Həbsdən çıxan rəisdən yeni xəbər - VİDEO

Həbsdən çıxan rəisdən yeni xəbər - VİDEO
  05 İyul 2014    Oxunub:2087
Türkiyədə 17 dekabr rüşvət əməliyyatında saxlanılan azərbaycanlı məmur, Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Azərbaycana göndərilib.
ANS TV-nin məlumatına görə, Mirməhəmməd Seyidov ötən ilin dekabrında Qars hava limanında Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həbs edilmişdi.

Dilucu sərhəd keçid məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi, 10 daşıma şirkətinin sahibi olmaqla, ümumilikdə 17 nəfər saxlanılmışdı.

Bu, Türkiyədəki antikorrupsiya və rüşvət əməliyyatının AKP iqtidarını silkələdiyi günlərdə baş vermişdi və o zaman azərbaycanlı vəzifə sahibinin həbsi bir sıra ehtimallara yol açmışdı. Məsələn, hesab edirdilər ki, Seyidovun həbsində əsas məqsəd Azəbaycanda hansı məmurun çirkli pul daşımalarına nə dərəcədə bulaşdığını müəyyən etməkdir.

Amma bu, yeganə ehtimal deyildi. Türkiyəli yükdaşıyan sürücülərin şikayəti əsasında saxlanılan Seyidovun Qars gömrük məmurlarına rüşvət verilməsi, qaçaqmalçılıq və korrupsiya cinayətlərində əlinin olduğu bildirilirdi.

Qeyd edək ki, Azərbaycanın vəzifəli şəxsinin xarici ölkənin polisi tərəfindən həbs edilməsi rast gəlinməyən hadisə idi və əlbəttə ki, kifayət qədər ciddi qalmaqala səbəb ola bilərdi. Sadəcə o günlərdə Türkiyədə nazir və nazir övladlarının, o cümlədən populyar iş adamlarının həbsi Mirməhəmməd Seyidovu ikinci plana atdı və bu məsələyə nə Azərbaycanda, nə Türkiyədə ciddi reaksiya verən oldu.

Həbs olunanların mart ayında buraxılması Mirməhəmməd Seyidovun da həbsdən buraxılacağını düşünməyə əsas verirdi. Amma belə olmadı. Seyidov daha 4 ay həbsdə yatdı və o, yalnız bu gün öz azadlığına qovuşdu. Onun birbaşa evinə gedəcəyi, yoxsa Bakıda hüquq-mühafizə orqanlarının nəzarəti altına alınacağı isə bəlli deyil.

Yeri gəlmişkən, Mirməhəmməd Seyidovun qardaşı, Binəqədi rayonunun sabiq prokuroru Mirələkbər Seyidov da ötən ilin iyulunda dələduzluqda günahlandırılaraq prokurorluq orqanlarından xaric edilib. Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirilən sabiq prokurora 2 il sınaq müddəti olmaqla 7 il şərti cəza kəsilib. O, hazırda Fransada yaşayan Elşad Abdullayevin şikayəti əsasında məsuliyyətə cəlb olunub.




Teqlər:





Xəbər lenti