Gömrük baxışında psixotrop maddələr aşkarlanıb

   Gömrük baxışında psixotrop maddələr aşkarlanıb
  12 Mart 2024    Oxunub:703
Poçt və ekspres daşımalar gömrük postunda gömrük orqanına “dərman və siqaret” olaraq bəyan edilən bağlamaya gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az -a bildirilib ki, yoxlama nəticəsində xarici ölkəyə göndərilən bağlamadakı plastik qutudan 115 ədəd ağ-qəhvəyi rəngli, 60 ədəd ağ-göy rəngli kapsullar və onların arasında gizlədilmiş 1 ədəd polietilen paketdə qablaşdırılan toz halında predmet aşkar olunub.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə görə, 60 ədəd kapsulun tərkibində təsir maddəsinin ümumi miqdarı 3,0 qram olan tramadol, 115 ədəd kapsulun tərkibində təsir maddəsinin ümumi miqdarı 34,5 qram olan preqabalin, 1 ədəd sellofan paketdə təmiz çəkisi 0,919 qram olan ağ rəngli, kristalşəkilli psixotrop maddə - metamfetamin olduğu müəyyən edilib.

Qeyd edək ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I siyahısına, tramadol və preqabalin isə “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: gömrük   psixotrop-maddə  





Xəbər lenti