Gələn il hansı rayonlar büdcədən pul ala bilməyəcək?

   Gələn il hansı rayonlar    büdcədən pul ala bilməyəcək?
  02 Noyabr 2023    Oxunub:1010
"2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 7 rayona vəsait ayrılacaq. Bu il büdcədən dəstək alan Lerik rayonu gələn il öz gəlirləri hesabına dolanmalıdır.
AzVision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu o deməkdir ki, növbəti il 59 rayon və şəhər yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək:

"Dövlət büdcəsindən 2022-ci ildə 14 rayona vəsait ayrılmışdı. Göründüyü kimi, son illər hər il əvvəlki ilə nisbətən dövlət büdcəsindən pul alan rayonların sayı azalır. Layihəyə əsasən, gələn il Cəbrayıl 1 milyon 214 min manat, Xocavənd 1 milyon 229 min manat, Xocalı 1 milyon 73 min manat, Kəlbəcər 1 milyon 945 min manat, Laçın 1 milyon 401 min manat, Yardımlı 1 milyon 863 min manat və Zəngilan 623 min manat dövlət büdcəsindən vəsait ala biləcəklər. Bu rayonlarımız büdcədən 9 milyon 348 min manat alacaqlar. Bu il bu rəqəm 12 milyon 306 min manat idi. Bütün rayonlar üzrə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi gələn il azaldılacaq.

Gələn il büdcədən vəsait alacaq 7 rayonun altısı Qarabağ və Şərqi Zəngəzirda yerləşir. İşğaldan azad olunan ərazilərimizdən kənarda sadəcə Yardımlı rayonu dövlət büdcəsindən dəstək ala biləcək. Özünü maliyyələşdirəcək rayonların sayının artması dövlət büdcəsindən asılılığın aradan qaldırılması baxımdan vacibdir. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, həmin rayonlara daha çox sərmayə cəlbinin təşviq edilməsi çox vacibdir".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti