Ermənistanda terror aktları hazırlanırmış

   Ermənistanda    terror aktları    hazırlanırmış
  16 İyul 2024    Oxunub:1054
Ermənistanın İstintaq komitəsi qətl törətməyə və dövlət qurumlarını ələ keçirməyə hazırlaşan, lakin ötən ilin noyabrında ifşa olunmuş cinayətkar qrupun işi üzrə ibtidai istintaqı başa çatdırıb.
AzVision.az Ermənistanın İstintaq komitəsinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, cinayətkar qrupun planlarına terror aktları həyata keçirməklə dövlət aparatının işinin nizamını pozmaq daxil olub. Onların hərəkətlərinin motivini ölkə rəhbərliyinin yürütdüyü xarici siyasətdən narazılıq şərtləndirib. Planlarını həyata keçirmək üçün qrup üzvləri lazımi materiallar və alətlər əldə ediblər. Təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, planın kodlaşdırılmış adı “Şimal yarpaq tökümü” idi.
“Cəmiyyətə təhlükə yaradan hərəkətlərin səmərəli həyata keçirilməsi üçün pilotsuz uçuş aparatlarından (PUA) partlayıcı maddələrin atılması planı, eləcə də partlayışların uzaqdan idarə edilməsinin digər üsulları hazırlanıb. Bu məqsədlər üçün qrup üzvləri PUA əldə edərək onu sınaqdan keçirib. Habelə cinayət məqsədlərinə daha effektiv nail olmaq üçün PUA-nı modifikasiya ediblər”, - açıqlamada deyilir.

Hazırlanan əməliyyatda əsas fiqurantların beş nəfər olduğu, onlar haqqında materialların ittiham aktı ilə birlikdə təsdiqlənmək üçün prokurorluğa təqdim edildiyi bildirilib.

Bu arada, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasındakı mənbəyə istinad edən “Hraparak” qəzeti ölkə Konstitusiyasının dəyişdirilməsi ilə bağlı baş nazir Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevdən möhlət aldığını yazıb:

“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevi inandıra bilib ki, 2026-cı ilin dekabrında keçiriləcək parlament seçkilərindən sonra Ermənistan Konstitusiyası dəyişdiriləcək. Bəlkə də elə buna görə, baş nazir Konstitusiya islahatları komissiyasına seçkilərdən sonra yeni əsas qanunun konsepsiyasını təqdim etməyi tapşırıb”.

Nikol “Ana Rusiya”nın qucağına “yolunu azmış oğul” kimi qayıtmaq istəyir - "Hraparak"
Qəzetin iddiasına görə, bundan əlavə, Nikol Paşinyan bu yaxınlarda komandasının üzvləri ilə dar çərçivədə apardığı söhbət zamanı payızda xarici siyasət cəbhəsində sürprizlərin gözlənildiyini deyib. Bu kontekstdə Paşinyanın guya Rusiya ilə yaxınlaşmağı planlaşdırdığı vurğulanır.

Bununla belə, ölkənin düşdüyü ağır vəziyyətdən çıxış yolunun və regionda hərtərəfli əməkdaşlığın inkişafının yalnız Azərbaycanla münasibətlərin tənizmlənməsindən sonra mümkün olduğunu Ermənistanda dərk edənlərin sayı get-gedə artır. “Alternativa” analitik mərkəzinin direktoru, iqtisadçı Tatul Manaseryan Cənubi Qafqazda uzunmüddətli sülhə gedən yolun regionun üç ölkəsi arasında vahid ticarət bazarının yaradılmasından keçdiyini vurğulayıb.

“Gec-tez Ermənistan, Gürcüstan və Azərbaycan bu ölkələrin heç bir strateji tərəfdaşı - ABŞ, Türkiyə və Rusiya ilə əlaqəli olmayan vahid bazar yaratmalı olacaqlar. Çünki həmin ölkələr arasında qarşıdurma var və onlar heç vaxt ortaq məxrəcə gəlməyəcəklər. Bu ziddiyyətlərə görə Cənubi Qafqaz regionunda sabitlik olmayacaq, ona görə də ilk növbədə üç ölkə özləri oturub öz aralarında danışmalıdırlar”, - Manaseryan deyib.


İqtisadçı-ekspert bildirib ki, nisbətən kiçik bazarları olan Azərbaycan, Gürcüstan və Ermənistan qeyri-regional oyunçular və transmilli korporasiyalar üçün maraqlı deyillər. Daimi münaqişə vəziyyəti isə onları tamamilə qorxudur. Üstəlik, regionun üç ölkəsinin hər birinin əməkdaşlıq üçün öz obyektiv əsasları var.

Sahil İsgəndərov

AzVision.az


Teqlər:   Ermənistan   çevrilişl   Konstitusiya  





Xəbər lenti