Gürcüstanda NATO və Aİ-yə inteqrasiya əleyhinə yeni hərəkat yaranıb

   Gürcüstanda    NATO və Aİ-yə inteqrasiya əleyhinə    yeni hərəkat yaranıb
  10 İyul 2024    Oxunub:1562
Tbilisidə ölkənin Avropa İttifaqına (Aİ) və NATO-ya inteqrasiyasına qarşı çıxan “Vahid Neytral Gürcüstan” yeni ictimai-siyasi hərəkatının təqdimatı olub.
AzVision.az xəbər verir ki, “Vahid Neytral Gürcüstan” hərəkatının təqdimatı mərasimi “İmedi” və “Rustavi-2” telekanallarında birbaşa yayımlanıb.

“Bu gün Gürcüstanda avrointeqrasiya din elan edilib ki, bu da gürcü xalqına qarşı cinayətdir. Bu günahın bir hissəsi də hakimiyyətin payına düşür. NATO-nun hələ dini statusu olmasa da, NATO-ya inteqrasiyanın konstitusion məqsəd kimi müəyyənləşdirilməsində hakimiyyət günahkardır. Ölkənin əsas qanunlarına formal olaraq belə bir şey yazmaq tamamilə cəfəngiyyatdır. Praktiki baxımdan isə NATO-ya inteqrasiyanı konstitusiya ehkamına çevirmək yolverilməzdir”, - yeni ictimai-siyasi hərəkatın lideri Vato Şakaraşvili deyib.

Gürcüstan və Ukraynanın NATO-nun tərəfdaş ölkələri olduğunu xatırladan siyasətçi bunun Ukraynanı hara apardığını hər kəsin aydın görə biləcəyini deyib. Onun sözlərinə görə, Gürcüstan bütün ölkələrlə dost olmaqda davam etməklə müstəqil və neytral dövlət qurmalıdır. Avropa İttifaqına gəlincə, Şakaraşvili birliyin son illərdə iqtisadi durğunluq yaşadığını sübut edən statistikaya diqqət çəkib. İndiki geosiyasi vəziyyət nəzərə alındıqda isə, Aİ-nin hətta bir neçə ildən sonra mövcud olub-olmayacağı heç kimə bəlli deyil.

Şakaraşvili bildirib ki, yeni yaradılan “Vahid Neytral Gürcüstan” hərəkatı bir ildən sonra siyasi partiyaya çevriləcək və 2028-ci ildə parlament seçkilərində iştirak edəcək. Anti-Qərb bəyanatları və ənənəvi dəyərləri dəstəkləməsi ilə tanınan gənc siyasətçidən başqa, hərəkata müxtəlif ictimai xadimlər, ekspertlər və adətən müxalifəti tənqid edən şəxslər, habelə hakim “Gürcü Arzusu” partiyasının təşəbbüslərini dəstəkləyən keçmiş siyasətçilər də daxil olublar.

Qeyd edək ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” Qanun qəbul edildikdən sonra kollektiv Qərbin rəsmi Tbilisiyə təzyiq cəhdləri xeyli güclənib. Lakin son vaxtlar Rusiya ilə münasibətləri əhəmiyətli dərəcədə yaxşılaşdıran Gürcüstan hökuməti heç bir təzyiq qarşısında öz daxili və xarici siyasətini korrektə etməyəcəyini bildirib.

Rusiya kəşfiyyatı: “ABŞ Gürcüstanda dövlət çevrilişi hazırlayır”
Nəticədə Avropa İttifaqına üzv ölkələrin liderləri Gürcüstanın Birliyə qəbulu prosesini dayandırmaq barədə razılığa gəliblər. Amaniyanın Gürcüstandakı səfiri Piter Fişer isə ABŞ və Aİ-dən sonra ölkəsinin də rəsmi Tbilisi ilə münasibətlərə yenidən baxacağını bəyan edib. Onun sözlərinə görə, Berlin indən sonra Gürcüstab qarşısında heç bir yeni maliyyə öhdəliyi götürməyəcək.

Elə bu fonda Rusiyanın Xarici Kəşfiyyat Xidməti payızda Gürcüstanda keçiriləcək parlament seçkilərinin nəticələrinə görə ABŞ-nin bu ölkədə hakimiyyət dəyişikliyinə cəhd göstərmək fikrində olduğu barədə məlumat yayıb. Lakin ABŞ Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bu iddianı təkzib edib.

Sahil İsgəndərov

AzVision.az


Teqlər:   Gürcüstan   Qərb  





Xəbər lenti