Əli Həsənov Zeynəb Xanlarovadan danışdı

Əli Həsənov Zeynəb Xanlarovadan danışdı
  15 Aprel 2013    Oxunub:1394
“Zeynəb xanımı öz tərəfinə çəkmək, müəyyən siyasi məqsədlər naminə istifadə etmək heç bir müxalifət partiyasına və yaxud müxalifətçiyə nəsib olmayıb”
“Zeynəb xanım Azərbaycan mədəniyyətinin çox görkəmli nümayəndələrindən biridir. Neçə illərdir xalqımızı ölkə daxilində və xaricdə tərənnüm edir, SSRİ-nin, sovet və müstəqil Azərbaycanın ən yüksək fəxri adlarını, orden və medallarını daşıyır. O, həm də tanınmış ictimai xadimdir, Azərbaycan parlamentində öz seçicilərini təmsil edir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov son günlər bəzi mətbuat orqanlarında millət vəkili və xalq artisti Zeynəb Xanlarova haqqında iqtidaryönlü “Kaspi” qəzetində dərc olunmuş tənqidi yazı ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Nardaran kəndində Zeynəb Xanlarovanın bağ evinin yandırılması və hadisənin törədilməsində şübhəli bilinən şəxslərin saxlaması ilə bağlı açıqlaması millət vəkilinin etirazına səbəb olub. Bəzi müxalifyönlü mətbuat orqanları Zeynəb Xanlarovanın bu açıqlamalarına istinad edərək, onun iqtidarla yolunun ayrıldığını da yazıb.

Ə. Həsənov isə bu cür yazıların doğru olmadığını bildirib: “Zeynəb xanım həmişə dövlətə və dövlətçiliyə xidmət göstərib, bütün dövrlərdə ölkə rəhbərləri ilə yaxın təmasa malik olub, hakimiyyətlə birbaşa bağlığı ilə tanınıb. Hələ indiyə qədər Zeynəb xanımı öz tərəfinə çəkmək, müəyyən siyasi məqsədlər naminə istifadə etmək heç bir müxalifət partiyasına və yaxud müxalifətçiyə nəsib olmayıb. Bugünkü müxalifət də təpədən-dırnağa qədər öz dövlətinə və millətinə bağlı olan bu insanı, nə qədər çalışsa belə, hakimiyyətə, ölkə başçısına qarşı qoya bilməyəcək”.

Şöbə müdiri qeyd edib ki, Z. Xanlarova Azərbaycan mədəniyyət xəzinəsinin incilərindən biridir: “O, mahir sənətkardır, lakin yetkin siyasətçi deyil. O, bəzən bəyanat və açıqlamalarını emosional formada səsləndirir, onları ütülü formaya salaraq cəmiyyətə təqdim etmir. “Kaspi” qəzeti də, əlbəttə, nə qədər iqtidaryönlü olursa-olsun, bəlli bir jurnalist kollektivinin çalışdığı müstəqil mətbuat orqanıdır. Hər bir media vasitəsi kimi, “Kaspi”nin də öz dəst-xətti, fərqli üslubu var, burada çalışanlar ölkədə baş verən hadisələrlə bağlı məxsusi mövqeyə malikdirlər. Onlar da Zeynəb Xanlarovanı daim öz yanlarında, düşündükləri, təsəvvür etdikləri kimi görmək istəyirlər. Burada qeyri-adi bir şey yoxdur. Lakin hakimiyyət olaraq biz Zeynəb Xanlarovanı daim dövlətin, dövlətçiliyin və xalqın tərəfində görürük. Zeynəb xanımı Əkrəm Naibov, Rüstəm İbrahimbəyov kimilərinin sırasında görmək istəyənlər yanılırlar.

O ki qaldı Zeynəb xanımın Daxili İşlər Nazirliyinin açıqlamasına münasibətinə, qeyd etməliyəm ki, daxili işlər orqanlarının başlıca vəzifələrindən biri ölkədə sabitliyi, ictimai asayişi, vətəndaşların mülkiyyətini, əmlakını qorumaq, habelə bu işə xələl gətirən insanları müəyyənləşdirərək məsuliyyətə cəlb etməkdir. Zeynəb xanımın reaksiyasına Daxili İşlər Nazirliyi münasibət bildirib və bu məsələni artıq bitmiş hesab etmək olar”.



Teqlər:





Xəbər lenti