Zelenski: “Qərbin Ukraynaya silah tədarükü qənaətbəxş deyil”

   Zelenski:    “Qərbin Ukraynaya silah tədarükü qənaətbəxş deyil”
  10 İyul 2024    Oxunub:1549
Vaşinqtonda Ronald Reyqan adına mərkəzdə NATO-nun 75 illiyinə həsr olunmuş tədbirdə çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski qərbli tərəfdaşlarını xəsislikdə və astagəllikdə günahlandırıb.
AzVision.az xəbər verir ki, Ukrayna lideri ABŞ-nin Kiyevə göndərdiyi “Abrams” tanklarının cəbhədə vəziyyəti dəyişə bilmədiyindən gileylənib.

“Bu sayda tankın döyüş meydanında vəziyyəti dəyişə biləcəyinə əmin deyiləm”, - Zelenski deyib.

Vaşinqton ABŞ istehsalı olan “Abrams” tanklarını Ukraynaya göndərməyə 2023-cü ilin yanvarında razılaşsa da, onlar döyüş meydanında yalnız bu ilin əvvəlində peyda oldu və cəbhədə ciddi rol oynamadı. Rusiyanın Müdafiə nazirliyi isə “Abrams” tanklarının məhv edilməsi barədə dəfələrlə məlumat yayıb.


Ona görə də tezliklə Qərb mediasında Rusiya PUA-larının fəaliyyəti nəticəsində həssas hədəfə çevrilən “Abrams”tanklarından Ukrayna Silahlı Qüvvələrinin istifadəsini dayandırdığı barədə məlumatlar dərc olundu. Həmin vaxt Ukrayna qoşunları ABŞ-nin çatdırdığı 31 tankdan beşini artıq itirmişdi.

Volodimir Zelenski habelə Ukraynaya ayrılan hava hücumundan müdafiə (HHM) sistemlərinin və təyyarələrinin sayının yetərli olmadığını bildirib.

“Yeni Patriot sistemləri kömək edəcək. Ancaq bunlar kifayət deyil. Onlar heç vaxt kifayət deyil. Bu beş sistem, əlbəttə ki, çox kömək edəcək. Amma Rusiya ordusu sürətlə öyrənir, yeni texnologiyalara yiyələnir, yeni dron və raketlərdən istifadə edir”, - Ukrayna prezidenti deyib.


Onun szölərinə görə, hətta müttəfiqlərin Kiyevə vəd etdikləri sayda F-16 təyyarələri belə hərbi əməliyyatların getdiyi zonada vəziyyətin dəyişməsinə təsir göstərə bilməyəcək.

“Hamı deyir ki, Ukraynaya F-16-ların verilməsi vacib qərardır, biz onları yayda almağa ümid edirik. Problem sayda və çatdırılma müddətindədir. Rusiya Ukraynaya qarşı müharibədə 300 döyüş təyyarəsindən istifadə edir, müttəfiqlər isə 10-20 təyyarə ilə bağlı qərar veriblər. Gəlin vicdanla danışaq, bu təyyarələrin 50-si olsa belə, bu heç nədir. Onlarda 300, bizdə isə 50. Biz özümüzü müdafiə edirik. Bizə 128 təyyarə lazımdır. Bu qədər təyyarəmiz olmayana qədər onları göydə tuta bilməyəcəyik. Bu çətin olacaq”, - Zelenski vurğulayıb.


Ukrayna prezidenti Qərb silahlarından istifadə etməklə Rusiya ərazisinə zərbələr endirilməsi barədə Kiyevin hərəkətlərini məhdudlaşdıran qadağalar problemini də qabardıb. Onun szölərinə görə, məhz ABŞ-nin Rusiyadakı hərbi obyektləri vurmaq icazəsi may-iyun aylarında Rusiyanın Xarkova hücumunun dayandırılmasında əhəmiyyətli rol oynayıb. Nəticədə Ukrayna həm də iki ildən artıqdır ki, Xarkovu hər gün bombalayan Rusiyanın raket buraxılış sistemlərini də məhv edərək Xarkovu raket hücumlarından qoruyub. Bu müstəvidə uğurları möhkəmlətmək naminə Volodimir Zelenski Rusiya ərazisinə zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Belə ki, bu Kiyevə rusların Ukraynanın cənubunda apardığı hərbi əməliyyatları məhdudlaşdırmağa və Rusiya ordusunu qovmağa, həmçinin Ukrayna şəhərlərini Rusiyanın idarə olunan bombalarından və raket hücumlarından qorumağa kömək edəcək.

“Təsəvvür edin ki, bütün məhdudiyyətlər götürüləndə nəyə nail ola bilərik. Əgər Amerika rəhbərliyi irəli addım atsa və Rusiya bazalarında onların hərbi təyyarələrini məhv etməyə icazə versə, biz indi şəhərlərimizi də Rusiyanın idarə olunan bombalarından qoruya bilərik. Bu da ani nəticə verəcək və biz bu addımı gözləyirik”, - Volodimir Zelenski Vaşinqtona müraciət edib.

Onun bu tələbləri fonunda “The Wall Street Journal” qəzeti Vaşinqtonda keçirilən NATO sammitində rəsmilərin Avropa və ABŞ-nin Ukraynanın bütün ehtiyaclarını ödəmək üçün silah istehsalını çatdıra bilmədiklərini etiraf etdiyini yazıb. Məsələn, “Javelin” raketlərinin hazırlanması üçün əvvəlcə nəzərdə tutulduğundan iki dəfə artıq vaxt lazımdır.


- Müdafiə şirkətləri və Pentaqon da daxil olmaqla bir çoxları etiraf edirlər ki, Kiyevin ehtiyacı olan silahların istehsalını nə qədər tez artıra biləcəkləri ilə bağlı onların ilkin hesablamaları çox nikbin idi.Təchizat zəncirinin pozulması və işçi qüvvəsinin çatışmazlığı ABŞ-nin tank əleyhinə idarə olunan “Javelin” raketlərinin ikiqat istehsalının dörd il çəkəcəyini göstərir. Bu isə, ilkin gözləntidən iki dəfə çoxdur”, - qəzetdə dərc olunan materialda deyilir.

Nəşr, həmçinin bu məsələdə diqqəti təkcə maliyyələşdirmə ilə bağlı problemlərə yox, həm də “bürokratik çətinliklərə” yönəldib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   Qərb   silah  





Xəbər lenti