Günəş təhlükə saçır - ABŞ və Kanadada radiolar dayandı

      Günəş təhlükə saçır    - ABŞ və Kanadada radiolar dayandı
  11 Avqust 2023    Oxunub:2611
Ən yüksək intensivliyə malik ( X-sinif-red. ) günəş partlayışları ABŞ və Kanadada radioların kəsilməsinə səbəb olub. Günəş aktivliyinin pik həddə yaxınlaşması bütün planetdə GPS, peyklərə və enerji sisteminə təsir edə, elektrik şəbəkələrinin fəaliyyətini poza bilər.
AzVision.az xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.

Günəşdə 20 Yer ölçüsündə planeti uda biləcək partlayış olub
Qeyd edilir ki, ABŞ kosmik agentliyi (NASA ) avqustun 5 və 7-də Günəşin sağ bölümündə güclü partlayışlar qeydə alıb. Fizik Keyt Stronq isə Twitter profilində bildirib ki, günəşdən gələn rentgen və ultrabənövşəyi şüalar, radiasiya ABŞ -la Kanadanın böyük bir hissəsində radio rabitəsini pozub.

NASA-nın məlumatına görə, avqustun 7-də Yerə çatan şüaların gücü X1,5 olub. X-sinif partlayışları ən intensiv haldır, astronavtları təhlükəli radiasiyaya məruz qoya, həmçinin peyklərə zərər verə bilən arzuolunmaz kosmik hadisə sayılır.

Astronomlar 2023-cü ildə əvvəlki illə müqayisədə daha çox X sinfinə malik partlayışlar qeydə alıblar. Bu, günəş aktivliyinin pik nöqtəsinə yaxınlaşması ilə əlaqədardır.

Aktivliyin növbəti pik nöqtəsi isə 2025-ci ildə olacaq. Lakin günəş ləkələrinin və partlayışlar tezliyinin çoxalması növbəti pik nöqtənin daha tez, hətta 2023-cü ilin sonunda olacağını göstərir. Günəşin maksimum aktivliyi sonuncu dəfə 2012 və 2014-cü illər arasında olmuşdu.

Günəş radiasiyası atmosferin yuxarı təbəqələrindəki hissəcikləri ionlaşdıraraq qütb parıltılarına səbəb ola bilər. Yerin bu nöqtələrində yüksək tezlikli radio dalğaları yayılır. Buna görə də güclü partlayışlar radio siqnalların pisləşməsinə səbəb olur. 2023-cü ilin ən güclü partlayışı fevral ayında baş verib və o X2.2 sinfinə aid olmaqla radiosistemlərin fəaliyyətinin pozulması ilə nəticələndi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Günəş   Şüa   Peyk  





Xəbər lenti