“Müxalifət fikirlərimi niyə səhv başa düşür?”

“Müxalifət fikirlərimi niyə səhv başa düşür?”
  15 Aprel 2013    Oxunub:1189
“Müxalifətlə bağlı dediklərimin nə Sabir Rüstəmxanlıya nə də başqasına qətiyyən aiddiyatı yoxdur”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun “Yeni Müsavat”a müsahibəsində müxalifətin bir araya gəlməsi ilə bağlı dedikləri digər partiyaların sərt reaksiyasına səbəb olub.

Vətəndaş Həmrəyliyi Partiyasından da S.Cəlaloğluya cavab gecikməyib və onun dediklərinə etiraz ediblər.

Belə ki, ADP sədri bildirib ki, “ Bir var biz kimi müxalifət hesab edirik, bir də var kim özünü müxalifət hesab edir. Biz ikinciləri də dəvət edirik. Bu baxımdan bu prosesdə çevrə artıq genişləndirilib. Məsələn, Ədalət Partiyasının sədri İlyas İsmayılov özünü müxalifətçi hesab edir, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Sabir Rüstəmxanlı da o sıradan”

Bu sözlərlə bağlı Sərdar Cəlaloğlu AzVision.az-a açıqlama verib. Dediklərinin yalnış anlaşıldığını bildirib.

“VHP-nin dediyi kim müxalifətçi olub nə edib, nə eləməyik məsələsi başqa məsələdir. Mən Sabir Rüstəmxanlıyla yaxın dostam. Mən onu siyasətdən çox böyük bir azərbaycanlı şairi kimi, Azərbaycan Xalq Hərəkatının tribunu kimi tanıyıram. Və mənə elə gəlir ki, bir siyasi mövqe nümayiş etdirmək bu dediyim epitetlərin yanında boş bir şeydir. Ona görə Sabir Rüstəmxanlını daha yüksək qiymətləndirirəm.”

Sərdar Cəlaloğlu bildirib ki, müxalifətlə bağlı dediklərinin nə Sabir Rüstəmxanlıya nə də başqasına qətiyyən aiddiyatı yoxdur. “Bu gün müəyyən qüvvələr müxalifətin birliyindən söhbət gedəndə deyirlər ki, filankəs müxalifətdir, filankəs müxalif deyil. Biz belə fikriləşdik ki, bu prinsipi dəyişək. Bir tədbir təşkil edək və biz təyin etməyək kim müxalifətdir kim yox. Elan edək ki, Azərbaycanda kim özünü müxalifət hesab edirsə, istənilən adam həmin tədbirə qoşulsun. Burada həm mən özümü müxalifət hesab edirəm, həm Sabir Rüstıəmxanlı həm də bir başqası. Burada inciməli heçnə yoxdur”.

Sərdar Cəlaloğlunun sözlərinin səhv anlaşılmasından narahatdır.
“Bilirsiniz, Azərbaycanda qəribə bir şey var ki, insanlar elə bil ki, sözləri ya başa düşmür, ya da başa düşmək istəmir. Mən demişəm ki, biri var ki, kimsə kimisə müxalifət hesab eləsin, birdə var ki o insan özü-özünü müxalifət hesab eləsin. Əgər Sabir Rüstəmxanlı özünü müxalifət hesab edirsə, o mən dediyim kateqoriyaya daxil olur. Amma tutaq ki, Müsavat Partiyası ittifaqa gələndə onunla ittifaqa getmir ki? Müsavat AXCP ilə gedir. Niyə getmir? Belə hesab edir ki, tutaq ki, Vətəndaş Həmrəyliyi Partiyası bir o qədər də müxalifət partiyası hesab olunmur. Çünki Müsavat Partiyasına görə, parlamentə getmək nəinki müxalifət hətta vətənə xəyanətdir”.

ADP sədri YAP-da olan, ölkədəki vəziyyəti dəyişmək istəyənləri də həmin tədbirə dəvət edib: “Biz deyirik ki, ölkədəki rejimi dəyişmək istəyənlər bura gəlsin. Hakimiyyəti dəyişmək yox, rejimi dəyişmək. ABŞ dəfələrlə deyir ki, biz hakimiyyəti islahatlar aparmağa çalışmışıq. İndi biz də deyirik ki, bu ölkədəki vəziyyəti dəyişmək istəyənlər gəlsin, danışaq müzakirə edək. Gələnlər arasında iqtidardan olanlar da ola bilər. Fazil Mustafa, Qüdrət Həsənquliyev, İlyas bəy, Sabir bəyin və digər siyasətçilərin, hətta YAP-ın özündə olan ayrı-ayrı funksionerlərin də ölkədəki vəziyyəti dəyişməsi zərurətinin vurğulaması ilə bağlı fikirlər eşitmişik. Yəni indi bu fikirdə olan insanlar bir araya gəlsin, görək nə edə bilirik?”-deyə, Sərdar Cəlaloğlu əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti