Kiyev Qərbdən yenə də icazə istəyir, lakin... - VİDEO

   Kiyev Qərbdən yenə də icazə istəyir,    lakin... - VİDEO
  15 İyul 2024    Oxunub:983
Dünən Rusiyanın Müdafiə nazirliyi Su-34 təyyarəsinin üç tonluq FAB-3000 bombası ilə Ukraynanı vurmasının video-görüntüsünü nümayiş etdirib. Buna cavab olaraq Ukrayna prezidentinin ofisi Qərbi Rusiya ərazisində düşmənin təyyarələrinin məhv edilməsinə icazə verməyə çağırıb.
AzVision.az xəbər verir ki, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak özünü “Telegram” səfifəsində belə çağırış edib.

- Ruslar bu hücumları öz aerodromlarında yerləşən və Ukraynanın öz xalqını qorumaq üçün məhv etməli olduğu Su-34 təyyarələrindən edir. Ona görə də Ukraynaya Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün icazə lazımdır ki, rus təyyarələri artıq bu bombaları atmasın. Belə bir qərar bir çox insanın həyatını xilas edə bilər”, - Andrey Yermak yazıb.

Lakin Moskva ilə birbaşa müharibədən qaçan Qərb ölkələri, xüsusən də ABŞ, Ukraynaya ötürdükləri silahlarla Rusiya ərazisinə zərbələr endirmək barədə Kiyevin çoxsaylı xahişlərini hələlik rədd edirlər. Bununla belə, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həmin silahlarla Rusiyanın hərbi birləşmələrinə zərbə endirməyə bir müddət əvvəl icazə verilib.

Bu məsələdə Qərbin nə qədər ehtiyatlı davrandığını Ukraynaya dəstək məsələsində ən radikal mövqe tutan NATO-nun baş katibi Yens Stoltenberqin Polşanın Ukrayna üzərində Rusiya raketlərinin vurulması təklifinə qarşı çıxması da sübuta yetirir.

“NATO-nun siyasəti dəyişməz olaraq qalır: biz bu münaqişədə iştirak etməyəcəyik, müharibənin bir hissəsi olmayacağıq. Amma alyans Ukraynaya dəstəyini artırmağa, o cümlədən ölkənin hava hücumundan müdafiə sistemlərini gücləndirilməyə davam edəcək”, - Stoltenberq Ukrayna telemarafonunda jurnalistin sualını cavablandırarkən deyib.

Qeyd edək ki, iyulun 12-də Polşanın Xarici İşlər naziri Radoslav Sikorski Varşavanın Ukraynanın qərb bölgələrində Polşaya doğru hərəkət edən Rusiya raketlərinin vurulması təklifini nəzərdən keçirdiyini bildirib. Hətta Ukraynanın qərbində Polşa istiqamətinə uçan Rusiya raketlərinin vurulması ideyasına Stoltenberqin neqativ reaksiyası Kiyevə bu məsələdə yaxın perspektivdə sərbəstlik verilməyəcəyini sübuta yetirir.

Hərçənd, Ukrayna prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl Böyük Britaniyanın yeni baş naziri Kir Starmerin Londonun verdiyi silahların istifadəsi məsələsində Kiyevin sərbəst seçimə malik olduğunu bildirdiyini iddia edib.

“Rusiyadakı hərbi hədəflərə qarşı “Fırtına Kölgəsi (Storm Shadow)” raketlərindən istifadə edilməsinə icazə verildiyini öyrəndim”, - Ukrayna prezidenti Kir Starmerlə görüşünün videosonu yerləşdirdyi “X” şəbəkəsində yazıb.

Həqiqətən də, bundan əvvəl Böyük Britaniyanın yeni baş naziri Ukraynanın Londondan aldığı silahlardan necə istifadə edəcəyinə özünün qərar verməli olduğunu bildirib. Amma, onun sözlərinə görə, bunun “beynəlxalq humanitar hüquqa uyğun” şəkildə baş verməsi əsas şərtdir.

Volodimir Zelenskinin bəyanatından sonra isə Kir Starmerin ofisindən “Teleqraf” nəşrinə bildirilib ki, hökumətin uzaqmənzilli raketlərlə bağlı siyasəti dəyişməyib: Britaniya onların Rusiya daxilində hədəfləri vurmaq üçün istifadəsini dəstəkləmir. Amma Ukrayna Silahlı Qüvvələri Krıma və Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindəki hədəflərə zərbələr endirmək üçün “Fırtına kölgəsi”ndən istifadə edə bilər.

Qeyd edək ki, “hava-hava” tipli qanadlı “Fırtına Kölgəsi (Storm Shadow)” raketlərinin maksimal uçuş məsafəsi 250 kilometrdir.

Sahil İsgəndərov

AzVision.az



Teqlər: Ukrayna   Rusiya   Qərb  





Xəbər lenti