ÜST həyəcan təbili çaldı: İranda "denge qızdırması" riski artıb

      ÜST həyəcan təbili çaldı:    İranda "denge qızdırması" riski artıb
  23 İyul 2024    Oxunub:1275
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İranda "denge qızdırması"nın yayılma riskini yüksək qiymətləndirib. Ölkədə iyunun 14-dən iyulun 17-dək xəstəliyə yoluxma hallarının sayı 2-dən 12-yə yüksəlib.
ÜST-ün Cenevrədəki mənzil-qərargahından bildirilib ki, İran hökuməti iyunun 14-də dang xəstəliyinə yoluxma hadisəsi barədə məlumat verib. Xəstəlik İranın cənubundakı Hörmüzgan ostanının Bəndər Lingə şəhərində aşkarlanıb.

ÜST xəstəliyin ictimai sağlamlığa ciddi zərər vurma potensialına malik olduğunu bildirib. Əsas daşıyıcıları Aedes, Aedes aegypti və daha az dərəcədə Aedes albopictus ağcaqanadlarıdır.

İranın Səhiyyə Nazirliyi xəstəxana hazırlığını yaxşılaşdırmaq üçün tədbirlər görüb. Öz növbəsində, ÜST nazirliyə nəzarəti gücləndirmək, tibbi ləvazimatları və sürətli diaqnostikanı yaymaq, təlim vermək və risk barədə məlumatlandırmanı təşkil etmək üçün dəstək verir.

Qeyd edək ki, "denge qızdırması" tropik və subtropik bölgələrdə üstünlük təşkil edən infeksiyadır. Qızdırmanın hemorragik variantı qan damarlarının çökməsi nəticəsində yaranan ağır daxili qanaxma ilə müşayiət olunur.

Təxminən 3,8 milyard insan endemik ölkələrdə yaşayır, onların əksəriyyəti Asiya, Afrika və Amerika qitəsindədir. ÜST bildirir ki, iqlim dəyişikliyi və urbanizasiya səbəbindən insidentlərin sayı artacaq və coğrafi olaraq yayılacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti