Dini dəyərlərin birləşdiyi Azərbaycan

Dini dəyərlərin birləşdiyi Azərbaycan
  04 İyul 2014    Oxunub:1584
İSTİQAMƏT

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

MÖVZU

Azərbaycan dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir

Azərbaycan Respublikası Konstitusiyası, 48-ci maddə: hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir.

Din dünyada bütün insanların, xalqların, millətlərin həyatlarında dərin izlər qoyub, onların bəşəri baxışlarına istiqamət verib. Lakin az-az xalqlar var ki, onların təfəkkürlərinin formalaşmasında bir neçə dinin mənəvi dəyərləri rol oynasın. Belələrindən biri Azərbaycan xalqıdır.

Azərbaycanda xristianlığın təxminən 2 min yaşı var. Bu fakta görə, ölkəmiz xristianlığın meydana çıxdığı bölgə ilə müqayisə edilə bilər. Dini rəvayətlərə görə, 71-ci ildə İsa Məsihin səhabələrindən biri olan, Azərbaycanda xristianlığı yaymağa çalışan Varfolomey Bakıda döyüşdə yaralanıb və çox keçmədən vəfat edib. Buna görə də xristianlıq tarixində Bakı da müqəddəs şəhərlərdən biri hesab olunur. VII əsrdən başlayaraq isə Azərbaycan tədricən islam ölkəsinə çevrilir. Lakin buna baxmayaraq burada yaşayan xristianlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Hətta xristianlığın bütün cərəyanlarının ölkədə genişlənməsi də bu dövrə təsadüf edir. Varlı və ya kasıb, alim və ya kəndli, cəmiyyətin hansı təbəqəsinə məxsusluğundan asılı olmayaraq, heç kim həmvətəninə münasibətini onun dini mənsubiyyətinə görə müəyyənləşdirməyib.
Knyaginya Elizavetta Fyodorovna Qüdsdə dəfn olunmasını vəsiyyət edir. Lakin Uzaq Uralda əzablı ölümlə həyatını itirən knyaginyanı siyasi qarmaqarışıqlıq üzündən Qüdsə gətirmək mümkünsüz görünür. Belə bir məqamda Hüseynağa xan Naxçıvanski qabağa durur və böyük xərc hesabına onun vəsiyyətini yerinə yetirir.

Ən maraqlı məqamlardan biri isə odur ki, eyni dinin bir-birini qəbul etməyən cərəyanları da Azərbaycanda biri digərinə dözümlülük nümayiş etdirir, qətiyyən qarşı tərəfi təkzib etmək niyyətinə düşmürlər. Sünni və şiələr, pravoslavlar, katoliklər, protestantlar və s. dindarlar bəzən bir-birinə qonşu olan ibadətgahlarda dini ayinlərini yerinə yetirirlər. Halbuki, nəinki digər islam ölkələrində, hətta xristian ölkələrinin əksəriyyətində belə sərbəstlik mövcud deyil. İndiki dövrdə Azərbaycanda dini vəziyyətin və dini dözümlüyün səviyyəsini müəyyən etmək üçün rəsmi fəaliyyət göstərən dini icmaların tərkibinə baxmaq kifayətdir. Bu günə kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 502 islam, 32 qeyri-islam təmayüllü dini icma qeydiyyata alınıb ki, sonunculardan 20-si xristianlığı, 8-i yəhudiliyi, 3-ü bəhailiyi, 1-i isə krişnaçılığı təmsil edir. Hazırda ölkəmizdə 1200-dən artıq məscid, 10 kilsə, 5 sinaqoq və 26 ibadət evi fəaliyyət göstərir.

Məhərrəmlik ayında Azərbaycanda sünnilər şiələrlə bərabər məclislər quraraq, öz məzhəb tolerantlıqlarını göstərirlər. İslam Peyğəmbərinin doğum günündə məzhəblərarası mühitin sağlam olması daha çox diqqəti cəlb edir.

