bildirib ki, onlar tez-tez regiona səfər edirlər. Məsələn, dövlət katibinin köməkçisi Azərbaycanda olub, ondan öncə Yerevanda idi.

“Biz regionda bir sıra həll edilməmiş məsələləri həll etmək üçün diplomatiya ilə məşğul olmağa davam edirik. Bu, uzun müddətdir üzərində işlədiyimiz bir şeydir”.

Daha sonra o, regiondakı seçkilərə diqqət çəkib, bildirib ki, Rusiyanın bütün regionda və dünyada seçkilərə açıq müdaxiləsini görüblər. Bunları daim diqqətdə saxlayırlar.

“Dəfələrlə demişik, məsələn, elə gürcü xalqının öz ölkəsinin gələcəyini təkbaşına həll etməsi vacibdir. Biz bu xalqın Avro-Atlantik istəklərini dəstəkləməyə davam edirik, lakin biz Gürcüstan hökumətinin fərqli yol tutduğunu da gördük. Onların ölkəni demokratik trayektoriyadan uzaqlaşdıran qanunlar qəbul etdiyini görürük”.

Metyu Millerin sözlərinə görə, Gürcüstan hökumətinin hərəkətləri onun ABŞ ilə, Avropa ilə münasibətlərini kökündən dəyişib.

Ötən həftənin sonu Rusiya Federasiya Şurasının sədr müavini Andrey Klimov bildirib ki, Tbilisi Moskvadan xahiş etsə, ölkəsi “Gürcü Arzusu”nun hakimiyyəti əlində saxlamasına kömək etməyə “hazırdır”.

Jurnalistlərlə Gürcüstanda oktyabrda keçiriləcək seçkilər haqqında danışan Klimov Rusiyanın “dövlət çevrilişi cəhdinin qarşısını almağa” hazır olduğunu bildirib, “Rusiyaya müraciət edənlərin yardım aldığını” – qeyd edib.

“Suriyada hakimiyyəti devirmək cəhdi olub və Əsəd hökuməti hərbi yardım üçün bizə müraciət etdikdə biz kömək etdik və Suriyada vəziyyət sabitləşdi”, – deyə Gürcüstanın “Pirveli” televiziyası Klimovdan sitat gətirib.

Elnur Məmmədov

AzVision.az



Teqlər: MetyuMiller   ABŞ   Gürcüstan  





Xəbər lenti