Ər-Riyad Rusiyaya görə G7-ni hədələyib?

   Ər-Riyad Rusiyaya görə    G7-ni hədələyib?
  10 İyul 2024    Oxunub:1007
Səudiyyə Ərəbistanı G7 ölkələrinə Rusiyanın dondurulmuş 300 milyard avroluq aktivlərinin müsadirə olunması ilə bağlı xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, öz mənbələrindən aldığı məlumata istinad göstərən “Bloomberg” nəşri əks-təqdirdə Ər-Riyadın Avropanın bəzi borc öhdəliklərini satacağını istisna etmədiyini yazıb.

Nəşrin həmsöhbətlərinin dediyinə görə, Səudiyyə Ərəbistanının Maliyyə nazirliyi Rusiyanın Avropa İttifaqı (Aİ) və G7 ölkələrindəki aktivlərinin müsadirə edilməsi planı ilə razılaşmadığını qeyr-rəsmi şəkildə bildirib və bu xəbərdarlıq “örtülü təhdid ” kimi səslənib. Söhbət Səudiyyə Ərəbistanının Maliyyə nazirliyinin əlində olan Fransa Xəzinədarlığının qiymətli kağızlarının və digər Avropa istiqrazlarının mümkün satışından gedir.

Bu ilin may-iyun aylarında G7 ölkələri Rusiyanın Qərbdə dondurulmuş vəsaitlərindən istifadənin müxtəlif variantlarını araşdırdıqdan sonra, Ukraynaya maliyyə yardımı üçün aktivlərin özündən deyil, onlardan götürülən mənfəətdən yararlanmaq barədə razılaşdılar. ABŞ və Böyük Britaniya aktivlərin tam müsadirəsinə çağırsalar da, bəzi Aİ ölkələri mümkün mənfi nəticələrə görə bu ideyanı dəstəkləməyiblər.

“Bloomberg”in mənbələri bu ölkələrin mövqeyinə Səudiyyə Ərəbistanının xəbərdarlığının təsir göstərdiyini iddia ediblər. Amma onlar Ər-Riyadın belə addımının qiymətli kağızlar bazarına ciddi təsir edə bilmək imkanına malik olmadığına da diqqət çəkiblər.

“Səudiyyə Ərəbistanının avroya və Fransa istiqrazlarına yatırımı hətta on milyardlarla avroya çata bilsə də belə, bu satış bazarına əhəmiyyətli dərəcədə təsir etmək üçün kifayət deyil. Bununla belə, Avropa rəsmiləri başqa ölkələrin də Səudiyyə Ərəbistanının nümunəsini təkrarlaya biləcəyindən narahat idilər”, - nəşrin mənbələrindəın biri vurğulayıb.

Lakin Ər-Riyada belə təhdidlərlə hədələməyin xas olmadığını qeyd edən Səudiyyə Krallığının adı çəkilməyən məmurlarından biri, sadəcə, G7 ölkələrinə, yəqin ki, belə nəticənin mümkün ola bilməsinin çatdırıldığını deyib.

Yayılan məlumata dərhal reaksiya verən Ər-Riyad ümumiyyətlə bu iddiaları təkzib edib.

“Belə təhdidlər olmayıb. G7 və digər ölkələrlə münasibətlərimiz qarşılıqlı hörmətə əsaslanır və biz qlobal artımı təşviq edən, beynəlxalq maliyyə sisteminin dayanıqlığını artıran bütün məsələlərlə bağlı müzakirələr aparmaqda davam edirik”, - Səudiyyə Ərəbistanının Maliyyə nazirliyinin “Bloomberg” nəşrinə verdiyi açıqlamada vurğulanır.

Qeyd edək ki, G7 liderlərinin razılaşmasına əsasən, Rusiyanın Qərbdə dondurulmuş aktivlərinin istifadəsindən alınan gəlirlər hesabına Ukraynaya kredit veriləcək. Ümumiyyətlə isə, bu ilin sonuna qədər Kiyevə 50 milyard dollar veriləcəyi gözlənilir. Lakin ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya və İtaliyanın dəqiq payları hələ müəyyən edilməyib.

Rusiyanın Xarici İşlər nazirliyi Moskvanın bu addıma qarşı mümkün iqtisadi-siyasi əks tədbirlər planı hazırladığını bəyan edib.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Səudiyyə   G7  





Xəbər lenti