Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Qəhrəman bütün laçınlıları salamlayaraq, 30 ilə yaxın davam edən Vətən həsrətinin sona yetdiyini və Laçının toylu-büsatlı günlərə qovuşduğunu böyük şükranlıqla vurğulayıb. Bildirib ki, bu gün Laçının gözəlliyi bütün görənləri valeh edir.
Şuşadan başlayan “Xarıbülbül” festivalının Laçında davam etməsini yüksək qiymətləndirən şair bunu qala-şəhərin qardaş payı kimi qiymətləndirib. O, festivalın təşkilatçılarına minnətdarlığını bildirərək, hər kəsi maraqlı konsert proqramına baxmağa dəvət edib.
Konsertdə həmçinin Xalq artistləri Aygün Kazımova, Nazpəri Dostəliyeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, Elnarə Abdullayeva və digərləri tanınmış aşıqlarımızla duet oxuyublar.
Festival bütün iştirakçıların ifasında “Bütöv Azərbaycan” mahnısının sədaları altında başa çatıb.
Xatırladaq ki, “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 11-də Şuşada başlamışdı.
AzVision.az