Dinlər insanlarla Tanrı arasında ünsiyyət vasitəsidir. Hər bir dinin mahiyyətində bir olan Tanrını, onun yaratdıqlarını sevmək dayanır. Deməli, digər dinə sitayiş edən insana qarşı qeyri-bəşəri münasibət sərgiləmək, ayrı-seçkiliyə yol vermək heç bir dini çərçivəyə uyğun gəlmir. Bu baxımdan Azərbaycanı “Tanrının yaratdıqlarını birmənalı sevən insanlar ölkəsi” kimi xarakterizə etsək, yanılmarıq. Elə ölkəmizə gələn dini konfessiya rəhbərləri də bu fərqliliyi dərhal sezirlər.
Dünya katoliklərinin ruhani rəhbəri, Roma Papası: “Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlülük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər”.

Rum Patriarxı I Varfolomey: “Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edir. Azərbaycanı çox sevdim. Bu ölkənin rifahı və xoşbəxtliyi üçün hər zaman dua edəcəm”.

II Aleksi: “Burada pravoslavlar heç bir sıxışdırmaya məruz qalmadan öz dinlərinə və əqidələrinə etiqad edirlər. Hətta bu cür şərait təəssüf ki bəzi pravoslav ölkələrdə belə yoxdur”.

Azərbaycan azsaylı dövlətlərdən biridir ki, onun tarixində dini zəmində münaqişə baş verməyib. Bəzən, ermənilərin zaman-zaman törətdiyi soyqırımları xristian-müsəlman davası kimi xarakterizə etməyə çalışırlar. Amma hamıya aydındır ki, bu lokal müharibələr böyük dövlətlərin Qafqaz regionunda qarmaqarışıqlıq yaratmaq siyasətindən başqa bir şey deyil. Məkrli ermənilər də bu siyasətin gözübağlı icraçılarıdır. Münaqişələr zamanı müsəlman azərbaycanlılarla yanaşı, rusları da, yəhudiləri də, ümumiyyətlə, qarşılarına çıxan hər kəsi məhv etməyə çalışan erməni caniləri əslində həmişə öz dinlərinə deyil, məkrli siyasətçilərə qulluq ediblər. Ermənistan kimi qonşudan fərqli olaraq, Azərbaycan ərazisində hansısa etnik qrupun kütləvi şəkildə ölkədən çıxarılması baş verməyib. Çox zəngin etnik tərkibə malik Azərbaycan ilk insan məskənlərindən biri olmaqla yanaşı, həm də dözümlülük mədəniyyətinin formalaşdığı azsaylı ərazilərdən biridir. Belə olmasaydı, dünyada dağ yəhudilərinin kompakt halda yaşaqları yeganə yaşayış məntəqəsi olan Qırmızı qəsəbə indiyədək mövcudluğunu qoruya bilməzdi.

