Bağça müdiri olmaq istəyənlərin nəzərinə!

Bağça müdiri olmaq istəyənlərin nəzərinə!
  28 İyul 2023    Oxunub:1793
“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul Qaydaları”na əsasən, məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə elektron sistem üzərindən həyata keçiriləcək. Məktəbəqədər təhsil müəssisələrində vakant yerlər nazirliyin rəsmi internet səhifəsində elan ediləcək.
Elm və Təhsil Nazirliyindən (ETN) AzVision.az -a bildirilib ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaqlar.

Müsabiqənin ilkin mərhələsində elektron ərizələrin qəbulu həyata keçiriləcək. Test imtahanı mərhələsində hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumilikdə 60 sual təqdim edilir. İmtahanda hər namizədə 120 dəqiqə vaxt ayrılır.

Test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumilikdə 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində namizədlər aşağıdakı meyarlar əsasında 5 ballıq şkala ilə qiymətləndirilirlər:

- ünsiyyət və təqdimetmə bacarığı;

- liderlik və idarəetmə bacarığı;

- məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi.

Müsahibədə 3,5 və daha yüksək bal toplamış namizədlər həmin mərhələdən keçmiş hesab edilirlər. Müsahibə mərhələsinin nəticəsinə əsasən, namizədlərin vakant yerlərə yerləşdirilməsi yerli təhsili idarəetmə orqanının rəyinə uyğun olaraq komissiya tərəfindən aparılacaq.
AzVision.az


Teqlər:





Xəbər lenti