Azərbaycanda yaradıcı sənayelər həftəsi keçiriləcək

   Azərbaycanda yaradıcı sənayelər həftəsi keçiriləcək
  17 Noyabr 2023    Oxunub:1892
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2023-cü ilin 27 noyabr – 3 dekabr tarixlərində “Yaradıcı Həftə” təşkil ediləcək.
Yaradıcılıq layihəsi Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə bağlı həyata keçiriləcək.

Layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.

Müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, onlarla beynəlxalq və yerli təşkilatın nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklərin iştirakı ilə təşkil olunan bu həftə çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək, ölkəmizdə ilk dəfə “Musiqi Sənayesi Platforması”nın yaradılması istiqamətində addımlar atılacaq.

Eyni zamanda “Yaradıcı Həftə”də kreativ məhsulların sərgisi, hakatonlar, yaradıcı diskusiyalar, müsabiqələr, festivallar, təqdimatlar və digər tədbirlərin keçirilməsi planlaşdırılır.
AzVision.az


Teqlər:





Xəbər lenti