Dünya ölkələrində dini tolerantlığın səviyyəsini öyrənən tədqiqatçılar Azərbaycanın bu sahədə qeyri-adi göstəricilərə malik olduğunu bəyan ediblər. Alimlər bu nəticəni aşağıdakı tolerantlıq nümunələri ilə əsaslandırıblar:
1. Azərbaycanda artıq 26 əsrdir ki yəhudilər yaşayır. Bu müddətdə indiyədək yəhudilər və azərbaycanlılar arasında heç bir dini və milli zəmində münaqişə baş verməyib. Əksinə, Azərbaycan xalqına qarşı törədilən genosidlər zamanı kütləvi şəkildə yəhudilərin də öldürülməsi faktları mövcuddur.
2. Qubadakı Qırmızı qəsəbə dünyada yəhudilərin İsraildən kənarda toplum şəkildə yaşadığı yeganə yaşayış məntəqəsidir.
3. Şəkidəki Kiş məbədi Qafqazda ən qədim kilsədir. İslamın yayılmasından sonra Azərbaycanda kütləvi şəkildə xristianlar yaşamasa da, Azərbaycan xalqı “Şərq kilsələrinin anası” adlandırılan bu abidəni indiyədək qoruyub saxlayıb.
4. 18-ci əsrdə Bakıda Zərdüştiliyə məxsus Atəşgah məbədi tikilib və fəaliyyət göstərməyə başlayıb. Halbuki, həmin dövrdə islam ehkamlarının Azərbaycan cəmiyyəti üzərində çox dərin təsiri var idi.
5. 19-cu əsrdə müsəlman qadınları Bakıda yanmış kilsənin bərpasına yardım məqsədilə öz aralarında xeyriyyə aksiyası keçiriblər və külli miqdarda zinət əşyaları yığaraq xristian icmasına çatdırıblar. Kilsə xadimi onlardan bu səxavətin səbəbini soruşanda “Allahın evi yanan şəhər fəlakətlərdən uzaq qaça bilməz” cavabını almışdı. Ümumiyyətlə, Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına ianələr toplanması tarixi keçmişimizdən qalan ənənələrdən biridir. XIX əsrin sonlarında Bakıda “Qızıllı kilsə” kimi tanınan “Aleksandr Nevski” kilsəsinin inşası üçün toplanmış yardımın böyük hissəsinin müsəlmanlar tərəfindən verilməsi dünya tolerantlıq nümunələrindəndir.
6. Əvvəllər “Jon Mironosets” adlandırılan Bakı Rus Pravoslav Baş Kafedral kilsəsini Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev tikdirib. 1920-ci ildə qapısı bağlanan kilsə sonralar anbar kimi istifadə olunub və tədricən dağılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra yenidən azərbaycanlı sahibkar tərəfindən təmir edilib və pravoslavların əsas ibadət evlərindən birinə çevrilib. 2001-ci ildə Azərbaycanda səfərdə olan Moskva və Ümumrusiya patriarxı II Aleksi bu ibadətgaha baş kafedral kilsə statusu verib.
7. Qədim Alban abidəsi olan “Kürmük” kilsəsi ildə 2 dəfə - may və noyabr aylarında müsəlman azərbaycanlılar və xristian gürcülər tərəfindən ziyarət olunur və burada birlikdə dini mərasimlər keçirilir. Bu, dünyada belə formada keçirilən yeganə dini mərasimdir.
8. 2003-cü ildə Bakıda “Aşkenazi” yəhudi sinaqoqu dindarların istifadəsinə verilib. Sinaqoq köhnə məbədin yerində tikilib. Avropada ən böyük sinaqoq hesab olunan bu ibadətgahın tikintisi yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, Rus-Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının maliyyə köməyi hesabına başa gəlib.
9. Papa II Paulun 2002-ci ildə Azərbaycana səfəri zamanı katolik kilsəsinin tikintisi üçün torpaq sahəsi ayrılıb və 2008-ci ildə yeni kilsə dindarların ixtiyarına verilib.
10. Azərbaycan prezidenti dağ yəhudiləri üçün yeni sinaqoqun inşasının təşəbbüskarı olub və onun açılışında iştirak edib.
11. Azərbaycan dövləti yalnız ölkə daxilində deyil, bütün dünyada tolerantlıq nümunəsi göstərir. Rəsmi Bakı tərəfindən Serbiyada həm məscidin, həm də kilsənin bərpa etdirilməsi belə nümunələrdən biridir.

Bütün bu sitatlar dünyada analoqu olmayan faktlara söykənir. İndiyədək tarixdə heç bir ölkədə müsəlmanlar, xristianlar və yəhudilər birləşərək dini ibadətgah tikintisində, dini mərasimlərdə iştirak etməmişdi. Azərbaycan tarixində isə belə hadisələr kifayət qədərdi.

Regionda ilk dəfə olaraq 16 noyabr Beynəlxalq Tolerantlıq Günü Azərbaycanda qeyd edilməyə başlayıb. 15 il öncə həmin gündə Azərbaycandakı bütün dini konfessiyaların başçılarının ümummilli lider Heydər Əliyevin yanında görüşü olub. Bununla, Azərbaycan dövlətinin bütün müxtəlif dini inanclı insanlara eyni münasibət bəslədiyi, ayrı-ayrı dini etiqada sitayiş edən insanlar arasında fərq qoymadığı bir daha nümayiş etdirilib. Ümummilli liderin bünövrəsini qoyduğu bu tolerantlıq nümunəsi də artıq bir ənənəyə çevrilib.


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün


Mirvari Nəzərova


Teqlər:  





Xəbər lenti