Bakıda 45 min insan bu konserti izlədi

  Bakıda 45 min insan bu konserti izlədi
  03 Sentyabr 2023    Oxunub:2950
Dünyaca məşhur "İmagine Dragons" qrupunun izdihamlı konserti baş tutub.
AzVision.az xəbər verir ki, Amerikanın dünyaca məşhur “Imagine Dragons” rok qrupu “Mercury World Tour” dünya turu çərçivəsində Bakıda konsert verib.

Stadionları pərəstişkar kütləsi ilə doldurmaqda çətinlik çəkməyən, hər addımda rekordlara imza atan, “Qremmi” musiqi mükafatına layiq görülən və dünyanın ən böyük rok qruplarından biri sayılan Las Veqas kvarteti Bakı Olimpiya Stadionunda öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edib.

Məşhur qrupun konsertini 45 min tamaşaçı canlı izləyib. Minlərlə azərbaycanlı azarkeşdən əlavə, konsertə Rusiya, Çin, Ukrayna, Qazaxıstan və başqa ölkələrdən fanatlar gəlib. Sənətçi iki saat ərzində "I'm So Sorry", "Next to me", "Whatever it Takes", "Enemy", "Bones", "Radioactive", "Thunder" və başqa mahnılarını səsləndirib.

Tamaşaçıların uzun müddət unutmayacağı, mükəmməl konsert “iTicket Production” və “A+A events” təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, “Imagine Dragons” 2008-ci ildə Las-Veqasda (Nevada ştatı) yaradılan amerikan pop-qrupudur. Qrup dörd nəfərdən ibarətdir: frontmen Den Reynolds, bas-gitaraçı Ben Maki, gitaraçı Ueyn Sermon və təbilçi Den Platsman. Qrup 2012-ci ildə “Night Visions” debüt studiya albomunun buraxılmasından sonra məşhur olub. Amerikanın “Billboard” jurnalı onları 2013-cü ilin ən parlaq ulduzları adlandırıb, “Rolling Stone” jurnalı isə onların “Radioactive” mahnısını ilin ən böyük rok hiti olduğunu qeyd edib. “Imagine Dragons” buraxdığı beş alboma görə 53 nüfuzlu musiqi mükafatı və 160 nominasiyaya layiq görülüb. Qrup, həmçinin üç “American Music Awards”, doqquz “Billboard Music Awards”, ən yaxşı rok ifasına görə “Qremmi” mükafatı, “MTV Video Music” mükafatı və ən yaxşı rok qrupuna görə “World Music” mükafatına layiq görülüb. 2018-ci ildə qrup dünyada ən populyar qrup kimi “Believer”, “Thunder” və “Radioactive” mahnıları ilə milyarddan çox baxış toplayan ilk rok qrup olaraq “Spotify”də rekord vurub.

AzVision.az

Qalereya




Teqlər: İmagineDragons  





Xəbər lenti