Gürcü spiker Oqtay Əsədovla görüşdü- Foto

Gürcü spiker Oqtay Əsədovla görüşdü- Foto
  07 İyul 2014    Oxunub:900
Gürcüstan parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyəti iyulun 7-də Azərbaycan Respublikasının Milli Məclisində olub.

Gürcüstan parlamentinin sədri Milli Məclisin inzibati binası, iclas zalı və Heydər Əliyev xatirə zalı ilə tanış olub. Xatirə zalında ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər, eksponatlar David Usupaşvilidə dərin təəssürat yaradıb. Qonaq xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Milli Məclisin sədri Oqtay Əsədov və Gürcüstan parlamentinin sədri David Usupaşvili arasında təkbətək görüş keçirilmişdir.
Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Oqtay Əsədov bildirib ki, bu cür səfərlər ölkələrimiz, eləcə də parlamentlərimiz arasındakı əlaqələrin inkişafına öz töhfəsini verir.

Azərbaycan-Gürcüstan əlaqələrinin qədim tarixi köklərə malik olduğunu xatırladan Milli Məclisin sədri qeyd etmişdir ki, hər iki ölkənin xalqları arasında da dostluq və qardaşlıq münasibətləri vardır. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra əlaqələr yeni müstəviyə qalxmışdır. Sevindirici haldır ki, bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin möhkəm hüquqi bazaya malik olduğunu deyən Oqtay Əsədov vurğulayıb ki, bu günə qədər iki ölkə arasında 100-dən artıq ikitərəfli sənəd imzalanıb. Ötən il ölkələrimiz arasındakı ticarət dövriyyəsi 660 milyon dollardan yuxarı olub.

Azərbaycanın və Gürcüstanın iştirakı ilə regionda reallaşdırılan irimiqyaslı layihələrə toxunan Oqtay Əsədov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilin sonuna qədər yekunlaşacağını qeyd edib.

Milli Məclisin sədri hər iki ölkənin parlamentləri arasında da yüksək səviyyəli münasibətlərin olduğunu bildirib, əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinin önəmini qeyd edib.

O.Əsədov hər iki ölkənin parlament nümayəndələrinin beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmələrinin əhəmiyyətli olduğunu vurğulayıb.

Oqtay Əsədov Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə üçtərəfli formatda keçirilən görüşlərin önəmli olduğunu bildirmiş, bu cür görüşlərin parlamentlərin komitələri arasında da keçirilməsini yüksək qiymətləndirib.

Azərbaycanda səfərdə olmasından məmnunluğunu bildirən Gürcüstan parlamentinin sədri David Usupaşvili bu görüşün iki ölkə arasındakı münasibətlərin müzakirəsi baxımından önəm kəsb etdiyini bildirib. D.Usupaşvili deyib: “Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədədir. Biz bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsini istəyirik. Bütün əsas məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür”.

D.Usupaşvili iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rol oynadığını bildirib.
Gürcüstan parlamentinin sədri, həmçinin ölkələrimizin birgə həyata keçirdikləri layihələrin əhəmiyyətini vurğulayıb.


Teqlər:





Xəbər lenti