“Çətin günlərimizdə Azərbaycan kömək edirdi”
AzVision.az AzərTAc-a istinadla xəbər verir ki, Belarus dövlətinin rəhbəri Aleksandr Lukaşenko bu sözləri bu gün Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşdə söyləyib.
A.Lukaşenkonun fikrincə, Azərbaycan Belarusa yaxın ölkələrdən biridir, bu iki dövlətin liderləri arasında ənənəvi səmimi münasibətlər vardır.
Belarus dövlətinin başçısı deyib: “Bizim bütün sahələrdə əməkdaşlığımız uğurla inkişaf edir. Müəyyən çətinliklərə və problemlərə baxmayaraq (onlar həmişə olur) bizim əməkdaşlığımızda qapalı mövzular yoxdur. Biz sizin üçün tam açıq ölkəyik, elə mal çeşidi yoxdur ki, biz onları sizə göndərə bilməyək və ya siz onları bizdə sata bilməyəsiniz. Müştərək müəssisələr yaradılması üçün heç bir maneə yoxdur və biz Azərbaycanda bu işi görürük”.
Aleksandr Lukaşenko vurğulayıb: “İstəyirəm yadda saxlayasınız ki, Belarus sizə çox yaxın bir ölkədir. Siz buraya sərmayə qoya bilərsiniz, biz sizi həmişə dəstəkləyəcəyik. Azərbaycan bizim üçün prioritet dövlətlərdən biridir. Belarusda yaxşı xatırlayırıq ki, bizdə çox çətin vəziyyət yarananda siz, sözün əsl mənasında, bir neçə gün ərzində bizə dostcasına kömək göstərdiniz. Biz sizin ən yaxın dostlarınızıq və bütün problemlərinizin həllində maraqlıyıq. Bu baxımdan, biz nə isə edə biləriksə, siz bizə bel bağlaya bilərsiniz”.
Artur Rasizadə öz növbəsində qeyd edib ki, Azərbaycan Belarusla münasibətləri çox yüksək qiymətləndirir, onu özünə qardaş ölkə hesab edir. Azərbaycanın Baş naziri müsahibini əmin edərək demişdir: “Biz bu münasibətləri bütün istiqamətlər üzrə – həm siyasətdə, həm iqtisadiyyatda, həm də humanitar sahədə daha yüksək səviyyəyə çatdırmaq üçün bundan sonra da nə lazımdırsa, edəcəyik. Biz Belarusu hər cəhətdən dəstəkləməyə həmişə hazırıq”.