Pezeşkianının seçilməsi İran-Azərbaycan münasibətlərinə nə vəd edir?

 Pezeşkianının seçilməsi İran-Azərbaycan münasibətlərinə nə vəd edir?
  10 İyul 2024    Oxunub:1295
Xəbər verdiyimiz kimi, İranda növbədənkənar prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlanıb. Keçmiş səhiyyə naziri Məsud Pezeşkian 16,384 milyon səs toplayaraq İranın 9-cu prezidenti seçilib.
Maraqlıdır, yeni prezident hakimiyyətə gəldikdən sonra İranda hadisələr hansı templə irəliləyəcək?

Mövzu ilə bağlı AzVision.az -a danışan politoloq İlyas Hüseynov bildirib ki, İranda keçirilən növbədənkənar prezident seçkilərində Pezeşkianın qalib gəlməsi islahatçı dalğanın Tehranda hakimiyyətə gəlməsi anlamını verir:

"Ölkənin daxili və xarici siyasətində islahatların həyata keçirilməsi gözləniləndir. İran daxilində ən böyük istək də bundan ibarətdir ki, etnik milli məsələlər yönündə dəyişikliklər olsun. Pezeşkianın elektoratına baxanda da görürük ki, onun azərbaycanlı və kürd olması qalib gəlməsində müsbət rol oynadı. Digər tərəfdən onun İranda hər hansısa qalmaqallarda adının hallanmaması, korrupsiya əməliyyatlarında iştirak etməməsi və reputasiyasının çox sağlam olması da müsbət amil kimi seçicilər tərəfindən dəyərləndirildi".

Politoloq onu da qeyd edib ki, İran və Azərbaycan arasında olan münasibətlərin yaxşılaşması əsas gözləntilərdən biridir:

İranın yeni prezidenti iyulun 30-da and içəcək
"İran bölgədə Türkiyə və Azərbaycanın hərbi siyasi müttəfiqliyini nəzərə almalı və tərəfdaşlıq münasibətlərinin qurulmasında təşəbbüslə çıxış etməlidir. Bu, ikitərəfli münasibətlərdə ən böyük gözləntidir. İran daxilində də azərbaycanlıların hüquqlarının qorunması, onların ana dilində təhsil almaq hüquqlarının tanınması çox yaxşı olardı. Bu da Bakı ilə Tehran arasında münasibətlərə müsbət təsir göstərir.



Digər tərəfdən qeyd etməliyik ki, cənab Prezident İlham Əliyev Pezeşkianı təbrik edib. Bu da qarşılıqlı səfərlərin anonsunu verir. Bu səfərlər və müzakirələr kontekstində bütün ziddiyyətlərin aradan qaldırılması istəniləndir.

Azərbaycanın diplomatik nümayəndəliyinin tezliklə İranda fəaliyyətə başlaması da münasibətləri daha da yaxşılaşdıracaq".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   İran  





Xəbər lenti