Qohumla niyə evlənmək olmaz? - Əqli və qüsurlu uşaqlar doğulacaq

 Qohumla niyə evlənmək olmaz? -  Əqli və qüsurlu uşaqlar doğulacaq
  12 Mart 2024    Oxunub:1204
Azərbaycanda qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur. Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov bildirib ki, qadağa əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir.
Klinik Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova AzVision.az-a açıqlamasında qərarın yerində və düzgün verildiyini qeyd edib:

"Azərbaycanda qohum evlilikləri geniş yayılıb və bu, yeni deyil, əvvəldən belədir. Ölkəmiz talassemiyanın geniş yayıldığı regionlara aiddir. Aparılan araşdırmalarla alimlər talassemiyanın yaranmasının bir səbəbi kimi qohum evliliklərini göstərirlər.

Bu evliliklərdən fiziki və əqli cəhətdən qüsurlu uşaqlar dünyaya gəlir".

Həkim-ginekoloq daha bir maraqlı məqama diqqət çəkib:

"Bəzən hesab edirlər ki, əmioğlu-əmiqızı evliliyində problem az, xalaoğlu-xalaqızı evliliyində çox ola bilər və yaxud əksinə. Bunun məsələyə aidiyyatı yoxdur. Ailədə birinci uşaq sağlam doğulsa da, ikinci uşaq qüsurlu ola bilir, 3-cü uşaq yenidən sağlam olur. Bu, birinci növbədə ən yaxın qohum evliliklərinə aiddir. Amma digər qohum evliliklərində də bu patologiyalar müşahidə oluna bilər".

T.Həsənova qeyd edib ki, əvvəllər təbabət o qədər də inkişaf etmədiyi üçün patologiyalı uşaqların doğulmasının qarşısını ala bilmirdilər.

"Amma indi təbabətin inkişafı, yeni metodlarla xəstəliklər vaxtında aşkarlanır və qüsurlu uşağın dünyaya gəlişinin qarşısı alınır. Lakin bunu hər kəs etdirirmi? Hamı buna ehtiyac duyurmu? Ailələr var ki, gəlini həkimə aparmır. Belə dünyagörüşlü insanlarla qüsurlu uşağın doğulması da çoxalacaq.

Ona görə hesab edirəm ki, tətbiqi nəzərdə tutulan qadağa düzgün atılmış addımdır və həkim kimi alqışlayıram. Bütün dünyaya, o cümlədən bizim xalqa sağlam gələcək, sərhədlərimizi qoruyacaq sağlam şəxslər, onları doğacaq sağlam analar lazımdır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti